• Təqvim

  • Maraq



Ürkməzli və Dəmirçilər məktəblilərinin iştirakı ilə keçirilən görüşdə narkomaniya və erkən nikahın doğurduğu faciələrdən danışılıb


Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq rayon məktəblilərinin iştirakı ilə narkomaniyaya və erkən nikaha qarşı mübarizə məqsədilə silsilə maarifləndirici tədbirlər keçirilir.  

Növbəti maarifləndirici görüş noyabrın 28-də Qazax rayon Saqif Nəsirov adına Ürkməzli və Qazax rayon Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilib.

Tədbirdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, "Erkən nikah və onun fəsadları", "Dini radikalizmə qarşı mübarizə" mövzularında psixoloji maarifləndirici söhbət aparılıb. 

Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Polis Şöbəsinin Daş Salahlı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Əliyarov, Daş Salahlı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Gündüz Yusubov, DTX Qazax Rayon İdarəsinin əməkdaşı Nurlan Əzizov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova, adı çəkilən məktəblərin direktorları, psixoloqları, yuxarı sinif şagirdləri, valideynlər iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. K.Cəfərova bugünkü tədbirin əsas məqsədinin bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini məktəblilərin bir daha diqqətinə çatdırmaq olduğunu qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu vurğulayıb. K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya və erkən nikahla mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq keçirilən bugünkü tədbirin böyük əhəmiyyət daşıdığını qeyd edib. K.Cəfərova narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar və antisosial mühitdən necə qorunmağın yolları barədə geniş məlumat verib. K.Cəfərova çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından söz açıb.


DTX Qazax Rayon İdarəsinin əməkdaşı Nurlan Əzizov çıxış edərək dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlərdən söz açıb. N.Əzizov bildirib ki, zaman-zaman Azərbaycanın yüksəlişini gözü götürməyən kənar qüvvələr qlobal və regional hegemon dövlətlərin maraqlarına xidmət edən radikal və ekstremist ideologiyaları, qatı məzhəbçiliyi, yad mədəniyyətləri din adı altında ölkəmizdə yaymağa cəhd ediblər. Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olduğunu söyləyən natiq, bu kimi hallara qarşı mübarizə çərçivəsində görülən tədbirlərdən danışıb. Məktəbliləri dini radikalizmə qarşı mübarizədə daha fəal olmağa çağırıb. 


Qazax Rayon Polis Şöbəsinin Daş Salahlı Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Natiq Əliyarov, Daş Salahlı Polis Bölməsinin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Gündüz Yusubov çıxış edərək müasir dövrümüzdə bəşəriyyətin ən ağır bəlası olan narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıblar. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat veriblər. Narkomaniyanın doğurduğu faciələr, narkotik vasitələrdən asılılıq, psixoaktiv maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, narkotiklərin insan orqanizminə məhvedici təsirləri, o cümlədən yeniyetmələrin asudə vaxtının səmərəli təşkili barədə ətraflı məlumat çatdırıblar. Narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdə hər kəsin dəstək verməli olduğunu söyləyiblər.


Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb.  Buna görə də gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. 


Qazax rayon Saqif Nəsirov adına Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev çıxış edərək məktəblilərlə maarifləndirici tədbirin keçirilməsinə görə rayon rəhbərliyinə və iştirakçılara məktəb kollektivlərinin adından dərin minnətdarlığını bildirib. Narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. 

Çıxış edənlər narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən biri olduğunu, narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadlar yaratdığını, ona görə də gənclərin bu bəladan uzaq olmalı, cəmiyyətin layiqli üzvü olmaq üçün təhsilə xüsusi önəm verməli olduqlarını qeyd ediblər.

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.




Facebook-da paylaş