Qazax Rayon Ağsaqqallar Şurasının son dövrdəki fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarının son dövrdəki fəaliyyətləri ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi davam edir. Növbəti yığıncaq may ayının 23-də Qazax rayonunda keçirilib.
Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, icra aparatının məsul şəxsləri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, təşkilatın qərb regionu üzrə kuratoru Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Əməkdar rəssam Rza Avşar, idarə, müəssisə, təşkilat rəhbərləri, təqaüddə olan dövlət qulluqçuları, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev başda olmaqla, qonaqları və tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini bölüşüb. 1999-cu ildə təsis edilmiş Qazax Rayon Ağsaqqallar Şurasının keçmiş sədri olmuş mərhum Sabir Məhərrəmovu ehtiramla yad edən müavin onun illər öncə qoyduğu ənənənin bu gün olduğu kimi davam etdirildiyini söyləyib. 2022-ci ildən Qazax Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş Ramiz Mansurov haqqında səmimi ürək sözlərini çatdıran müavin onun uzun illər Rayon Psixiatriya Xəstəxanasına rəhbərliyi dövründə nümunəvi fəaliyyəti ilə hər zaman seçildiyini, ağsaqqal kimi rayonun ictimai həyatında yaxından iştirak etdiyini bildirib. Şuranın sədri olaraq da ona olan etimadı, üzərinə düşən məsuliyyəti əməli işləri ilə doğrultduğunu qeyd edib. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında ağsaqqal tövsiyəsinin və məsləhətinin əhəmiyyətini vurğulayan G.Həsənova bildirib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub. Müavin rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən mütəmadi olaraq ağsaqqallarla görüşdüyünü, hər zaman onların xeyir-duasını aldığını, ağsaqqal məsləhətinə, tövsiyəsinə həmişə böyük önəm verdiyini diqqətə çatdırıb. Kəndlərdə tərkib hissəsi ağsaqqallardan ibarət yaradılan işçi qruplarının fəaliyyətində də hər zaman ağsaqqalların fikirlərinə, sözlərinə böyük önəm verildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımıza verdiyi dəyərdən söz açan müavin Onun ağsaqqallarımız haqqında söylədiyi "Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrinin hər kəs üçün örnək olduğunu söyləyib. Ulu Öndərin zamanında ağsaqqallara olan qayğısının bu gün ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Ölkə başçısının cəmiyyətimizdə ağsaqqalların roluna çox böyük önəm verdiyini, Azərbaycan ağsaqqallarının tariximizin bütün dövrlərində öz sözlərini dediklərini qeyd edib. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin rəhbərliyi altında Ağsaqqallar Şurasının bu gün ölkəmizin inkişafına, Prezidentimizin yürütdüyü siyasətə öz dəstəyini, töhfəsini verdiyini vurğulayıb. G.Həsənova əsası Ulu Öndər tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikasının özünün ən şərəfli, məsuliyyətli və tarixi dövrünü yaşadığını söyləyib. Ölkə başçısının irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyasının dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablandığını vurğulayıb. Müavin bildirib ki, Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm partiya sədri, həm Prezident, həm də Ali Baş Komandan kimi hər bir vətəndaşımızın maraqlarını müdafiə etmiş, hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübuta yetirmişdir. O, Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək uğurlu daxili və xarici siyasət həyata keçirir. Bunun nəticəsində Azərbaycan müstəqil dövlət olaraq daha da güclənir, dünya miqyasında söz sahibi olan dövlətə çevrilir. Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəbidir. