• Təqvim

  • Maraq



““Heydər Əliyev İli” ziyalı gözündə”


2023-cü il görkəmli dövlət və siyasi xadim, Vətəninə və xalqına sədaqətlə, ləyaqətlə xidmət etmiş Heydər Əlirza oğlu Əliyevin adı ilə bağlı olacaq. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Həmin Sərəncamla Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə qədirbilən azərbaycanlıların qəlbində əbədiyaşarlıq qazanmış xalqımızın böyük oğlunun anadan olmasının 100 illiyi böyük təntənə ilə qeyd olunacaq.

Uzun illər Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbə rəhbərlik etmiş, şagirdlərinə doğma övladı tək ana qayğısı göstərmiş, təqaüddə olan respublikanın Əməkdar müəllimi Bəsti Ələkbərova da ziyalı olaraq Dahi şəxsiyyət Heydər Əliyevlə bağlı ölkə rəhbərinin imzaladığı Sərəncamı sonsuz minnətdarlıq hissi ilə qarşılayır. “Heydər Əliyev İli”nin Azərbaycan xalqının böyük oğluna olan sonsuz hörmət və ehtiramını bir daha nümayiş etdirmək üçün Prezidentin bizlərə ən böyük töhfəsi kimi qiymətləndirir. Bəsti müəllim Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları bir daha xatırlamaq, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək üçün ölkə başçısının imzaladığı məlum Sərəncamın böyük əhəmiyyət daşıdığını qeyd edir. “Heydər Əliyev İli” ilə bağlı təsdiq edilmiş Tədbirlər Planının icrasından irəli gələn vəzifələri layiqincə yerinə yetirməyin hər birimizin borcu olduğunu vurğulayır. Bizi qarşıda daha məsuliyyətli bir ilin gözlədiyini və “Heydər Əliyev İli”nə Dahi rəhbərin adına layiq şəkildə hazırlaşmalı olduğumuzu bildirir.

B.Ələkbərova qeyd edir ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” - deyən Heydər Əliyev həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş, firavan gələcəyinə həsr etməkdən şərəf duymuşdur. Bu gün özünü Azərbaycan dövlətinin vətəndaşı hesab edən hər kəsin borcu və üzərinə düşən ən ümdə vəzifədir ki,  ömrünü xalqına bağışlamış Dahi rəhbərin 100 illiyini böyük təntənə ilə qeyd etsin. Ən əsası da xalqın böyük oğluna olan sonsuz ehtiramını bir daha göstərmək üçün ölkə başçısının yaratdığı imkandan, şansdan səmərəli istifadə etsin. Bəsti müəllim ömrünü xalqına həsr etmiş Dahi bir şəxsiyyətin illərə sığmayan fəaliyyətini, gördüyü işləri, misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq üçün məhz “Heydər Əliyev İli”nin ən böyük fürsət, şans olduğunu söyləyir. 

B.Ələkbərova uzun illər təhsil sahəsində çalışmış bir ziyalı kimi Ulu Öndərin təhsil sahəsinə olan qayğısını da böyük minnətdarlıq hissi ilə xatırlayır. Azərbaycan təhsilinin bugünkü inkişaf səviyyəsinə bir anlıq nəzər yetirəndə bütün sahələr kimi elm və təhsilimizin inkişafının da məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edir. 

Bəsti müəllim təhsil sahəsində çalışan təcrübəli bir pedaqoq kimi Ulu Öndərin qayğısını öz həyatında da hiss etdiyini, bundan ruhlanaraq daha yüksək nəticələrə nail olduğunu bu gün də qürurla söyləyir və buna görə bir daha minnətdarlığını ifadə edir. 

Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşən Bəsti müəllim həmin unudulmaz günü belə xatırlayır:

- “Mənim ali təhsil aldığım dövr, əmək fəaliyyətimin əsas hissəsi Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlə bağlıdır. Belə ki, mən Bakıda ali təhsil aldığım illərdə “Gənclik” metro stansiyasının açılışı idi. Tələbə yoldaşlarımla birlikdə stansiyanın açılışında iştirak etməyə getmişdik. Mən Ulu Öndər Heydər Əliyevi ilk dəfə o zaman gördüm. Həmin günün sevincini sözlə ifadə etmək mümkün deyil. Ümummilli Lider stansiyanın açılışında çıxış etdi. Proqram xarakterli olan həmin çıxışda ölkə rəhbəri Azərbaycan xalqının xoş, firavan yaşaması üçün həyata keçirilməsi vacib olan məsələlərdən danışdı. Qeyd etdi ki, azad, firavan yaşamaq hər bir vətəndaşın hüququdur. Bunun üçün səylə çalışmaq, respublikamızı qabaqcıllar sırasına çıxarmaq, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirmək lazımdır. İlk dəfə idi ki, biz belə açıq, səmimi, hərtərəfli çıxışa qulaq asır, öz-özlüyümüzdə bir məsuliyyət hiss edirdik. Ona görə Ulu Öndərin həmin gün söylədiyi nitq mənim üçün uzun zaman yaddaşımdan silinmədi”.

