Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri də Vətən müharibəsi şəhidlərini yad ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilir.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları və dərnək üzvləri də Vətən uğrunda canından keçən şəhidlərimizi hər zaman yad edir, əziz xatirələrini dərin ehtiramla anırlar. Ənənəsinə sadiq qalan Mərkəzin əməkdaşları 27 Sentyabr - Anım Günü ərəfəsində şəhidlərimizi yad etməyi unutmayıblar.
Mərkəzin dərnək rəhbərləri və üzvləri 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizin və torpaqlarımızın bütövlüyü uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın xatirəsinə yaradılmş “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini və Şəhidlər xiyabanını ziyarət edib, memorial önünə tər qərənfillər düzərək şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyiblər. Azərbaycan xalqı var olduqca, şəhidlərimizin əziz xatirəsinin daim yad olunacağını qeyd ediblər.
Qazax Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Gövhər Rəhimova Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin dövlət-xalq-ordu birliyinin parlaq təcəssümü olduğunu bildirib. G.Rəhimova qeyd edib ki, şəhidlərimizin həyatı, keçdiyi döyüş yolu hər bir vətəndaşa, xüsusilə də gənclərimizə örnəkdir. Belə tədbirlərin təşkil olunmasında məqsəd həm şəhidlərimizin ruhuna ehtiram, minnətdarlıq borcu, ailələrinin yanında olmaq, onlara mənəvi dəstək göstərmək, həm də gənclərin qəhrəmanlarımızı daha yaxından tanımasına, vətənpərvərlik ruhunda formalaşmasına zəmin yaratmaqdır.
Şəhidlərimizin xatirəsinə olan ehtiramı özündə əks etdirən tədbirdə Mərkəzin dərnək üzvləri tərəfindən Vətən uğrunda canından keçən igid oğullarımıza həsr olunmuş şeirlər səsləndirilib. Qəhrəman şəhidlərimizin xatirəsi dərin ehtiramla bir daha yad olunub. Tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdar olduğumuz vurğulanıb.
GOYEZEN.AZ
Facebook-da paylaş