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərildi. Bu gün də belə təsirlər var. Lakin Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyindən dönmədi. Bu gün də bu qətiyyət, siyasi iradə Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə, Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, ölkə vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərilir. Hər bir vətəndaş istəyir ki, təhlükəsiz yaşasın, daim inkişaf etsin, arzularını reallığa çevirsin, ən əsası gələcəyinə ümidlə, inamla baxa bilsin, övladlarının, dövlətinin gələcəyindən arxayın olsun. Bütün bunlar o zaman həqiqətə çevrilir ki, həmin xalqın verdiyi sözü əməli fəaliyyəti ilə yerinə yetirən, sabitliyin qarantı olan, beynəlxalq aləmdə yüksək nüfuz qazanan, ölkənin çiçəklənməsini təmin edən, özünü hər bir azərbaycanlının Prezidenti kimi təsdiqləyən lideri olsun. G.Həsənova qeyd edib ki, bu gün respublika ağsaqqalları ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Dövlətimizin bugünkü inkişafında onların böyük rolu var. Ağsaqqallar həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında da xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər. Qazax ağsaqqalları rayonun ictimai-siyasi, mədəni həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər. Onlar rayonda həyata keçirilən bütün tədbirlərdə diqqət mərkəzində saxlanılır, qayğı ilə əhatə olunurlar. G.Həsənova qeyd edib ki, ölkə Prezidentinin əzmkarlığı, yürütdüyü müdrik siyasət, şanlı Ordumuzun gücü, qüdrəti sayəsində 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində qalib gəldik, 30 illik işğalda olan torpaqlarımız azad olundu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qüdrətli Ordumuz Azərbaycan xalqına doğma Xankəndimizə, Xocalımıza qovuşmağın sevincini bəxş etdi. Müavin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm“ söyləyən Müzəffər Ali Baş Komandanın xalqımıza, qazaxlılara daha bir qələbə sevinci də yaşatdığını qeyd edib. 19 aprel və 15 may 2024-cü il tarixlərinin xalqımızın, qazaxlıların, xüsusilə də doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan sakinlərin yaddaşına qızıl hərflərlə əbədi həkk olunduğunu söyləyib. G.Həsənova vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti sayəsində aprel ayının 19-da Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar zamanı Qazax rayonunun dörd kəndinin – Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin hərbi əməliyyatsız, bir güllə belə atılmadan Azərbaycana geri qaytarılması barədə razılıq əldə olunması, mayın 15-də müvafiq protokolun imzalanması dövlətimizin daha bir uğuru, zəfəridir. Müavin Qarabağda həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində həmin torpaqlarımızda olduğu kimi, Qazaxın kəndlərinin də yenidən qurulacağını, yeni evlərin, infrastrukturların inşa olunacağını, çoxsaylı layihələrin icra ediləcəyini, sakinlərin yaxın zamanda doğma yurdlarına qayıdacaqlarını söyləyib. G.Həsənova Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ağsaqqallarının yenə də öz sözlərini dediklərini, xalqımızın həmrəy olmasında ağsaqqalların vacib rolunun bir daha şahidi olduğumuzu bildirib. Qazax ağsaqqallarının da həm 44 günlük Vətən müharibəsində, həm də pandemiya dövründə rayon əhalisinə mənəvi dəstək olduqlarını diqqətə çatdıran müavin bundan sonra da ölkə rəhbərinin uğurlu siyasətini dəstəkləyəcəklərini söyləyib. Qazax Rayon Ağsaqqallar Şurasının bundan sonra da öz töhfəsini verəcəyini qeyd edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək tədbir iştirakçılarını Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevin adından və öz adından salamlayıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara, ağsaqqal sözünə hər zaman böyük ehtiyac olduğunu diqqətə çatdırıb. Sədr müavini B.Yusifov ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edib. Ölkə başçısının Ulu Öndər Heydər Əliyevin ağsaqqallarımız haqqında söylədiyi "Ağsaqqallarımız milli-mənəvi dəyərlərimizin qızıl fondudur” kimi dəyərli fikrini əsas götürərək bu gün onlara olan qayğını davam etdirməsinin hər kəsə nümunə və örnək olduğunu vurğulayıb. Ağsaqqallar Şurasının üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini bildirib ki, şuranın birinci vəzifəsi regionlarda qurumun bölmələrinin tərkibini yenidən formalaşdırmaqdır. Ən əsası da Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəkləməklə, bu siyasəti regionlarda vətəndaşlarımıza çatdırmaq bizim vəzifələrimiz sırasındadır. 