• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda seminar keçirilib


Martın 16-da “Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda seminar keçirilib. 

Filialın riyaziyyat və informatika, pedaqoji fənlər kafedralarının birgə təşkilatçılığı ilə keçirilən seminarda filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək seminarın “Heydər Əliyev İli” ilə əlaqədar filialda təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq  keçirildiyini bildirib. A.Rüstəmov Azərbaycan təhsilinin inkişafı tarixində Heydər Əliyevin göstərdiyi tarixi xidmətlərdən söz açıb, müstəqil dövlətimizin təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində Ümummilli Liderin həyata keçirdiyi konsepsiyadan danışıb. Qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə təhsilin gələcək inkişaf strategiyası müəyyənləşib, təhsil sisteminin strukturunda, məzmununda və təminatında əsaslı islahatlar həyata keçirilib.

Tədbirdə pedaqoji fənlər kafedrasının baş müəllimi Nuridə Quliyeva, riyaziyyat və informatika kafedrasının baş müəllimi Sevinc Əmiraslanova geniş məruzə ilə çıxış edərək Azərbaycan təhsilinin inkişafında Ulu Öndər Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən söz açıblar.

Sonra məruzə ətrafında çıxışlar olub. Filialın riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov, filialın Tədris və elmi işlər üzrə direktor müavini, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, Dil, ədəbiyyat və onların tədrisi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, İctimai və təbiət fənləri kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Arif Veyisov, Pedaqoji fənlər kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Hamlet İlyasov məruzə ətrafında çıxış edərək öz fikirlərini bildiriblər.   

Elçin İSMAYIL, 

BDU-nun Qazax filialının Mətbuat Xidmətinin rəhbəri



Facebook-da paylaş