• Təqvim

  • Maraq



Qazax Dövlət Sosial-İqtisadi Kollecində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib


Qazax Dövlət Sosial-İqtisadi Kollecində 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Kollecin müəllim heyəti, tələbələr iştirak edib.


Tədbiri giriş sözü ilə Kollecin Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov açaraq bildirib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş məclisinin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv ölkələrdə Ümumdünya Mülki Müdafiə Günü kütləvi humanitar tədbir kimi qeyd olunur. Bu gün münasibətilə mülki maarifləndirici tədbirlər keçirilir. Hazırda təşkilata dünyanın 50-dən çox ölkəsi daxildir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv seçilən Azərbaycan Respublikası bu mötəbər qurumla sıx əməkdaşlıq edir. Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin-amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasıdır. Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. 


Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov çıxış edərək iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Hümbətov 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Prezident İlham Əliyevin Sərəncamının əhəmiyyətinə toxunub, dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan dövlətinin tarixində əvəzsiz rolundan danışıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın təhlükəsiz həyat və fəaliyyətinin təmin edilməsi işinə xüsusi diqqət və qayğı göstərib, ölkənin mülki müdafiə sisteminin təkmilləşdirilməsi və dinamik inkişafının təmin edilməsi qayğısına qalıb. A.Hümbətov tədbir iştirakçıların nəzərinə çatdırıb ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin bir daha diqqətinin əsas vəzifəsi əhali və ərazilərin fövqəladə hadisələrdən mühafizəsi olan mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etməkdir. Qeyd edib ki, 1 mart - Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunması ilə bağlı ölkəmizdə mülki müdafiənin təbliği sahəsində müxtəlif tədbirlərin, o cümlədən sərgilərin, konfransların, açıq dərslərin, təlimlərin keçirilməsi böyük əhəmiyyətə malikdir. A.Hümbətov çıxışında müasir dövrün aktual məsələlərindən olan fövqəladə hal risklərinin qiymətləndirilməsinin baş verə biləcək təbii və texnogen xarakterli fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üçün əlverişli üsul hesab olunmasının, fəlakətlərə cavab tədbirlərinin effektivliyini və səmərəliliyini təmin etmək üçün xüsusi informasiya texnologiyaları və rabitə vasitələrinin rolunun vacibliyini bildirib. 

Sonra Qazax Dövlət Sosial-İqtisadi Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavini İlkin Əliyev, Qazax DSİK-nin GÇH rəhbəri Natiq Rəhimov, tarix müəllimi Mətanət Kazımova, “Maliyyə işi” ixtisasının II kurs tələbəsi Aişə Qasımova, “Sosial iş” ixtisasının III kurs tələbəsi Türkan Abdullayeva mövzu ətrafında geniş çıxış ediblər. Tədbirin əhəmiyyətini vurğulayaraq gəncləri bu sahədə daim bilik və bacarıqlarını artırmağa çağırıblar.

Sonda Mülki Müdafiə sahəsində görülmüş işlərə həsr olunmuş slayd təqdim olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.



Facebook-da paylaş