• Təqvim

  • Maraq



Qazaxda məktəblilərin iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib


Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq məktəblilərin iştirakı ilə narkomaniyaya və erkən nikaha qarşı mübarizə məqsədilə silsilə tədbirlər keçirilir.  

Növbəti maarifləndirici tədbir noyabrın 14-də Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin akt zalında keçirilib. “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə”, "Erkən nikah və onun fəsadları", "Dini radikalizmə qarşı mübarizə" mövzularında keçirilmiş psixoloji maarifləndirmə tədbirinə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli, Qazax rayon Canalı kənd tam orta məktəblərin yuxarı sinif şagirdləri qatılıblar.


Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Həmid Umudov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Təranə Səmədova, Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova, adı çəkilən məktəblərin direktorları, psixoloqları, yuxarı sinif şagirdləri, valideynlər iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova tədbiri giriş sözü ilə açaraq məktəbliləri rayon rəhbərliyinin adından salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. K.Cəfərova qeyd edib ki, bugünkü tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya, onun törətdiyi fəsadları və bu sahədə aparılan mübarizə tədbirlərini, ağ ölümə qarşı mübarizə aparmağın vacibliyini məktəblilərin bir daha diqqətinə çatdırmaqdır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu sahədə görülmüş işlərdən, həyata keçirilən layihələrdən, qəbul edilən dövlət proqramlarından söz açan K.Cəfərova mübarizə tədbirlərinin bu gün də davam etdirildiyini söyləyib. Respublika Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsini bu sahədə atılan uğurlu addımların bariz nümunəsi kimi qiymətləndirib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası tərəfindən ölkəmizdə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirməni təmin edən "802” çağrı xidmətinin fəaliyyət göstərdiyini diqqətə çatdıraraq "ağ ölüm”lə mübarizədə hər birimizin səfərbər olmalı olduğumuzu söyləyib. 


K.Cəfərova rayon rəhbərliyinin bütün sahələri olduğu kimi, narkomaniya və erkən nikahla mübarizə sahəsini də daim diqqət mərkəzində saxladığını, ilk gündən barışmaz mövqedə olduğunu qeyd edib. Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın Tədbirlər Planına uyğun olaraq keçirilən bugünkü tədbirin böyük əhəmiyyət daşıdığını qeyd edib. K.Cəfərova narkomaniya və onun fəsadları, erkən nikah və onun cəmiyyət üçün yaratdığı fəsadlar və antisosial mühitdən necə qorunmağın yolları barədə geniş məlumat verib. K.Cəfərova çıxışı zamanı erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olmasından söz açıb. Hər il ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq hüquqları aylığı”nın elan edildiyini diqqətə çatdıran K.Cəfərova aylığın keçirilməsində əsas məqsədin uşaqlara diqqət və qayğının daha da artırılması, uşaq hüquqlarının həyata keçirilməsinin və onların daha effektiv müdafiəsinin təmin olunması olduğunu bildirib. Hər il aylıq çərçivəsində Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və KİV-lərin nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirlərinin keçirildiyini söyləyib. Bugünkü tədbirin də sözügedən aylıq ərəfəsində təşkil edildiyini və böyük əhəmiyyəti olduğunu qeyd edib.


Tədbirdə çıxış edən Qazax Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Həmid Umudov müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib. Natiq çıxışı zamanı yeniyetmə və gənclərin narkotik asılılığı və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ətraflı məlumat verməklə, narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, hər bir şəxsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərin arxasında sağlam gənclik formalaşdırmağın, yetişdirməyin dayandığını vurğulayıb. Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşlarının bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirildiyini söyləyib. Bugünkü tədbirin də həmin görüşlərin davamı olduğunu, gələcəyimiz olan uşaqlara, gənc və yeniyetmələrə narkotikdən, zərərli vərdişlərdən uzaq durmalarını tövsiyə edərək bu məsələdə daha həssas olmalarını bildirib.


Qazax Rayon Psixiatriya şöbəsinin narkoloq-həkimi Nahidə Osmanova çıxış edərək bir dəfə narkotikadan istifadə edən şəxsin artıq ondan asılı vəziyyətə düşdüyünü, hətta, özü ilə bərabər xeyli sayda gənci də öz ətrafına topladığını vurğulayıb.  Buna görə də gələcəyimiz olan gəncləri zərərli vərdişlərdən uzaq durmağa, sağlam həyat tərzi keçirməyə, idmanla məşğul olmağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. 


Qazax rayon İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbin direktoru Samir Hüseynov çıxış edərək məktəblilərlə maarifləndirici tədbirin keçirilməsinə görə rayon rəhbərliyinə və iştirakçılara məktəb kollektivlərinin adından dərin minnətdarlığını bildirib. Narkomaniyaya qarşı mübarizənin davamlı, ardıcıl həyata keçirilməsinin vacibliyini qeyd edib. Narkomaniyanın doğurduğu faciələr, narkotiklərin cəmiyyətə və insanların sağlamlığına ziyanı və yaratdığı ciddi sosial problemlər, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması barədə danışıb. Bu işin həm dövlətin, həm vətəndaş cəmiyyətinin, həm də hər bir vətəndaşın işi olduğunu vurğulayıb. 

Sonda mövzu ilə bağlı məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş