Qazaxlı məktəblilər Masallı və Astara rayonlarına ekskursiya ediblər
"Ölkəmizi
tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçısı olan
qazaxlı məktəblilər Gəncə şəhərinin, paytaxtın Xətai və Səbail, eləcə də Gədəbəy,
Samux, Daşkəsən, Şəmkir, Ağstafa rayonlarının məktəbliləri ilə birlikdə bu
gün – ekskursiyanın üçüncü günü Masallı və Astara
rayonlarına səyahət ediblər. Tur rəhbəri Kəmalə
Cəfərovanın verdiyi məlumata əsasən GOYEZEN.AZ saytı xəbər verir ki,
Masallıda məktəbliləri rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və
ictimaiyyət nümayəndələri qarşılayıblar. İlk öncə aksiya iştirakçıları
Masallı şəhər Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə
tər gül dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər. Məktəblilər qarşısında çıxış
edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova
qonaqlara rayonun rəhbəri Rafil Hüseynovun salamını çatdırıb, "Ölkəmizi
tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən
danışıb, cənub bölgəsinə, Masallıya səyahət edən məktəblilərə xoş arzularını
bildirib. Mərkəzlə tanışlıqdan sonra məktəblilər
Tarix-Diyarşünaslıq Muzeyində olublar. Muzeylə
tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Bildirilib ki, Prezident
İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində
Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib. Muzeydə 5 ekspozisiya
zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim
əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7
mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş
etdirilir. Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya edən tur iştirakçılarının diqqətinə çatdırılıb ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni
binası 2016-cı il sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə
istifadəyə verilib. Məktəblilər "Asan həyat"
kompleksindəki "İntellektual mərkəz"də "Breyn Rinq"
yarışmasında biliklərini sınayıblar, buradakı Kinoklub, ABAD Mərkəzi, Heydər
Əliyev adına İncəsənət Məktəbi və Brend dükanla tanış olublar. Qonaqlar "Asan həyat”
Kompleksində çay süfrəsinə dəvət edilib. Sonra Bayraq Meydanı, Azərbaycan
Dövlət Rəmzləri Muzeyi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. İştirakçılar
Masallı Sənaye Məhəlləsində də olublar. Tur-aksiya iştirakçıları
günün ikinci yarısında Astara rayonuna səyahət ediblər. Astarada da məktəbliləri
rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, gənclər və ictimaiyyət
nümayəndələri qarşılayıblar. Astara
Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova "Ölkəmizi tanıyaq”
layihəsi çərçivəsində keçirilən tur-aksiyaların məktəblilərin dünyagörüşünün
formalaşmasındakı rolundan danışaraq bildirib ki, Azərbaycanın iqtisadiyyatında
qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin çox böyük payı var. Ölkəmizdə
qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın
konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Lənkəran,
Astara, Masallı rayonları ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur. Qeyd
olunub ki, ölkəmizin cənub bölgəsi sitrus bağları, çay və çəltik
plantasiyaları, səfalı məkanları ilə tanınır, tarixi yerləri, özünəməxsus
adət-ənənələri ilə seçilir. 2017-ci il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı
məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin verdiyi tapşırıq
və tövsiyələr, bu sahələrin dirçəldilməsi ilə əlaqədar imzalanan sərəncamlar və
qəbul edilən Dövlət proqramları ölkə iqtisadiyyatının şaxələndirilməsi
baxımından mühüm rol oynayır. Bu sahələrin dirçəldilməsi üçün mövcud
potensialın qorunub saxlanılması, həmçinin çəltikçilik, sitrus meyvəçilik,
çayçılıq və cins heyvandarlıq təsərrüfatlarının, çəltik və çay emalı
müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin
yaradılması nəzərdə tutulur. Məktəblilər
Heydər Əliyev Muzeyində ümummilli liderin həyat və fəaliyyətini, böyük rəhbərin
Astara rayonuna səfərlərini əks etdirən eksponatlar və fotoşəkillərlə tanış
olublar. Sonra
tur-aksiya iştirakçıları Astara şəhərində, Xəzər dənizi sahilində salınmış
park-bulvar kompleksinə gəliblər. Məlumat verilib ki, 2014-cü ildə 6 hektar
ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 9 hektar artırılaraq 15
hektara çatdırılıb. İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil
boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisi Astara şəhərinə
xüsusi gözəllik verir. Məktəblilərə
Astaranın qədim tarixi, mədəniyyəti, adət-ənənələri, turizm potensialı,
əhalinin məşğulluğu və sosial-iqtisadi inkişafı barədə də məlumat verilib. Məktəblilər,
həmçinin "Astaraçay” MMC-nin çay fabrikində çay emalı prosesini izləyib, burada
yaradılmış "Çay muzeyi”ndə nümayiş etdirilən eksponatlarla tanış olublar. Masallı
və Astara rayonları ilə tanışlıqdan sonra tur-aksiya iştirakçıları Lənkərana
qayıdıblar.
Tur iştirakçıları Masallı şəhər Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və
fotoşəkillərlə tanış olublar.
Facebook-da paylaş