Qazaxda igid Vətən oğlunun xatirəsi ehtiramla yad olunub
Respublika mətbuatı Qazax haqqında
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli "Rəşadət" ordeni və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri Orxan Əliyevin şəhadətinin 9-cu ildönümü ilə əlaqədar şəhidimizin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıblar.
Birinci müavin M.Alıyev şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, qəhrəman şəhidimizə Allahdan rəhmət diləyib. O, bildirib ki, bu gün Aprel döyüşlərindən 9 il ötsə də, xalqımız o şanlı tarixi, torpaq uğrunda canından keçən şəhidlərimizi unutmur. Aprel döyüşlərində Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü, xalqımızın işğal olunmuş torpaqlarının bir qarışını belə heç zaman güzəştə getməyəcəyini və öz ərazi bütövlüyünü təmin edəcəyini anladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən mühribəsində qazandığı tarixi Qələbə ilə bunu bir daha sübut etdi. "Qarabağ Azərbaycandır!" - deyərək döyüşə atılan igid Vətən oğulları torpaqlarımızı düşməndən azad etməklə, həmin ərazilərdə üçrəngli Azərbaycan Bayrağını dalğalandırdı. 9 il əvvəl Lələtəpədə dalğalanan bayraq artıq işğaldan azad edilmiş bütün torpaqlarımızda ən uca zirvəyə sancılıb. Birinci müavin bu gün Aprel şəhidləri kimi adlarını qürurla səsləndirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun və Orxan Əliyevin Qazaxın, eyni zamanda, bütün Azərbaycanın fəxri olduqlarını qeyd edib.
Şəhidimizin ailə üzvləri göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.
Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı" şöbəsinin "Yol hərəkətinin təşkili" ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Prezident İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar" adlı kitab yazılmışdır.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
10 aprel 2025-ci il
https://respublika-news.az/az/news/qazaxda-igid-veten-oglunun-xatiresi-ehtiramla-yad-olunub
Facebook-da paylaş