Qazaxda “Heydər Əliyev Konstitusiyası müstəqil, suveren, qüdrətli Azərbaycanın dinamik inkişafını təmin edən siyasi, hüquqi sənəddir!” mövzusunda tədbirlər keçirilib
Mayın 5-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı Qazax Dövlət Sosial-İqtisadi Kolleci və Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb ərazi partiya təşkilatlarında 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Konstitusiyası müstəqil, suveren, qüdrətli Azərbaycanın dinamik inkişafını təmin edən siyasi, hüquqi sənəddir!” mövzusunda tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən müqəddəs şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirlərin əvvəlində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbirləri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. A.Nəbiyev ölkə Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə respublikamızda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini və 10 may 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunacağını diqqətə çatdırıb. Rayon təşkilatının sədri keçirilən bu silsilə tədbirlərin mahiyyətindən, əhəmiyyətindən, xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasından, bütün ölkə ərazisində konstitusiya quruluşumuzun bərqərar edilməsindən, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan misilsiz qələbə sayəsində Dövlət Bayrağımızın bu gün bütün ərazilərimizdə əzəmətlə dalğalanmasından ətraflı bəhs edib.
Tədbirlərdə ərazi partiya təşkilatının sədrləri Vüqar Əyyubov, Rəna Bayramova, sədr müavini Elvira Əfəndiyeva, partiya fəallarından Mətanət Kazımova, Turxan Əliyev, Akif İbrahimov, Maya Pirməmmədova, Könül Qasımova çıxış edərək bildiriblər ki, müdrik xalqımız bu il müəllifi Ulu Öndər Heydər Əliyev olan Milli Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini və Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin 5 illiyini, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü təntənə ilə qeyd edəcəkdir. Natiqlər Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, onun misilsiz xidmətlərindən, Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncamın mühüm tarixi əhəmiyyətindən, qazanılan uğurlardan, əldə olunan nailiyyətlərdən, qarşıda duran mühüm vəzifələrdən ətraflı danışıblar. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün uğurla davam etdirildiyini, müstəqil, suveren Azərbaycanın beynəlxalq aləmdə söz, nüfuz sahibi olduğunu və hazırda ölkəmizin yeni bir inkişaf dövrünü yaşadığını xüsusi vurğulayıblar.
Tədbirdə tələbə və şagirdlər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib, müxtəlif ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən ən fəal partiya üzvləri YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı ilə təltif olunublar. Həmçinin, partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya üzvlük vəsiqəsi təqdim edilib.
Facebook-da paylaş