Qazaxda aprel döyüşlərinin şəhidi Orxan Əliyevin il mərasimi ˆ » Göyəzən internet portalı


Qazaxda aprel döyüşlərinin şəhidi Orxan Əliyevin il mərasimi ˆ

Qazaxda aprel döyüşlərinin şəhidi Orxan Əliyevin il mərasimi ˆ
Keçən ilin aprelində qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Orxan Məhəmməd oğlu Əliyevin il mərasimi onun doğulub boya-başa çatdığı Aslanbəyli kəndində qeyd olunub.

Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ müharibəsi veteranları, şəhidin döyüş yoldaşları, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Əvvəlcə şəhidin məzarı ziyarət olunmuş, ruhuna dualar oxunmuşdur. Mərasim iştirak çıları tərəfindən şəhidin məzarı üstünə əklil və qərənfillər düzülmüşdür.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək, aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətlərdən danışmışdır.

Rayon rəhbəri bildirib ki, dördgünlük savaşda düşmən ordumuzun qüdrəti qarşısında vahiməyə düşmüş və əmin olmuşdur ki, bu ölkənin əsgəri qələbə qazanmaq əzmindədir. Azərbaycan xalqı öz torpaqlarını heç zaman güzəştə getməyəcəkdir. Aprel döyüşləri dünya ictimaiyyətinə Azərbaycan Ordusunun nəyə qədər olduğunu bir daha nümayiş etdirdi. Mənfur düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha gördü.

R.Babaşov çıxışı zamanı Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, şəhidlərimizin qanının yerdə qalmayacağını bildirmişdir.

Sonra Qarabağ qazisi Kamil Musavi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Mirzəyev, kənd ağsaqqalı Omar Mustafayev və başqaları çıxış etmişlər.

Qeyd olunmuşdur ki, torpaqlarımızın ərazi bütövlü- yü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Orxan Əliyev də heç zaman unudulmayacaq, onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sonra məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Şəhidin ata evində ehsan süfrəsi açılmışdır.

Qeyd edək ki, Orxan Əliyev Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq abidə kompleksi inşa edilib.

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
04.04.2017


Facebook-da paylaş