2020-ci ilin xalqımızın yaddaşına və hərb tariximizə qızıl hərflərlə yazıldığını qeyd edən B.Yusifov bu nailiyyətimizin Prezident İlham Əliyevin daxili və xarici siyasətinin məntiqi nəticəsi olmaqla yanaşı, düşmənə və dünya dövlətlərinə Azərbaycan adlı güclü dövləti bir daha tanıtdığını bildirib. Vurğulayıb ki, Azərbaycanda tarix boyu böyük nüfuz sahibi olan ağsaqqallarımızdan cəmiyyətimiz daha təsirli və səmərəli fəaliyyət gözləyir. Unutmamalıyıq ki, ağsaqqallar insanlığa xas olan bütün müsbət keyfiyyətləri özündə cəmləyən nüfuzlu şəxsiyyətlərdir. Bu insanların həyat təcrübəsindən, bilik və bacarığından dövlətimizin, dövlətçiliyimizin inkişafı, gənclərimizin hərtərəfli və əsaslı şəkildə maarifləndirilməsi üçün maksumum istifadə olunmalıdır. B.Yusifov rayon sədrlərini, üzvləri, ağsaqqalları daha fəal olmağa çağıraraq vurğulayıb ki, bu gün cəmiyyətimizdə, təəssüflər olsun ki, boşanmaların sayı gündən-günə çoxalır, bəzi bölgələrdə hələ də erkən nikahlar bağlanır, gənclərimizdə zərərli vərdişlərə, narkomaniyaya, siqaretə aludəçilik problemləri artır. Bütün bu və digər mənfi hallara qarşı cəmiyyətimiz birlikdə mübarizə aparmalıdır və biz ağsaqqallar hər zaman öndə olmalıyıq. O, xüsusilə təhsil müəssisələrində tədbirlərin sayının və effektinin yüksəldilməsini zəruri hesab edərək bildirib ki, ağsaqqallarımız gənclərimzdən öz öyüd və nəsihətlərini, məsləhətlərini heç zaman əsirgəməməli, maarifləndirici işlərini davamlı surətdə həyata keçirməlidirlər. “Ağsaqqallar olaraq xalqımızın başına gətirilən müsibətlərin unudulmaması, gələcək nəsillərə çatdırılması üçün fəaliyyətimizdə davamlı olmalıyıq. Gənclərlə iş sahəsinə xüsusi önəm verməliyik. Əldə etdiyimiz tarixi Qələbənin mahiyyətini gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Bu, bizim mənəvi borcumuzdur. Ağsaqqallıq missiyasını öz üzərimizə götürmüşüksə, bunun məsuliyyətini dərk edərək öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq”, - deyən sədr müavini bu yolda hər kəsi səfərbər olmağa çağırıb. B.Yusifov öz çıxışında Azərbaycanın yaxın tarixini tədbir iştirakçılarına xatırladaraq, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətdə olmadığı illərdə ölkəmizin hansı böyük problemlərlə üz-üzə qaldığını yada salıb. “Şükürlər olsun ki, xalqımızın təkidli istəyi və o cümlədən sıralarında bir çox ağsaqqalın yer aldığı “91-lər”in xahişi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanı sözün əsl mənasında məhv olmaq təhlükəsindən xilas etdi. Dahi şəxsiyyət, fenomen lider Heydər Əliyev əsl ağsaqqallıq missiyasını həyata keçirərək bir daha sübut etdi ki, ağsaqqal yerində olanda hər şey gözəl olur”. Natiq bu gün həmin şərəfli missiyanın Respublika Prezidenti, xalqımızın dəmir iradəsini dəmir yumruğa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilyini bildirərək, dövlət başçısının imza atdığı uğurlardan söz açıb. Bildirb ki, hazırda Azərbaycan və Azərbaycanın alternativsiz lideri, möhtərəm Prezident İlham Əliyev beynəlxalq aləmdə və Türk dünyasında, o cümlədən Türk Dövlətləri Təşkilatında əhəmiyyətli mövqeyə və yüksək nüfuza malikdir. O, həmçinin, dünya səviyyəli dövlət başçılarının Azərbaycana olan maraqlarından, mütəmadi işgüzar və səmərəli səfərlərindən, ölkə başçısı İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradənin və yüksək nüfuzun sübutu olaraq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) respublikamızda keçirilməsinin əhəmiyyətindən ətraflı bəhs edib. B.Yusifov bir daha üzünü tədbir iştirakçılarına tutaraq vurğulayıb ki, biz qalib xalq olaraq qürurverici tarixi bir dövr yaşayırıq. Bu gün hamımız bizə bu möhtəşəm tarixi yaşadan qalib Liderimizin, möhtərəm Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməli və uğurlarımızın davamlı olmağı üçün əlimizdən gələni əsirgəməmliyik.
