Zirvə qartalı
İnsan da göz açdığı dünyası kimi sirlidir. Ürəyindən baş alan min bir arzunun sehrində ömür-gününü el-oba üçün bu odlu-alovlu dünyanın sacında qovurğa edənlər də var. Hər ağrı-acıya biganə qalıb don olanlar da. Xalq yazıçısı İsmayıl Şıxlı məhz ömür-gününü el-oba üçün sac üstə qovurğa edən insanlardandır. O, yazıçı, müəllim, millət vəkili kimi həmişə xalqına, millətinə xidmət edir, 75 ildir ki, şərəfli bir ömür sürür. İsmayıl müəllim təkcə "Dəli Kür” əsəri ilə manqurtlaşmağa getdiyimiz bir zamanda 60-cı illərdə ədəbiyyatımıza əvəzolunmaz bir inci bağışladı. Mənəvi dəyəri, ictimai mahiyyəti ilə oxucusunu silkələyən bu əsər hər kəsi dünəni və sabahı ilə üz-üzə qoydu. Özünə qayıdışa köklədi...
Bu günlərdə mənalı bir ömür yaşayan İsmayıl Şıxlının anadan olmasının 75-ci ili tamam oldu. Hamı kimi öz şanlı, şöhrətli, el-oba təəssüblü böyük oğlunu təbrikə gələnlərdən biri də "Qazax Xeyriyyə” Cəmiyyəti idarə heyəti və ağsaqqallar Şurasının üzvləri Vidadi Babanlı, Teymur Bünyadov, Vidadi Bayramov, Həmid Abbas, Fərman Eyvazlı, Hüseyn Xəlilov, Qafar Sarıvəlli idi. Yazıçı ilə maraqlı söhbət hər birimizin ürəyincə oldu. Xatirələr dil açdı, yeni görüşlər, yeni söhbətlər həmişəyaşar yaddaşnaməyə köçdü...
Xatirələr dil açdı...
Vidadi BAYRAMOV:
İsmayıl qağa, bu gün "Qazax Xeyriyyə” Cəmiyyəti idarə heyəti və ağsaqqallar Şurasının bir qrupu böyük ürək şadlığı, xalq sevgisi ilə Sizin görüşünüzə gəlib. İnşallah, əsl yubiley təntənəsi xınalı payızda olacaq.
Teymur BÜNYADOV:
Əzizim, qardaşım, ürək dostum, sirdaşım İsmayıl! Səni anadan olmağının 75 illiyi münasibətilə təbrik edir, bağrıma basır, öpür, uzun ömür diləyirəm. Qardaşım, imkanı nəzərə alaraq, yalnız "Dəli Kür”lə bağlı bəzi anları yada salmaq istəyirəm.
"Dəli Kür” çıxandan sonra tezliklə ad-san çıxardı, hadisəyə çevrildi, sayıldı-seçildi. Xalqına da, müəllifinə də şan-şöhrət gətirdi. Hamı romanı oxudu, su kimi içdi. Çoxları ulularını, nəsillərini, köklərini əsərdə axtardı tapdı. Keçmişləri ilə fəxr etdi.
Maraqlı və mətləblə bağlı bir hadisəni xatırlamaq istəyirəm. Xaçmazın Bostançı kəndində sayılan, seçilən, ömrünü at belində keçirən Aydəmir adlı kişi yaşayırdı. Dostum Quliyev Şahpələngin atası idi. Onu çox görmüş, qeyrətlə bağlı, kişiliklə əlaqədar söhbətlərinin şahidi olmuşdum. Onun görkəmindən, iti baxışından, mərdlik qığılcımları yağır, ağayana davranışından müdriklik aşkarlanırdı. Bu el ağsaqqalı "Dəli Kür”ü təkrar-təkrar oxumaqdan doymaz, varlığını orada axtarardı. Özünü Cahandar ağa ilə qoşalaşdırar, yazıçı məni yazıb deyərdi. Müqəddəs kitablar kimi "Dəli Kür”ü yatağında yastığının altında saxlayardı. Hətta, övladlarına vəsiyyət etmişdi ki, mən öləndə "Dəli Kür”ü qəbrimdə başımın altına qoyun...
