Kəlbəcər rayonunun işğaldan azad olunduğu 25 noyabr tarixi xalqımızın yaddaşına əbədi həkk olunub
Azərbaycanın hərb tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə həkk olunan 2020-ci ildən 4 il ötməsinə baxmayaraq, hər zaman Qələbənin, Zəfərin yazıldığı bir il kimi xatırlanacaq. Çünki həmin ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsini böyük Zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu. Həmin möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.
Qürurverici olan odur ki, artıq hər gün ölkəmizin, dövlətimizin həyatına, xalqımızın yaddaşına əlamətdar hadisələrlə yazılır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi də dövlət siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 Noyabr – Kəlbəcər Şəhəri Günü kimi müəyyən olub. Xalq olaraq bu günü qürurla qeyd edirik. Lakin ötən illər ərzində baş verənləri, Kəlbəcər rayonunun necə işğal olunduğunu da unutmuruq.
Bəli, bu gün xalq olaraq azadlığını qürurla dilə gətirdiyimiz cənnətməkan guşələrimizdən biri də Kəlbəcər rayonudur. “Kəlbəcər” toponiminə gəlincə “Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtər çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Qeyd edək ki, Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə (3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir. Kəlbəcər qərbdə Ermənistan Respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir.
Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonun ərazisi 3054 kv. km. təşkil edir. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
Kəlbəcər rayonu 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır.
BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsinə gəlincə Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi.
Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə gəlincə BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır.
Vətən müharibəsi və Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti böyükdür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Vətən müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”.
Siyasətin, hərbi gücün, strateji və taktiki planlamanın uğurlu nəticəsini bütün dünya gördü. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər Şəhəri Günü elan edilməsi qürurvericidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi müəyyən olub.
Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinə gəlincə yaşayış məhəlləsi 3,26 hektar ərazidə layihələndirilib. Yaşayış məhəlləsinin konsepsiyası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə icra olunan Baş plan layihəsi çərçivəsində hazırlanıb. Məhəllədə dördmərtəbəli 3 və ikimərtəbəli 10 yaşayış binasının inşası nəzərdə tutulur. Burada 112 mənzildə ümumilikdə 460 nəfərdən çox sakin yaşayacaq. Məhəllədəki məktəbin ətrafında salınacaq yaşıllıq ərazi ictimai məkan funksiyasını yerinə yetirməklə əhalinin asudə vaxtının səmərəli keçirilməsinə xidmət edəcək.
Yanşaq kəndinin yenidən qurulması və ümumilikdə 421 ailənin məskunlaşdırılması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 121 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 218 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 218 evin 50-si ikiotaqlı, 112-si üçotaqlı, 41-i dördotaqlı və 15-i beşotaqlı olacaq. Burada, həmçinin 264 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək.
Kəlbəcər rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 137 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 350 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 350 evin 100-ü ikiotaqlı, 167-si üçotaqlı, 57-si dördotaqlı, 26-sı isə beşotaqlı olacaq. Burada, həmçinin 360 şagird yerlik məktəb, 120 yerlik uşaq bağçası inşa ediləcək.
Rayonun Zar kəndində ümumilikdə 855 ailənin məskunlaşması planlaşdırılıb. Yaşayış məntəqəsinin salınması üçün 20 illik perspektiv və həmin müddətdən sonrakı inkişaf nəzərə alınmaqla 243 hektardan çox torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Birinci mərhələdə kəndə 547 ailənin köçürülməsi üçün birmərtəbəli fərdi evlərin inşası planlaşdırılır. Tikiləcək 547 evin 131-i ikiotaqlı, 289-u üçotaqlı, 92-si dördotaqlı, 35-i beşotaqlı olacaq. Burada, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası tikiləcək.
Bölgədə infrastrukturun yenidən qurulması, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi mühüm əhəmiyyət daşıyır. Yolun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.
Bölgənin enerji ehtiyatlarından səmərəli istifadəyə gəlincə Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə səfərləri xalqımıza, kəlbəcərlilərə qürur dolu anlar yaşadır.
16.08.2021-ci il tarixli səfər zamanı Ömər aşırımı, 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlıq oldu. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 km uzunluğunda tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimləri keçirildi. 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı oldu. Kəlbəcərdə arıçılarla görüş yaddaşlara yazıldı. Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması qürur dolu anlar bəxş etdi. Kəlbəcər şəhərində “N” saylı hərbi hissədə yaradılmış şəraitlə tanışlıq, dağıdılmış “İstisu” sanatoriyasına, yeni tikilən 51 km uzunluğunda İstisu-Minkənd avtomobil yoluna baxış səfəri əlamətdar etdi.
26.06.2022-ci il tarixli səfərdə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda hərbi hissənin açılışı oldu. Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimləri, Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq oldu.
27.05.2023-cü il tarixli səfər Kəlbəcər rayonunun Yanşaq, Zallar kəndlərinin, Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, məktəb binasının təməlqoyma mərasimləri ilə yadda qaldı. Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının və “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı unudulmaz anlar bəxş etdi. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq, Kəlbəcərdə hərbi hospitalın açılışı səfəri məhsuldar etdi.
25.08.2023-cü il tarixli səfərdə Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının, Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışı oldu. Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq, Kəlbəcərdə Zar kəndinin təməlqoyma mərasimi səfərə rəng qatdı.
07.11.2023-cü il tarixli səfərdə Kəlbəcər rayonunun Vəngli kəndinə baxış keçirildi.
02.09.2024-cü il tarixli səfər Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı, Kəlbəcərdəki Xudavəng monastır kompleksinə baxış, Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıq, Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi, Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanışlıq, Kəlbəcər şəhərində inzibati binanın təməlqoyma mərasimi, Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq, Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışı, Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı, Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışı, Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq, Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlqoyma mərasimi ilə yadda qaldı.
Facebook-da paylaş