Hesabat məruzəsi ilə çıxış edən Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurov ona göstərilən etimada görə bir daha minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəmədiyini bildirib. Rayonun ictimai-siyasi həyatında şuranın üzvləri olaraq bundan sonra da fəal olacaqlarını, həyata keçirilən işlərə ağsaqqal mövqelərini bildirəcəklərini söyləyib. R.Mansurov şuranın tədbirlər planına uyğun olaraq şuranın son 1 illik hesabat məruzəsini diqqətə çatdırıb. R.Mansurov qeyd edib ki, Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir. Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan dahi şəxsiyyətin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayan bu tarixi Sərəncamın imzalanması Qazaxlı ziyalıları da sevindirdi və məsuliyyətimizi birə-beş artırdı. Sərəncamın icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq Qazax rayonunda 150-dən artıq müxtəlif adda, müxtəlif mövzuda silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərdən 4-ü beynəlxalq elmi konfrans olmuşdur. Dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində xalqına ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Azərbaycan xalqı Heydər Əliyevi sevirdi, ona inanırdı, ona həmişə dəstək olurdu. O, isə öz həyatını doğma Azərbaycan xalqına həsr etmişdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Bugünkü müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin şah əsəridir. Bu gün hər birimiz qürurla deyə bilirik ki, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir. Natiq Respublika Prezidentinin 25.12.2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildiyini bildirib. Natiq çıxışı zamanı söyləyib ki, Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri yaşayır. Respublika Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı. Azərbaycan xalqı Prezidentin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı. Qələbələrimizin davamı gəlməkdədir, biz ard-arda davamlı olaraq tarixi nailiyyətlərə şahidlik edirik. Ötən günlərdə daha bir diplomatik qələbə xəbərini aldıq və bu xəbər biz qazaxlıları daha da sevindirdi. Cari ilin aprelin 19-da Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşündə 4 kəndimizin - Aşağı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı və Xeyrımlı kəndlərinin geri qaytarılması ilə bağlı razılıq əldə olundu. Mayın 15-də kəndlərin geri qaytarılması ilə bağlı tarixi protokol imzalandı. Bu qələbə münasibətilə Prezidentimizə minnətdarlığımızı bildiririk. R.Mansurov bildirib ki, mətbuatdan və televiziyadan demək olar ki, tez-tez işğaldan azad edimiş ərazilərimizdə minaya düşən vətəndaşlar barədə xəbər alırıq. Bu kimi hadisələr geri qaytarılmış kəndlərimizdə də təkrar ola bilər. Bu kimi halların baş verməməsi üçün soydaşlarımız arasında maarifləndirmə işlərini gücləndirməliyik, bu işdə şura üzvlərini fəal olmağa çağırıram. Rayon ağsaqqallar şurası fəxr edir ki, şəhid valideynlərindən 1 nəfər 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmış kapitan Mühüd Orucovun atası Qurban Orucov bizim şuranın üzvüdür. Həyata keçirdiyimiz tədbirlərdə digər şəhid ailə üzvləri də bizimlə birgə yaxından iştirak etmiş və öz töhfələrini vermişlər. Şəhidlərin xatirə tədbirlərində, ildönümlərinin keçirilməsində, şəhidlərin adlarının əbədiləşdirilməsi yönümündə həyata keçirilmiş tədbirlərdə rayon rəhbərliyi başda olmaqla rayon ictimaiyyəti, onların içərisində ağsaqqallarımız və fəallarımız da mənəvi borc kimi yaxından iştirak edirlər. Rayon Ağsaqqallar Şurasının üzvləri nəinki şəhidlərimizin əziz xatirəsini yad edirlər, eyni zamanda, canlı qəhrəmanlarımız olan qazilərimizi də diqqət mərkəzində saxlayır. Rayon İcra Hakimiyyəti və digər təşkilatlar tərəfindən təşkil edilmiş bayram tədbirlərində, iftar süfrələrində şəhid ailələri ilə bərabər qazilərimiz də həmin tədbirlərdə iştirak edirlər. Biz qazilərimiz ilə görüşür, onların problemləri ilə maraqlanırıq. Ən əsası da rayon rəhbəri qazilərimizi tam diqqətdə saxlayır, onların müxtəlif səpkili problemlərinə özününkü kimi münasibət bəsləyir və həlli istiqamətində ciddi tədbirlər həyata keçirir. Eyni zamanda, Şura üzvləri rayonun tam orta məktəblərində, orta ixtisas və ali təhsil müəssisələrində vətənpərvərlik mövzusunda təşkil edilmiş tədbirlərdə ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparırlar. Dövlət bayramları, əlamətdar günlər, RİH-nin müəyyənləşdirdiyi tədbirlərə şura rəhbərliyi və fəallar müntəzəm qatılır, müzakirələr zamanı fəal mövqe sərgiləyirlər. