• Təqvim

  • Maraq



Qazaxda növbəti maarifləndirici görüş rayonun Orta Salahlı kəndində yaşayan sakinlərlə olub


Son vaxtlar dünyanı narahat edən, ictimai rəydə həyəcan doğuran intihar çox mürəkkəb qlobal ictimai bəla kimi qorxulu və ağrılı mövzuya çevrilməkdə davam edir. İntihar hadisəsini müzakirə etmək heç də xoş və asan deyil. Bununla belə, intihar bütün zamanların ciddi problemi olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər il təxminən 800 min insan intihar edir, hər 40 saniyədən bir kimsə öz həyatına son qoyur. Ciddi sosial problem olan intiharın cəmiyyətin psixoloji durumuna mənfi təsiri böyükdür. Təəssüf ki, son zamanlar Azərbaycan cəmiyyəti intiharla bağlı xəbərlərlə daha çox üzləşir. Qəzetlər, jurnallar və xüsusilə sosial şəbəkələr intiharla bağlı məlumatlarla doludur.

Sentyabrın 3-də Qazaxda intihar, eləcə də intihara cəhd hadisələrinin baş verməsinin minimuma endirilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə xidmət edən   növbəti maarifləndirici görüş keçirilib.

Qazax rayonunun Orta Salahlı kəndində sakinlərlə keçirilən görüşdə intiharın baş vermə səbəbləri, acı fəsadları, intihar hallarının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirləri müzakirə olunub.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin Qazax Rayon İdarəsinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax rayonu üzrə Təhsil Sektorunun, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları, kənd sakinləri iştirak ediblər.


Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Müavin G.Həsənova ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə ardıcıl islahatların aparılmasını, vətəndaşların maddi rifah halının yaxşılaşmasını, əhalinin sosial müdafiəsinin daim diqqət mərkəzində saxlandığını qeyd edərək, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna təşəbbüsü nəticəsində əhalinin bütün təbəqələrinin dövlət qayğısı ilə əhatə olunduğunu bildirib. Müavin son illərdə dünyada ən ciddi sosial mövzulardan biri olan intihar və intihara cəhd edilməsi hadisələrinin digər dövlətlərlə müqayisədə ölkəmizdə dəfələrlə az baş verməsinə baxmayaraq, bu kimi halların qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsinin diqqət mərkəzində saxlanıldığını qeyd edib. Belə halları doğuran səbəb və şəraitin araşdırılması məqsədilə prokurorluq tərəfindən aparılmış elmi-nəzəri və praktiki təhlillərlə intihar hadisələrinin baş verməsinə əsasən psixopatoloji və sosial faktorların səbəb olduğu müəyyənləşdirilib. Müvafiq dövlət qurumlarının yaxından iştirakı ilə zəruri qabaqlayıcı tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. G.Həsənova bugünkü tədbirin əsas məqsədinin intihar hadisələrinin baş verməsini minimuma endirməklə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi məqsədilə maarifləndirici görüş keçirmək, bu sahədə dövlət tərəfindən görülmüş işləri diqqətə çatdırmaq olduğunu qeyd edib. Ümumtəhsil müəssisələrində psixoloqların iştirakı ilə şagirdlərlə mütəmadi maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Bununla yanaşı, bir sıra problemlərlə üzləşən şagird, tələbə və valideynlərlə praktik söhbətlərin aparılmasının, şagirdlərin məktəbdə, ailədaxili və ailədənkənar davranışlarını nəzarətdə saxlamaqla onların ictimai faydalı əməyə, mədəni-kütləvi tədbirlərə, zərərli vərdişlərin yaddan çıxarılmasına kömək edən iş və məşğuliyyətlərə cəlb edilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasını vurğulayaraq bu işdə hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. 


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxışı zamanı intiharın dövrün aktual problemi olduğunu bildirib. Müxtəlif yaş dövrlərində baş verən intiharlar və onun psixoloji səbəbləri, rayon üzrə 2024-cü ilin cari dövründə baş verən intihar hadisələrinin yaş qruplarına görə təsnifatı, intiharın mahiyyəti, səbəbləri, intihara cəhd edən insanın davranışı və psixoloqiyası barədə ətraflı məlumat verib. Cəmiyyətdə intiharlara münasibət, risk qrupları, intihara cəhd edən insanla ünsiyyət zamanı xüsusi davranış qaydalarından və psixoloji yardımın xüsusiyyətlərindən danışıb. İntiharın kökündə daha çox psixoloji problemlərin, sosial və iqtisadi məsələlərin dayanması, insanların psixoloji ehtiyaclarının tam ödənilməməsi, tükənməklik sindromu, laqeyidlik, sevgi qıtlığı və s. kimi amillərin dayandığını diqqətə çatdırıb. Belə hadisələrin qarşısının alınmasında ilkin amil kimi insanın psixoloji ehtiyaclarının ödənilməsi, insanların sosial mühit tərəfindən (ailə, işlədiyi kollektiv, dostları, təhsil aldığı mühit) dəyərləndirilmə, diqqət önəmliliyi, insanlara anlayışla yanaşılma və s. amillərin olmasını söyləyib. Yeniyetmələrlə-valideyn münasibətlərinin düzgün qurulması, onları dinləmək, maraq və qabiliyyətlərinə, potensialına dəyər verərək, şərait yaratmaq, səhvlərinə görə üstünə getməmək, anlayışla izahını vermək kimi amillərin olduğunu diqqətə çatdırıb. Ahıl, yaşlı xəstə insanların intihar səbəbinin kökündə özünü həmin ailədə lazımsız varlıq kimi hiss etməsinin dayandığını vurğulayaraq bu kateqoriyadan olan insanlara xüsusi sevgi və diqqət ayırmağın vacibliyini ön plana çəkib. İntihar hallarının qarşısının alınması üçün lazımi psixoloji məsləhətlər verib.