Aydəmir əmi vəfat etdi. Elə bil dünyanı yola salan ixtiyar palıd ağacı kökündən qopdu, yıxıldı. Oğlanları atalarının vəsiyyətini yerinə yetirmək istəyəndə anaları qəti etiraz elədi. "Dəli Kür”ü tez yastığının altından götürüb bağrına basdı, vermədi. Və bir qədər də yanıqlı və kövrək səslə "Sizlərə qurban olum, ay balalarım, ay el-obam, eşidin, bir Cahandar ağam getdi, biri də qoyun mənimlə qalsın. Özüm Aydəmirin yanına gedəndə aparar, başının altına qoyar, vəsiyyətini yerinə yetirərəm. Siz tanrı inciməyin...”
Həmid ABBAS:
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Rəyasət Heyətinin üzvləri seçilməliydik. Özü də on bir nəfərdən ibarət siyahı bütün mərhələlərdən razılıqla keçmişdi. Bir də gördüm İsmayıl qağa məni çağırıb dedi ki, mən istəmirəm. Dedim, qurban olum sənə, təzədən mən kimə deyim ki, İsmayıl qağanı çıxaraq, başqasını qoyaq, bu mümkün deyil. Onda elə oldu ki, sağ olsun, razılıq verdi, rəyasət heyətinin üzvü kimi qaldı. Bir yerdə işlədik.
Fərman EYVAZLI:
Bir neçə il bundan əvvəl İsmayıl qağa ilə Qaqrada istirahət edirdik. Mən "Qaçaq Kərəm” romanını yenicə qurtarmışdım. İsmayıl qağadan xahiş etdim ki, oxuyub fikrini desin. Sağ olsun, iyirmi dörd günün ərzində hər gün bir fəsil oxuyurdu, sonra isə müzakirə edirdik. Kitabla bağlı mənə bəzi məsləhətlər verirdi. Ondan sonra iki dəfə romanın üzərində işlədim. Qaçaq Kərəm "Dəli Kür”dəki Cahandar ağa obrazı ilə xaraktercə uyğun olduğuna görə İsmayıl qağanı yamanca tutmuşdu. Odur ki, əsərə böyük bir müqəddimə yazdı...
Fəridə LƏMAN:
İsmayıl müəllim, uzun müddətdən sonra ədəbiyyatımızda "Dəli Kür” əsəri ilə mərd, igid babalarımızın əsl obrazını gördük. Bu barədə fikriniz?
İsmayıl ŞIXLI:
Vallah, məndə qəribə bir xasiyyət var. Bəzən bir hekayənin üstündə də illərlə fikirləşirəm. Daşınıb, düşünürəm, sonra onu qələmə alıram. Hələ mən Bakı Pedaqoji İnstitutunun I kursunda oxuyanda "Dəli Kür” adlı əsər yazmaq fikrindəydim. 1937-ci ildə. Hətta, mənim mətbuatda çıxan ilk mətbu hekayəm də "Dəli Kür” adlanırdı. O zaman APİ-də "Lenin tərbiyəsi uğrunda” adlı qəzet çıxırdı. Qəzetin ədəbiyyat hissəsinin rəhbəri Məmmədcəfər Cəfərov idi. Onun ədəbiyyat dərnəyi vardı, mən də o dərnəyin üzvü idim və həmişə qəzetdə çap olunurdum. Mən demək istəyirəm ki, Kür, Kür ətrafı hadisələri o vaxtda qələmə almağa belə böyük siqlətlə yox, onda ayrı bir məqsədlə, yəni qarşımda belə bir sual qoymuşdum – səadət nədir? Getdikcə hadisələr genişləndi və öz-özümə belə bir qərara gəldim ki, V.Hüqonun "Paris Noterdam kilsəsi”nə bənzər tarixi, ictimai, siyasi bir əsər yazım.
Mən "Dəli Kür”ü çoxdan yazmışdım, amma onun ictimai köklərini tapa bilmirdim, çətinlik çəkirdim. Sonra Fikrət Seyidovun Qori müəllimlər seminariyası haqqında bir kitabı var, onu oxudum və bu mənə əsas verdi ki, Qoriyə arxivə gedim. Bunların hamısı yekunlaşdı, axırda da "Dəli Kür” yarandı. Həmişə qəzəblənirdim, ona görə ki, yazıçılarımız da, incəsənət xadimlərimiz də də keçmişimizi, babalarımızı çox pis göstəriblər. Mirzə Cəlil böyük sənətkardır, amma mən onun prinsipi ilə razı deyiləm. Məmmədhəsən əmi ilə, Qurbanəli bəylə Azərbaycanı təqdim etmək olmaz və yaxud da Novruzəliylə. Hətta, mən bir dəfə mətbuatda da yazdım ki, Marietta Şaginyan Mirzə Cəlilin "Poçt qutusu” hekayəsini "klassik hekayə” adlandırmışdır. Ona görə yox ki, əsər yazılışı ilə azərbaycanlıların səfeh olduğunu göstərmişdir. Ona görə istədim ki, bu tezisə qarşı bir tezis qoyam ki, bizim babalarımız hamısı Məmmədhəsən əmi, Novruzəli deyil, Bizim babalarımız Cahandar ağa da var, Qaçaq Kərəm də, İsrafil ağa da və s. də.