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun bütün yaşayış məntəqələrində tərkibində ağsaqqallardan ibarət işçi qrupu da yaradılmışdır. Həmin işçi qrupu Rayon İcra Hakimiyyətinin vasitəsilə Rayon Ağsaqqallar Şurası ilə əlaqələndirilir və əhalinin sosial-məişət problemlərinin, narkomaniyanın, boşanmaların, erkən nikahın qarşısının alınması istiqamətində, digər maarifləndirmə tədbirlərində birgə fəallıq nümayiş etdirirlər. Həmin İşçi qrupu Ağsaqqallar Şurası ilə birlikdə problemli ailə məsələlərində yaxından iştirak edir, mənəvi dəstək göstərirlər. Eyni zamanda, çoxuşaqlı ailələr, kimsəsiz uşaqlar və onların mövcud vəziyyəti barədə aidiyyəti qurumlara məlumat verilir.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək cəmiyyətimizdə ağsaqqal sözünə, böyüklüyünə verilən qiymətdən danışıb. Zamanında Ulu Öndərin, bu gün isə onun layiqli varisi Prezident İlham Əliyevin ağsaqqallara verdiyi dəyəri, göstərdiyi hörmət və ehtiramı ziyalı olaraq yüksək qiymətləndirib. Dövlətin və ölkə rəhbərinin ağsaqqlara olan qayğısının bu gün rayonda da hiss olunduğunu, rayon rəhbərliyi tərəfindən hər zaman ağsaqqallara olan səmimi münasibətin, doğmalığın şahidi olduğunu dilə gətirib. Ziyalı olaraq bundan sonra da ağsaqqallarla birlikdə ölkəmizin, eləcə də rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak edəcəyini söyləyib.
Təqaüddə olan Əməkdar idman xadimi Ramiz Tağıyev, Kənd Qida İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Fərhad Qocamanov, AYB-nin üzvü, şairə Tamella Poladlı, Orta Salahlı kənd ağsaqqalı Nəbi Babacanov çıxış edərək Azərbaycan tarixində ağsaqqal sözünün yazılmamış qanun olduğunu və bunun bizim milli mentalitetimizə aid olduğunu söyləyiblər. Ağsaqqallarımızın cəmiyyətimizdəki mövqeyindən söz açan natiqlər onların müharibə dövrlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə hər zaman fəallıq nümayiş etdirdiklərini bildiriblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra, eləcə də ondan əvvəlki dövrlərdə ağsaqqallara daim qayğı göstərdiyini, ağsaqqal məsləhətinə, fikrinə böyük önəm verdiyini diqqətə çatdırıblar. Həmin qayğını bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin davam etdirməsini hər kəsin örnək götürməli olduğunu, ağsaqqal olaraq hər zaman ölkədə və rayonda baş verən hadisələrə biganə qalmamalı, öz vətəndaşlıq mövqeyini göstərməli olduqlarını bildiriblər. Dövlətimizin qazandığı Qələbəni qoruyub saxlamaq üçün ağsaqqal olaraq bu istiqamətdə gənclərlə maarifləndirici görüşlər keçirilməsinin vacibliyini vurğulayıb, əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər.
Məlumat üçün qeyd edək ki, Mansurov Ramiz Dursun oğlu, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Tağıyev Ramiz Cahangir oğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Alıyev Barat Alı oğlu (Barat Vüsal), Aprel şəhidi kapitan Mühüd Orucovun atası Orucov Qurban Mühüd oğlu, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Əkbərov Yasin Mehdi oğlu Qazax Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləridir. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax Rayon Komitəsinin sədri Qurbanov İsgəndər Kərəm oğlu, Çaylı kənd ağsaqqalı Qocayev Qəzənfər Bəhmən oğlu və Cəfərli kənd ağsaqqalı Vəliyev Seyfəddin Ədil oğlu isə Qazax Rayon Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləridir.
GOYEZEN.AZ
Facebook-da paylaş