• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında “Ömrün Şəhidlik zirvəsi” adlı kitabın təqdimatı olub


Mayın 31-də Bakı Dövlət Universitetinin Qazax filialında filialın məzunu olmuş Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Alpout kəndinin igid oğlu leytenant Məmmədov Məhəmməd Zakir oğluna və Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Orta Salahlı kəndinin igid oğlu əsgər Vəliyev Anar Həmzə oğluna həsr olunmuş “Ömrün Şəhidlik zirvəsi” adlı kitabın təqdimat mərasimi keçirilib. 


Müəllifi Elmar Sahibin olduğu kitabda hər iki şəhidimizin qısa, lakin şərəfi olan ömür yolundan, döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarından bəhs olunub. Ön söz müəllifi filologiya elmləri doktoru, professor Fəridə Ləmanın olduğu kitabda şəhdlərimizin döyüş yoldaşlarının, müəllimlərinin, doğmalarının, yaxınlarının igid Vətən oğulları haqqında söylədikləri dəyərli fikirlər, xatirə şəkilləri yer alıb. 

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidlərin valideynləri, yaxınları, filialın professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində şəhid Məhəmməd Məmmədovun xatirəsinin əbədiləşdirildiyi foto-guşəyə baxıblar. 

Sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.


BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində, 44 günlük haqq savaşında tarixi zəfər qazandı. A.Rüstəmov “Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq” deyib. 


Aprel və 44 günlük Vətən müharibəsinin iştirakçısı, 3-cü dərəcəli Vətən müharibəsi əlili, Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli “Rəşadət” ordenli kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdırıb. S.Çobanov rayon rəhbərliyi tərəfindən Qazax rayonunda şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən, eləcə də şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.


Filialın Mətbuat Xidmətinin rəhbəri Elçin İsmayıl Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun təşəbbüsü və dəstəyi ilə şəhidlərimizin xatirələrinə yazdığı “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər”, “Adını tarixə yazdı” və “Yarımçıq qalmış şeir dəftəri” kitabları haqqında danışıb, rayon rəhbərliyi tərəfindən şəhidlərə yazılı abidə qoyulduğunu bildirib. 


Şairə Zərəngiz Dəmirçi Qayalı Məhəmməd Məmmədovun xatirəsinə həsr etdiyi şeirləri oxuyub.


“Ömrün Şəhidlik zirvəsi” kitabının müəllifi Elmar Sahib çıxış edərək kitabı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, kitabın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədova minnətdarlıq edib.


Şəhid Məhəmməd Məmmədovun anası Yaqut Məmmədova tədbirdə çıxış edərək “Ömrün Şəhidlik zirvəsi” adlı kitabın təqdimatına görə minnətdarlığını bildirib.

Filialın Mətbuat Xidməti



Facebook-da paylaş