• Təqvim

  • Maraq



BDU Qazax filialının tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhidlərimizi ehtiramla anıblar


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə tariximizin ən parlaq səhifəsi kimi yaddaşlara əbədi həkk olundu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Eyni zamanda, bu möhtəşəm Zəfər Ermənistanın kapitulyasiya aktına imza atması ilə nəticələndi. Şəhidlərimiz əbədi Qələbə tarixini öz qanları ilə yazdılar. 30 illik həsrətdən sonra Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu. Ata-babalarımızdan bizə əvəzsiz miras qalan, başımızın tacı sayılan Şuşa əsirlikdən azad olundu. Bəli, 8 noyabr 2020-ci il Ali Baş Komandan və şanlı Azərbaycan əsgərinin yazdığı şanlı tarix kimi yaddaşlardan heç vaxt silinməyəcək. 

Bu gün Azərbaycan xalqı 8 Noyabrı - Zəfər Günü kimi qürur və fəxrlə qeyd edir. Bu günü bizlərə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyev, şanlı Azərbaycan Ordusu, canlarını Vətən yolunda fəda edən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz isə heç zaman unudulmayacaq. 

8 Noyabr - Zəfər Günü Bakı Dövlət Universitetinin Qazax filialında da silsilə tədbirlərlə qeyd olunur.

Filialın tələbələri 8 Noyabr - Zəfər Günü ərəfəsində şəhidlərimizi yad etməyi də unutmurlar.

Noyabrın 2-də filialın tələbələri şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıblar.



Gənclər sonra Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya edərək muzeyin 2-ci mərtəbəsində Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olublar. 


Tələbələr şəhərin Nəriman Nərimanov küçəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini də ziyarət ediblər.

Ziyarət zamanı 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun qazandığı tarixi Qələbənin hərb tariximizin şanlı səhifəsi kimi hər zaman qürurla öyrəniləcəyi ifadə olunub.

GOYEZEN.AZ



Facebook-da paylaş