• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib


Bakı Dövlət Universitetinin Qazax filialında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.  

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə filialın foyesində Xocalı soyqırımına həsr olunmuş fotolardan və kitablardan təşkil edilmiş guşə ilə tanış olublar. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xocalı faciəsinə həsr olunmuş slayd nümayiş etdirilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının tarixə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu bildirib. Qeyd edib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı Xocalıya divan tutub. Lakin həmin vaxt bu dəhşətli soyqırım dünya ictimaiyyətinin diqqətinə çatdırılmayıb, ona siyasi-hüquqi qiymət verilməyib. Qanlı Yanvar hadisələri zamanı olduğu kimi, bu hadisənin də əsl mahiyyəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra açılıb və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Milli Məclisin 1994-cü ilin fevral ayında keçirilən iclasında Xocalı soyqırımı müzakirə edilərək ona hüquqi-siyasi qiymət verilib və fevral ayının 26-sı “Xocalı soyqırımı günü” elan olunub.


Filialın ictimai fənlər kafedrasının baş müəllimi Ülviyyə Bayramova “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb, şəhər yerlə-yeksan edilib. 


Sonra filialın Mətbuat Xidmətinin rəhbəri Elçin İsmayıl “Xocalı faciəsi dünya mətbuatında”, ictimai fənlər kafedrasının baş müəllimi Mübariz Süleymanov “Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş növbəti terror aktıdır”, tarix ixtisasının III kurs tələbəsi Mirruhi Müseyibli “Əsrin faciəsi” mövzularında çıxış edərək Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd ediblər.

Filialın direktoru A.Rüstəmov tədbirə yekun vuraraq möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə ilə Xocalı şəhidlərinin də qisasının alındığını və artıq 3 ildir ki, anım mərasimini qalib xalq kimi qeyd etdiyimizi bildirib.



Facebook-da paylaş