• Təqvim

  • Unutma

  • Maraq



“İsmayıl Şıxlı kimi dahi şəxsiyyətdən dərs almaq bir tələbə kimi mənim uğurumdur...”


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlı xalqımızın qəlbində əbədi yaşayır. 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olan, koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustasının xatirəsi hər zaman əziz tutulur. Qədirbilən xalqımız dəyərli ziyalımızın nə doğum gününü, nə də 1995-ci ilin 26 iyulunda gözlərini əbədi yumduğu günü unutmur. Hər zaman o günü hörmət və ehtiramla anır.

Xalq yazıçısının tələbəsi olmuş, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Bayramova da dəyərli müəllimini ən ülvi hisslərlə xatırlayır. İsmayıl Şıxlı məktəbindən dərs almağı, onun kimi şəxsiyyətin tələbəsi olmağı özünün bu həyatdakı uğurlarından biri sayır. Aygün müəllimə görkəmli ədibimizdən danışaraq onunla olan xatirələrini fəxr və qürurla söyləyir. 

- Təbiət özünü dərk etmək istəyəndə insanı yaratdı. Çünki insan təbiətin özünüdərketməsidir. Ondan ucası yoxdur. Xalq isə özünü dərk etmək istəyəndə mütəfəkkirlərini yetişdirir. Qazax sazlı, şeirli şairlər diyarıdır. Bu torpağın bəxş etdiyi mütəfəkkirlər Azərbaycan ədəbiyyatının dayaqlarıdır. Bu dayaqların möhkəmliliyi isə onların torpağa bağlılığıdır. 

Müdriklik insanın qanadı, ömürlük gəncliyi, dünyalarca dövlətidir. Sənətkar yalnız müdrikliyin zirvəsinə çatdıqdan sonra dönüb keçdiyi yola baxır və görür ki, həyatın bütün çətin mərhələlərindən keçmişdir. Müdriklik yalnız yaşa dolmaqla yox, həyatda qazandığı nailiyyətlərlə baş ucalığı sayılır. Müqəddəslik isə odur ki, onu itələyib palçığa yıxsan da təmizliyini saxlayır. Sənətkar anlayışının müqəddəsliklər adlı sərhədləri var. Bunlardan qırağa sənətkar yoxdur. Bu cür müqəddəsləşib müdrikləşən sənətkar isə ideala çevrilir. İdeal mayakdır. Mayak isə üfüqdür. İdeallıq isə elə bir müqəddəs dəryadır ki, biz hamımız onun sahilinə ziyarətə gəlirik – təmizlənməyə, yoldan çoxmu-azmı sapdığımızı görməyə, günahlarımızın az bir qismini də olsa xəcalət tərimizlə yumağa. Müqəddəslik, ideallıq isə igidlikdir. İsmayıl Şıxlı şəxsiyyəti də məhz belə ideallarımızdan biridir. 

İsmayıl Şıxlı sənətinin kökü xalqın ürəyinin başında, Azərbaycandadır. Buna görə də onun əsərlərində yarpız ətri, bülbül cəh-cəhi, Azərbaycan çörəyinin dadı-duzu var. Bu sənət torpaqdan cücərdiyi üçün onda sözlərin axarı təbii, hisslər səmimi, fikirlər ürəyəyatımlıdır. Xalqı tanımadan, sevmədən xalqın ürəyinə yol tapmaq, onun sevgisini qazanmaq mümkün deyil. İsmayıl Şıxlı haqqında o, xalqını tanıyır və sevirdi demək çox azdır. Ona görə ki, o, özü xalqın bir parçası, Vətən torpağının bir üzvü idi. Könlü Azərbaycandan heç vaxt ayrılmırdı. 

