• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş respublika müsabiqələrində BDU Qazax filialının tələbələri uğur qazanıb


Bakı Dövlət Universitetinin Qazax filialının tələbələri Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş respublika müsabiqələrində müvəffəqiyyətlə çıxış edərək birinci yerə layiq görülüblər.

Filiala ilk uğuru tarix fakültəsinin sonuncu kurs tələbəsi Vüqar Mehdizadə qazandırıb. O, Yeni Azərbaycan Partiyası və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan müsabiqədə fərqlənib. V.Mehdizadə YAP-ın 120 üzvü arasında keçirilən bilik yarışında birinci yeri tutub. Onun üzvü olduğu “Əbədi” komandası digər iştirakçı 30 komanda arasında fərqlənib. Nəticədə V.Mehdizadə komandanın üzvü kimi “Heydər Əliyev irsinin təşviqi innovativ hallarda” adlı Rəqəmsal İdeya Müsabiqəsinin qalibi olub, diploma layiq görülərək qiymətli hədiyyə ilə mükafatlandırılıb.  

Növbəti uğuru isə filialın ibtidai sinif müəllimliyi ixtisasının II kurs tələbəsi Bəsdi Alcanova əldə edib. O, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bədii yaradıcılıq müsabiqə-festivalında müvəffəqiyyətlə çıxış edib. İstedadlı tələbəmiz “Xalq mahnıları üzrə” nominasiyasında bütün həmyaşıdları arasında fərqlənərək birinci yeri tutub. B.Alcanova Elm və Təhsil naziri Emin Əmrullayev və ATİAHİ Respublika Komitəsinin sədri Səttar Möhbalıyevin imzası ilə Diplom və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş