• Təqvim

  • Maraq



Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan tibb elminin əbədi nur obrazı - Zərifə Əliyeva” adlı tədbir keçirilib


Azərbaycan tibb elminin inkişafından söz düşəndə ilk olaraq insanın gözü önündə canlanan alimlərdən biri görkəmli oftalmoloq, pedaqoq, akademik Zərifə Əliyevadır. Bu il aprelin 28-də dəyərli ziyalımızın, görkəmli alimin anadan olmasının 100 ili tamam olur. Resublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da akademikin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd olunur. 



Aprelin 26-da Qazax Rayon Heydər Əliyev Mərkəzinin və “Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan tibb elminin əbədi nur obrazı - Zərifə Əliyeva” adlı tədbir keçirilib. 


“Qazax Müalicə Diaqnostika Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru Kamandar İbrahimov tədbiri giriş sözü ilə açaraq Azərbaycan tibb elmində xüsusi xidmətləri olan akademik Zərifə Əliyevanın keçdiyi zəngin və şərəfli ömür yolundan danışıb. K.İbrahimov bildirib ki, 1923-cü il aprelin 28-də Naxçıvanın Şərur rayonunun Şaxtaxtı kəndində anadan olmuş Zərifə xanım orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, həmin İnstitutu müvəffəqiyyətlə bitirmiş, təhsilini Moskvada davam etdirərək elmi işçi, kafedranın dosenti, labaratoriya müdiri, kafedra müdiri vəzifələrində çalışmış, tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. Zərifə xanım oftalmologiya elminə verdiyi böyük töhfələrə görə oftalmologiya elmində ən yüksək mükafat olan - SSRİ Tibb Elmləri Akademiyasının Averbax adına mükafata layiq görülmüş ilk qadın olmuşdur. Zərifə xanım Əliyevanın apardığı elmi tədqiqatların yüksək səviyyəsi, sosial əhəmiyyəti, ictimai fəallığı layiqincə qiymətləndirilərək müxtəlif fəxri adlarla, orden və medallarla təltif edilmişdir. Onun zəngin irsi oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı elmi tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. 



Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək görkəmli alim Zərifə xanım Əliyevanı fədakar ana, yüksək intellekt və mədəniyyətə sahib ziyalı, qayğıkeş həkim, nəcib və insanpərvər Azərbaycan qadını kimi xarakterizə edib. C.Hüseynova bildirib ki, O, Ümummilli Liderlə çiyin-çiyinə addımlamış, Onun qayğısına qalmış, çətin günlərdə Ona arxa-dayaq olmuş və bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşımışdır. Bu gün hər bir azərbaycanlı onun qoyub getdiyi işığın nurunda yaşayır. O, təkcə səhiyyəmizə böyük töhfələr vermədi, həm də xalqımızın xilaskarı Heydər Əliyevlə çiyin-çiyinə addımladı, Vətənə layiqli övladlar yetişdirdi. Gərgin iş, elmi fəaliyyət və ən əsası bütün bunların öhdəsindən böyük mətanət və fədakarlıqla gəldi. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi bizimlə qalacaq, onun parlaq xatirəsi daim hörmətlə anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.


Mərkəzin həkim-terapevti Elxan Bayramov çıxışı zamanı Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, tibb elmində bir çox yeniliklərə imza atan Zərifə xanım Əliyevanın müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, O, təkcə elmi tədqiqatlar aparmaqla kifyətlənmədi, eyni zamanda həkim kadrların formalaşmasına, həkimlərin peşəkar bacarıqlarının artırılması, yüksək ixtisaslı həkim kadrların formalaşması üzrə də böyük işlər gördü. Bu yolda vaxtını, qüvvəsini heç zaman əsirgəmədi, bir alim kimi öz davamçılarını hazırladı, böyük oftalmoloqlar nəsli yetişdirdi. 


Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Bəxtiyarlı çıxış edərək bildirib ki, Vətəninə, elinə, obasına göz nuru, qəlblərə təmənnasız sevgi bəxş edən Zərifə xanım Əliyeva həm də pedaqoji fəaliyyətlə məşğul olmuş, gənc nəslin təlim-tərbiyəsində böyük rolu olmuş, dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmiş, Azərbaycanda oftalmologiya elmi sahəsində ilk akademik qadın olmuşdur. Zərifə xanım Əliyevanın adı artıq özünə əbədi ünvan, möhtəşəm yurd salmış bir şəxsiyyətdir.



Facebook-da paylaş