Qazaxda gənclər Aprel şəhidlərinin məzarlarını ziyarət ediblər
Azərbaycan
tarixinə "Aprel döyüşləri” kimi daxil olan dördgünlük müharibə
xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət oldu.
5 il öncə Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə
vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində
atılan həlledici addım oldu. Fərəhli haldır ki, Aprel döyüşlərinin beşinci
ildönümünü 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin qürurunu
yaşadığımız dövrdə qeyd etdik. Aprel
döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli
kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş
leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan
Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı. Ərazi
bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin, o
cümlədən də Aprel döyüşlərinin qəhrəmanlarının əziz xatirəsini böyük ehtiramla
anırıq. Bu gün Qazax
Rayon Gənclər və İdman İdarəsi tərəfindən könüllülərin iştirakı ilə Aprel
döyüşləri zamanı Qazax rayonunun Aslanbəyli kəndindən qəhrəmancasına şəhid
olmuş əsgər Əliyev Orxan Məhəmməd oğlunun və Fərəhli kəndindən şəhid olmuş
kapitan Orucov Mühüd Qurban oğlunun məzarları ziyarət olunub. Gənclər Vətən
oğullarının məzarları üzərinə tər qərənfillər düzərək şəhidlərimizə olan ehtiramlarını
bildiriblər. Qazax Rayon
Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və ziyarət mərasimində iştirak
edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və
şəhid ailələri ilə işin təşkili şöbəsinin
müdiri qazi,
kapitan Samir Çobanov çıxış edərək bildiriblər ki, Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər
qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün
dünya 5 il öncə şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq,
qəhrəmanlıq və məharət göstərdi. Aprel döyüşləri
öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə
vurdu və yenilməz Ermənistan ordusu mifini darmadağın etdi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin
başlanğıcı olan Aprel döyüşlərindən 5 il ötməsinə baxmayaraq xalqımızın nə o
şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unutmadığını, ildən-ilə
şəhidlərimizə olan hörmət və ehtiramımızın daha da artdığını qeyd ediblər. Bugünkü
ziyarətin də məhz bu məqsədə xidmət etdiyini, şəhidlərimizin döyüş yolunun, qəhrəmanlıqlarının
gələcək nəsillərə çatdırılmasında bir körpü rolunu oynadığını söyləyiblər.
Mühüd, Elvin, Orxan kimi oğullarımızla nəinki qazaxlıların, eləcə də bütöv Azərbaycanın
fəxr etdiyini qürur hissi ilə dilə gətiriblər. Şəhid atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi
diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından dərin minnətdarlığını çatdırıb. Bu
gün övladı Orxanın, eləcə də bütün şəhidlərimizin ruhunun şad olduğunu, qisaslarının
alındığını bildirib. Buna görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdar
olduğumuzu dilə gətirən şəhid atası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Kapitan Orucov Mühüd Qurban oğlunun məzarı Əsgər Əliyev Orxan Məhəmməd oğlunun məzarı Kapitan Orucov Mühüd Qurban oğlu Kapitan
Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində
anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və
2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində
Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı
ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi
uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor
Komandiri vəzifəsinə yüksəlmişdir. Dəfələrlə Fəxri
Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham
Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci
illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək
Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il
aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq "Şəhidlik” zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində
böyük izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən
sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham
Əliyevin 19 aprel
2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə
görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax Rayon Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazax şəhərinin mərkəzində
adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha
bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin
İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra
olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş
"Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant
Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır. Əsgər Əliyev Orxan Məhəmməd oğlu Əliyev
Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı
Texniki Kollecinə "Avtomobil nəqliyyatı”
şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə
həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə
getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində
gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi
qəhrəmanlığa görə Respublika Prezidenti İlham
Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı
ilə "Hərbi
xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə
təltif olunmuşdur. 2016-cı ildə Qazax Rayon Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşovun təşəbbüsü ilə şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq
tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və
"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək
İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır
ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli
filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin
əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab
yazılmışdır. GOYEZEN.AZ
Facebook-da paylaş