Qazaxda 10 Mart - Milli Teatr Gününə həsr olunmuş onlayn görüş keçirilib
10 Mart - Milli Teatr Günüdür. Bu gün milli teatrımız 148 illiyini qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə "Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında "Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Bu gün Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Səhnəni qur" layihəsi çərçivəsində 10 Mart - Milli Teatr Günü ilə bağlı Qazax Dövlət Dram Teatrının əməkdaşları ilə onlayn görüş keçirilib.
Tədbirdə teatrın baş rejissoru, Əməkdar artist Musa Eyyubov, rejissor Allahverdi Musayev, aktyorlar Yusif Qoca və Zəmanə Dərviş iştirak edib.
Görüşdə teatrın tarixi və repertuarı barədə gənclərə ətraflı məlumat verilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
GOYEZEN.AZ
Facebook-da paylaş