Qazax Rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən III dərəcəli hüquqşünas Murad Bədəlov çıxış edərək bildirib ki, adından da göründüyü kimi, intihar sözünün mənası öz həyatına qəsd etmə deməkdir. M.Bədəlov qeyd edib ki, intihar və intihara cəhd hadisələrinin araşdırılması, bu qəbildən olan cinayət işlərinin istintaqının aparılması respblikamızda prokurorluq orqanları tərəfindən həyata keçirilir. Hüquqi aspektdən yanaşsaq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi də - özünü öldürmə həddinə çatdırma cinayətini özündə əhatə edir. Özünü öldürmə həddinə çatdırma dedikdə, ümumiyyətlə, həmin əməl o halda cinayət məsuliyyətinə səbəb olur ki, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırdıqda cinayət məsuliyyətinə səbəb olur. Nəticədə həmin əməl sübuta yetirildikdə təqsirləndirilən şəxs – “üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə” ilə cəzalandırılır. M.Bədəlov aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü və maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının qarşısının alınmasının mümkün olduğunu, bugünkü tədbirin də məhz bu məqsədə xidmət etdiyini vurğulayıb.

DTX Qazax Rayon İdarəsinin əməkdaşı Orxan Həsənov çıxış edərək intihar və intihara cəhd hallarını xoşagələməz hadisə kimi dəyərləndirərək bu cür hallara yol verilməməsi üçün hər kəsin bu işdə səfərbər olmalı olduğunu bildirib. İstər adi vətəndaş olsun, istərsə də hər hansı bir sahədə çalışan şəxs olsun, onların intihar etməsinin heç də yaxşı hal olmadığını, törətdikləri əməllərinin ölkəmizə, çalışdıqları qurumlara mənfi təsir göstərdiyini vurğulayıb. Dövlətin yürütdüyü siyasətə qarşı hər bir ölkə vətəndaşını məsuliyyətli olmağa çağırıb. Natiq çıxışı zamanı ətrafda intihar hallarına meyilli olan, intihar edəcəyini söyləyən şəxslər barədə məlumat öyrəndikdə və yaxud müşahidə etdikdə biganə qalmamağı, həmin şəxslərin yaxınlarına, aidiyyəti qurumlara məlumat verməyi, bir insanın həyatını xilas etməklə vətəndaşlıq borcunu yerinə yetirməyi tövsiyə edib.


Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov çıxış edərək qeyd edib ki, yeniyetmə və gənclər arasında vətənpərvərlik tərbiyəsinin və sağlam həyat tərzinin təbliği qarşımızda duran əsas vəzifələrdəndir. Dini radikalizm, erkən nikahlar, narkomaniya və intihar hallarına qarşı birgə mübarizənin aparılması vacib məsələdir. E.Cəfərov daha sonra yeniyetmə və gənclər arasında bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb və tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib. Müasir, müstəqil, qalib Azərbaycan dövlətində intihar və intihara cəhd hallarına rast gəlinməsinin ölkəmiz və cəmiyyətimiz üçün xoşagəlməz hal olduğunu söyləyərək bu sahədə mübarizə tədbirlərində Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi olaraq hər zaman böyük səylə çalışdıqlarını vurğulayıb.


Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun metodisti Məhəmməd Cəfərov çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb, intihar və intihara cəhd hallarının qarşısını almaqda hər bir vətəndaşın üzərinə məsuliyyət düşdüyünü söyləyib. O, yeniyetməlik dövründə intihar hallarının minimuma endirilməsinin tədris prosesinin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayıb. Natiq ölkəmizdə həyata keçirilən təhsil siyasətinin başlıca məqsədinin təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi olduğunu diqqətə çatdırıb.


Uzun müddət məktəb direktoru işləmiş, təqaüddə olan Əməkdar müəllim Bəsdi Ələkbərova çıxış edərək hər hansı bir kiçik məsələyə, çətinliyə görə insanların intihara əl atmasını, öz həyatlarına qəsd etməsini xoşagəlməz hal kimi qiymətləndirib. Bu cür insanlarla rastlaşdıqda onlara dəstək olmaqla, onlarla maarifləndirici söhbət aparmaqla bu kimi hadisələrin qarşısını almağın mümkün olduğunu söyləyib və bu işdə hər kəsin səfərbər olmasını tövsiyə edib.


“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin müdiri Nəzrin Əliyeva çıxışı zamanı bildirib ki,  son vaxtlar əhali arasında intihar, özünə qəsd etmə hallarında müşahidə edilən artım bu mövzuda daha çox maarifləndirici tədbirlərin keçirilməsinə vadar edir. Bu hallar posttravmatik stress pozğunluğu, şizofreniya, şəxsiyyət pozğunluğu, bipolyar pozğunluqlar, depressiya, stres kimi psixatrik xəstəliklərin fonunda yarana bilər. Bu vəziyyətlə qarşılaşan zaman ilk öncə həmin şəxsə edə biləcəyimiz ilkin yardım təcili tibbi yardım çağırmaq, mümkün qədər tez bir zamanda xəstəni xəstəxanaya çatdırmaqdan ibarətdir. Nəzərinizə çatdırım ki, həkimlərə intihar edən şəxs barədə verilən dolğun, ətraflı məlumat xəstənin həyatının xilas olunmasında böyük əhəmiyyət kəsb edir.

Çıxışlardan sonra fikir mübadiləsi aparılıb və təkliflər səsləndirilib.





Facebook-da paylaş