Fəridə LƏMAN:
İsmayıl müəllim, Sizin gəncliyiniz də, müdrik çağlarınız da müharibə illərinə düşüb. Müharibə mövzusu Sizin "Kerç suları”nda, "Konserv qutuları” və s. əsərlərinizdə öz əksini tapır. Sizcə bu gün ədəbiyyatımızda müharibə mövzusu öz əksini tapa bilibmi?
İsmayıl ŞIXLI:
Böyük hadisələrdən böyük əsəri tələsik yazmaq olmaz. Gərək təhlil oluna, sonra yazıla. Hələ bunlar eskizlərdir. Hələ biri oçerk yazır, biri hekayə yazır, biri şəhidlərdən yazır. Bu nöqteyi-nəzərdən yaxşıdır ki, bunlar yaddan çıxmamaq üçün yazılır. Amma əsas samballı əsərlər sonra yazılacaq.
Fərman EYVAZLI:
Əsərin adının "Dəli Kür” olmasını hardan seçdiniz?
İsmayıl ŞIXLI:
Ad məsələsi çox çətindir. Bəzən əsər haqqında fikirləşirsən, hələ adı olmur. Bəzən də əsər yazılır qurtarır, nöqtə də qoyulur, amma ad yoxdur. "Dəli Kür” adını uşaqlıqdan camaat arasında eşitmişdim. Kür çayı başqa rayonlarda bir az sakit, lal axır. Bizim tərəflərdə isə Şıxlıdan Kəsəmənə qədər, xüsusilə Şıxlıda dəliqanlı olur.
Fərman EYVAZLI:
Deyirlər ki, hər yazıçının bir şah əsəri olur. Siz bununla razısınızmı? Yəni elə klassikləri götürək, üç-dörd əsərini oxuyursan, hərəsi bir təsir buraxır. Deyirlər ki, o əsərin içində biri şah əsər olur. Buna necə baxırsınız?
İsmayıl ŞIXLI:
Hər yeni əsər başlayanda yazıçı elə bilir ki, əsas yazacağı yeni əsər budur, bundan başqası yoxdur, bundan yaxşısı yoxdur. Əgər yazıçı deyirsə, bu mənim şah əsərimdir, bu qeyri-ciddi söhbətdir. Əksinə, yazıçı əsəri yazıb qurtaranda deyir ki, yaxşı əsərimi hələ yazacağam. Mən bu fikirdəyəm ki, Şekspir deyəndə "Hamlet”, Puşkin deyəndə "Yevgeni Onegin” yada düşür. Bu o demək deyil ki, o biri əsərlər zəifdir. Xoşbəxt o yazıçıdır ki, üç-dörd samballı əsəri var. Bu üç-dördünün içində biri də aparıcıdır.
Fərman EYVAZLI:
Yazıçılar Birliyinin bir neçə yüz üzvü var, amma heç on-on beş şah əsərimiz yoxdur.
İsmayıl ŞIXLI:
Yazıçılar Birliyinin üzvü indi neçədir bilmirəm, amma bir vaxt çoxları üzv olmaq istəyirdi. Ona görə ki, imtiyazlar var idi. Amma sənət adamı bunu düşünmür. Bir dəfə Şoloxov demişdir: "Tula vilayətində bir Tolstoy vardı, bütün Rusiyaya bəs idi”. Amma indi yazıçı əlindən tərpənmək olmur, əsər yoxdur. Bunlar təbiidir. Keçmişdə də nə qədər şairlər olub, həmçinin, Nizaminin, Füzulinin dövründə. İndinin özündə də təzə qəzəl şairləri yaranıb. Mən isə onu qəbul etmirəm.
