Qazaxda “Müasir Təbabətdə Müasir Müzakirələr” mövzusunda VI regional elmi konfrans keçirilib
Bu gün Gəncə Beynəlxalq Xəstəxanası tərəfindən Qazax Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə "Müasir Təbabətdə Müasir Müzakirələr” mövzusunda VI regional elmi konfrans keçirilib. Qazax Gənclər Mərkəzində keçirilən konfransda Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından müxtəlif ixtisaslar üzrə 120 nəfər həkim iştirak edib.
Dövlət Himni səsləndirildikdən sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Orucov giriş sözü ilə çıxış edərək konfrans iştirakçılarını Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Ölkəmizdə, eləcə də Qazax rayonunda dövlətimiz tərəfindən səhiyyə müəssiələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tibb ocaqlarının tikintisi, səhiyyə müəssisələrinin kadr potensialının gücləndirilməsi sahəsində görülmüş işlər və qazanılmış uğurlar barədə konfrans iştirakçılarına geniş məlumat verib. Qazax rayonunda 145 çarpaylıq yeni tikilmiş xəstəxana binasının rayon əhalisi üçün ən böyük hədiyyə olduğunu bildirib. Respublika prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin pulsuz tibbi müayinədən keçirilməsinin böyük razılıqla qarşılandığını qeyd edib.
Rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova çıxış edərək regional konfransı Qazax rayonunda keçirdiklərinə görə Beynəlxalq Xəstəxananın rəhbərliyinə, konfransın yüksək səviyyədə təşkilinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Gəncə Beynəlxalq Xəstəxanasının direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru, konfransın sədri İlkin İsmayılov, Uzman Dr. Necdet Filizkaya, Uzman Dr. Ender Uçar, Dr. Səhər İsmayılova, Uzman Dr. Elvin Niftəliyev, Uzman Dr. Anıl Resmi, Uzman Dr. Əli Dadaşov, Dr. Cavid Səfərli, Dr. Kənan Əzimov, Uzman Dr. Zamin Həşimov, Uzman Dr. Əkbər İbrahimov müxtəlif mövzularda məruzə ilə çıxış ediblər. Çıxışlar zamanı tibb elminin bütün sahələri üzrə müasir təbabətin ən aktual məsələləri ilə bağlı ətraflı və geniş məlumatlar verilib, slayt materiallarından istifadə olunub.
Sonra çıxışlar ətrafında geniş müzakirələr aparılıb. Konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Konfrans iştirakçısı olan bütün həkimlərə Sertifikat verilib.
Gəncə Beynəlxalq Xəstəxanasının direktoru İlkin İsmayılov konfransa yekun vuraraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova və baş həkim Sevda Məmmədovaya VI regional elmi konfransın keçirilməsində göstərdikləri yüksək dəstəyə və təşkilatçılığa görə minnətdarlığını bildirib. Rayon rəhbərinə və baş həkimə Təşəkkürnamə təqdim edilib.
GOYEZEN.AZ
Facebook-da paylaş