Əsas Səhifə > Gənclər > Qazaxda gənclər Aprel şəhidlərinin məzarlarını ziyarət ediblər
Qazaxda gənclər Aprel şəhidlərinin məzarlarını ziyarət ediblər14-04-2021, 22:49 |
Azərbaycan tarixinə "Aprel döyüşləri” kimi daxil olan dördgünlük müharibə xalqımızı böyük zəfərə aparan yolda əldə olunmuş çox əhəmiyyətli qalibiyyət oldu. 5 il öncə Aprel döyüşlərində xain düşmən üzərində qazanılan şanlı qələbə vaxtilə işğal altında olan tarixi torpaqlarımızın azad olunması istiqamətində atılan həlledici addım oldu. Fərəhli haldır ki, Aprel döyüşlərinin beşinci ildönümünü 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin qürurunu yaşadığımız dövrdə qeyd etdik. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu da ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı. Ərazi bütövlüyümüzün təmin edilməsi yolunda canından keçən bütün şəhidlərimizin, o cümlədən də Aprel döyüşlərinin qəhrəmanlarının əziz xatirəsini böyük ehtiramla anırıq. Bu gün Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən könüllülərin iştirakı ilə Aprel döyüşləri zamanı Qazax rayonunun Aslanbəyli kəndindən qəhrəmancasına şəhid olmuş əsgər Əliyev Orxan Məhəmməd oğlunun və Fərəhli kəndindən şəhid olmuş kapitan Orucov Mühüd Qurban oğlunun məzarları ziyarət olunub. Gənclər Vətən oğullarının məzarları üzərinə tər qərənfillər düzərək şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və ziyarət mərasimində iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanov çıxış edərək bildiriblər ki, Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya 5 il öncə şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq və məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu və yenilməz Ermənistan ordusu mifini darmadağın etdi. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin başlanğıcı olan Aprel döyüşlərindən 5 il ötməsinə baxmayaraq xalqımızın nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unutmadığını, ildən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımızın daha da artdığını qeyd ediblər. Bugünkü ziyarətin də məhz bu məqsədə xidmət etdiyini, şəhidlərimizin döyüş yolunun, qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılmasında bir körpü rolunu oynadığını söyləyiblər. Mühüd, Elvin, Orxan kimi oğullarımızla nəinki qazaxlıların, eləcə də bütöv Azərbaycanın fəxr etdiyini qürur hissi ilə dilə gətiriblər. Şəhid atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə ailəsi adından dərin minnətdarlığını çatdırıb. Bu gün övladı Orxanın, eləcə də bütün şəhidlərimizin ruhunun şad olduğunu, qisaslarının alındığını bildirib. Buna görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdar olduğumuzu dilə gətirən şəhid atası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Kapitan Orucov Mühüd Qurban oğlunun məzarı
Əsgər Əliyev Orxan Məhəmməd oğlunun məzarı
Kapitan Orucov Mühüd Qurban oğlu
Kapitan Orucov Mühüd Qurban oğlu 13 iyul 1984-cü ildə Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1999-2002-ci illərdə C.Naxçıvanski adına Hərbi Liseyi və 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişdir. 2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Zabit ixtisas kursunu bitirərək Azərbaycan Respublikası Müdafiə Nazirinin qərarı ilə Kəşfiyyat Tağım Komandiri vəzifəsinə təyin olunmuşdur. Xidmətdə göstərdiyi uğurlara görə qısa müddətdə Xüsusi Təyinatlı Qüvvələrin Kəşfiyyat Tabor Komandiri vəzifəsinə yüksəlmişdir. Dəfələrlə Fəxri Fərmanlarla və 5 medalla təltif olunmuşdur. 2014-cü ildə Ali Baş Komandan İlham Əliyev tərəfindən xatirə saatı ilə mükafatlandırılmışdır. 2008, 2014, 2015-ci illərdə Türkiyə Respublikasında müxtəlif kursları müvəffəqiyyətlə bitirərək Sertifikatlar almışdır. Ailəli idi. Əkiz oğul övladı yadigar qalıb. 2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Tərtər-Goranboy istiqamətində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq "Şəhidlik” zirvəsinə ucalmışdır. Aprelin 9-da doğulduğu Fərəhli kəndində böyük izdihamla dəfn olunmuşdur. Mühüd Orucov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilmişdir. 2016-cı ildə Qazax Rayon Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə Qazax şəhərinin mərkəzində adına bulaq kompleksi tikilmişdir. Eyni zamanda, xatirəsini əbədiləşdirən daha bir bulaq Fərəhli kəndinin girişində tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Mühüdüm-şəhidim” adlı kitab yazılmışdır. Əsgər Əliyev Orxan Məhəmməd oğlu
Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakı Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. 2016-cı ildə Qazax Rayon Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü ilə şəhərin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır. GOYEZEN.AZ Geri qayıt |