Hüseyn XƏLİLOV:
İsmayıl qağa, Siz deyən kimi Kürün dəliliyi bizim qıraq Kəsəmən kəndinin yuxarısında Bəhmənlər burnu var, oraya qədərdir. Həmin buruna çırpılandan sonra Kürün dəliliyi yox olur. Elə vaxt olub ki, Kür daşıb Bozun arxa tərəfindən də axıb, kənd ada kimi ortada qalıb. Amma kəndə bir ziyanlıq verməyib. Bu da ulu babalarımızın kəndin yerini böyük ağıl və müdrikliklə seçmələrini göstərir. "Dəli Kür” əsərinə gəldikdə isə Sizin yaradıcılığınız içərisində bu əsərin xüsusi yeri var. Mən bu əsəri ilk dəfə çap olunanda oxumuşdum. Yenidən onu bədnam qonşuların məkrli hərəkətləri başlayanda bir də oxudum. Hər iki oxunuşda əsərdən böyük mənəvi həzz aldım. XIX əsr və XX əsrin əvvəllərində yaşamış igid babalarımızın və ismətli nənələrimizin həyat tərzi gözlərim önündə canlandı, bir qürur hissi duydum. Cahandar ağanın təhqir olunmuş – yalı və quyruğu qırxılmış Qəməri ilə söhbətini oxuyanda gözlərim doldu, babalarımızın atlarına arvadları və övladları kimi qeyrət mücəssiməsi kimi baxıb, başlarının tacıtək saxladıqlarına bir daha əmin oldum.
Azər POLADOV:
Necə oldu ki, Hüseyn Ariflə bağlı xatirələr kitabını yazdınız?
İsmayıl ŞIXLI:
Hüseynlə biz dost idik, zarafatlarımız çox idi. O, böyük istedad idi. Amma özü istedadının qədrini bilmirdi. İnsan kimi də çox sadə idi. Onun zarafatlarının hamısı ictimai məna kəsb edir. Təxminən hər gün zəngləşirdik. Həmişə telefonda şeirlərini oxuyardı. Birinci sualı bu olardı, a qoca, yenə yatırsanmı? Osman qağa ilə sən yata-yata istəyirsən feodalizmdən kommunizmə keçəsən. Bizim zarafatlarımız çox idi, biri də Qorbaçovun yenidənqurma siyasəti ilə bağlıdır. Yenə bir dəfə zəng vurdu ki, a qoca, yatırsanmı? Dedim – daha neyləyim?! Dedin ki, yatma, mən də tezdən oyanmışam. Cavabında dedi: - yatmaq məsləhətdir, yox ayə, durma, get yat, kommunizmdən bir şey çıxmadı, geri qayıdası olduq.
Bir gün zarafatlaşırdıq, arada dedim ki, ay Hüseyn, bunların hamısını yazacam. Dedi: - yazma, yazsan bir həcv yazıb bütün aşıqlara paylayıb səni biabır edəcəm. Üstündən bir müddət keçəndən sonra zəng eləyib dedi ki, dünya ölüm-itim dünyasıdır, yaz. Beləliklə də, lətifələr kitabı yarandı.
Vidadi BABANLI:
"Göytəpə” romanını oxucular intizarla gözləyir. Yazıçı bu vədini yerinə yetirməlidir və inşallah sən bunu tamamlayacaqsan. "Dəli Kür”dən sonra buna ehtiyac var.
Mən heç kəsə qibtə etməmişəm. Amma sənə qibtə edirəm – qüruruna, davranışına, təmkininə, hərəkətinə. Səni bizdən seçən, fərqləndirən daxili keyfiyyətindi. Mən bunu çoxlarında görməmişəm. Əgər yaradıcılığında insan hərəkətləri ilə fərqlənirsə, bu hərəkətlər onun daxilindən gəlir. Şəxsiyyət olmayan adam yaxşı yazıçı ola bilməz. S.Vurğundan, M.Hüseyndən ən çox bəhrələnən İsmayıl Şıxlıdır. Bu ona görədir ki, sən onların arasında daha çox olmusan.
Xatirəli, sözlü-söhbətli görüşün sonunda Xalq yazıçısı görüşə gələnlərə öz minnətdarlığını bildirdi.
...Qartallar zirvəyə şığıyır, qartallar zirvədən şığıyır. Zirvələr Günəşli, Aylı, ulduzlu səmaya daha yaxındır. Zirvələr ucalıqdır, ucalıq bəyazlıqdır. Əziz İsmayıl müəllimimiz, Sizə bəyaz günlər, aydın mavi səma diləyirik. Bir də diləyimiz budur ki, "Qazax Xeyriyyə” Cəmiyyəti anadan olmanızın yüzüncü ildönümünü bax belə gülərüzlə təbrik etməyə gəlsin!
Fəridə LƏMAN,
"Ölsəm yer xoş olar, qalsam el” III cild,
Bakı - 2011-ci il, səhifə 215-222
Facebook-da paylaş