Qazaxı özünə qala, özünü isə ona qalaca hesab edən İsmayıl Şıxlı xalqın bütün ömür yolunu keçməklə, yalnız bu yollarda onun yaşadığını yaşamaqla, onunla ağlayıb gülməklə xalqın əsl övladı, yurdun əsl yurddaşı səviyyəsinə yüksəlmişdir. Dahi sənətkarlarımız Vətənin adlar siyahısında birinci olmaq bir yana, onun torpağında atılıb unudulmuş bir inci olmağı da xoşbəxtlik sanmışdır. İsmayıl Şıxlının anası onu Vətən üçün nemətlər xəzinəsi kimi dünyaya gətirmişdir. Onun arzusu, sevgisi, sevinci, kədəri, hətta, görkəmi də Vətən sərvətidir. Lakin yurdsevərlik, millətsevərlik yalnız haqqsevərlik olduqda gerçək olur. Xalqının haqsız tapdalanan qürurunu bir ömür boyu müdafiə edən yazarımız mən deyərdim ölmədi, şəhid oldu. 20 Yanvar günü Moskvanın ən ali zalında belə sözünü deməkdən çəkinmədi. Lakin “Sapı özümüzdən olan baltalar”ın xainliyi sarsıtdı onu. 

İsmayıl müəllimin tələbəsi kimi, onu yaxından tanıyan insan kimi, bu gün əminliklə deyə bilərəm ki, ölməz yazarımız bu gün yaşasaydı, azad olunmuş torpaqlarımızı, haqqımızı, hüququmuzu göz bəbəyi kimi qoruyub dünyaya meydan oxuyan Prezidentimiz İlham Əliyevin qeyrətini, özünü gözünü qırpmadan bu torpağa fəda edən şəhidlərimizin igidliyini, canlı şəhid olan qazilərimizin məğrurluğunu, bir oğlum olsa, onu da qurban verərdim deyən analarımızın dözümlülüyünü görsəydi fəxrlə deyərdi ki, mən bu ömrü hədər yaşamadım. 

Xalqa çevrilmiş sənətkarın arxasında el durur. Hər bir sənətkar öz xalqına, onun xoş gələcəyinə inanmalıdır. Əl işlərsə başı saxlar, baş işlərsə əli saxlar, baş ilə əl işlərsə eli saxlar. Lakin əllər yalnız yazmaq, yaratmaq üçün yox, həm də Vətən, xalq yolunda yumruq olmaq deməkdir. Biz bu dəmir yumruğu 44 günlük Vətən müharibəsində düşmənin başını əzməklə şahidi olduq. İsmayıl Şıxlı həqiqət, sadəlik, ləyaqət anlamına əməl etməyi bacaran sənətkar idi. Belə sənətkarlar başa düşürlər ki, dünyaya nə qoyub getsələr dünyadan da apardıqları yalnız o olacaqdır. Əsrlər keçsə də İsmayıl Şıxlı kimi ziyalılarımız xalqımızın ürəyində əbədi yaşayacaq və unudulmayacaqdır. 

İsmayıl Şıxlı yaradıcılığı küll halında dünya görmüş, sinəsi xəzinə, ağsaçlı, müdrik bir qocaya bənzəyir. Bu qocanın sinəsində xalqın nağıl və dastanları, aşıq mahnıları, iztirablı günlərin kədəri, xoşbəxt günlərin sevinci, fərəhi naxış bağlamışdır. Bu qoca ağsaçlı azəri xalqının simvoludur. Bəlkə də sənətkarın qəhrəmanlarından Azər babanın özüdür. 

İsmayıl Şıxlının doğma yurda, doğma elə tükənməz sevgisi, onun qohumluğa, həqiqətə, insanlığa vurğunluğu, dostluğu, fədakarlığı bu gün hər birimizə, xüsusilə də gələcək nəsillərə örnəkdir. Nə xoş mənə ki, İsmayıl Şıxlı kimi bir şəxsiyyətin tələbəsi olmaq, onu yaxından tanımaq, izləmək şansım olub. İsmayıl Şıxlı ölməyib, o, daim bizim qəlbimizdə yaşadı, yaşayır və yaşayacaqdır. Ruhun şad olsun xalqının böyük oğlu, ağsaqqalı!

GOYEZEN.AZ



Facebook-da paylaş