Bəsti müəllim Azərbaycan qadınlarını həmişə yüksək qiymətləndirən Ulu Öndərin iştirak etdiyi qurultaylardan birinin iştirakçısı olmasını da fəxrlə söyləyir və xatirələrini belə bölüşür:

- “1998-ci ilin 25 sentyabrında, müstəqillik əldə etdikdən sonra Azərbaycan qadınlarının  ilk Qurultayı keçirilirdi. Heydər Əliyev cənabları da həmin qurultayda iştirak edirdi. Ulu Öndər zala daxil olan kimi bütün qadınlar ayağa qalxaraq ölkə başçısını sürəkli alqışlarla salamladılar. Ümummilli Lider qurultayda proqram xarakterli çıxış etdi. Ulu Öndər öz çıxışında çox dəyərli və qiymətli sözlər söylədi. Azərbaycan qadınlarına çox yüksək qiymət verdi. Heydər Əliyev cənablarının dediyi bir fikir həmişəlik olaraq hafizəmə köçmüşdür. Ulu Öndərin biz qadınların ünvanına səsləndirdiyi “Azərbaycan qadını həmişə mərd, mübariz, dönməz olmuşdur. Azərbaycan qadınının hamısı gözəldir. Mən Azərbaycan qadınlarını dünyanın heç bir qadınına dəyişmərəm” dəyərli fikirləri necə səslənmişdisə bu gün də qulaqlarımda həmin intonasiya ilə səslənir. Biz qadınlara verilən bu cür yüksək qiymət bizim hər birimizə sanki qol-qanad verdi. Ulu Öndər öz dəyərli və qiymətli fikirləri, sözləri ilə Azərbaycan qadınlarını bir daha zirvələrə qaldırdı”. 

Xalqımızın böyük oğlu ilə olan daha bir xatirəsini bölüşən Bəsti müəllim həmin günü, unudulmaz anları bu gün də qürurla xatırlayır.

- “1978-ci ildə Ulu Öndər Heydər Əliyev Tbilisidən Azərbaycana gəlməli idi. Nə xoş mənə ki, Sınıq Körpüyə Dahi rəhbərimizi qarşılamağa gedənlərin arasında mən də var idim. Həmin gün yaşananlar, Ulu Öndərin bizlərə bəxş etdiyi xoş anlar bu gün də yaddaşımda həyatımın ən unudulmaz dəqiqələri kimi canlanır. Heydər Əliyev Sınıq Körpüyə gəldi. Onu Gürcüstan KT MK-nın birinci katibi Eduard Şevardnadze qarşıladı. Hər iki respublikanın rəhbərləri çox səmimi görüşdülər. Orada iştirak edən yoldaşlar Heydər Əliyev haqqında çox yüksək fikirlər söylədilər. Bütün bu yüksək fikirləri, ali qonaqlar tərəfindən deyilənləri eşitdikcə qəlbim fərəhlə dolur, sevincim daha da artırdı. Dahi şəxsiyyət Heydər Əliyev mənim gözlərimdə daha da böyüyür, ucalırdı. Belə bir rəhbəri, Dahi şəxsiyyəti olan ölkənin vətəndaşı olduğum üçün qürurlanırdım”. 

Bəsti müəllim bu gün də qürurlanır, fəxarət hissi keçirir ona görə ki, dahi şəxsiyyətin adı ilə bağlı olan ildə yaşanacaq gözəl hadisələrə, xoş anlara şahidlik etmək, izləmək şansı olacaq. Bu şansı, fürsəti bizlərə bəxş edən isə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Və Bəsti müəllim bir ziyalı kimi, ən əsası da bu ölkənin vətəndaşı olaraq bu şansı ona ərməğan etdiyinə görə Prezidentinə minnətdardır.

Bəli, Bəsti müəllimin də söylədiyi kimi, zaman ötüb keçir, illər bir-birini əvəz edir. Qədirbilən Azərbaycan xalqı isə dahi rəhbərini eyni hörmət və ehtiramla anır, ona olan sonsuz sevgi bir an olsun belə tükənmir, bundan sonra da tükənməyəcək! İllər ötsə belə Ulu Öndər Heydər Əliyevi və onun şah əsəri olan Azərbaycanı elə özünün istədiyi kimi sevəcəyik, qoruyacağıq. Ali Baş Komandanın ətrafında bir yumruq tək birləşərək Azərbaycanın dünyaya günəş tək doğması üçün əlimizdən gələni əsirgəməyəcəyik!.



Facebook-da paylaş