Qazaxın Aprel qəhrəmanları
Respublika mətbuatı Qazax haqqında
Aprel döyüşlərindən 9 il ötür. Cəmi dörd gün davam edən bu döyüşlər Azərbaycanın hərb tarixinə parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün əbəs yerə Azərbaycan xalqının və ordumuzun qəhrəmanlığının nümayişi olan Aprel döyüşlərini Vətən müharibəsindəki möhtəşəm Zəfərin başlanğıcı kimi dəyərləndirmirlər.
Aprel döyüşlərinin ən gərgin nöqtələrindən biri Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti idi. Uğurlu əməliyyatlar nəticəsində Tərtər rayonunun Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi və Naftalan şəhərinə yarana biləcək təhlükə aradan qaldırıldı. Digər bir istiqamətdə geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi. Bu döyüşlərdə düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 800-dən çox hərbçisi zərərsizləşdirildi, Suqovuşanda yerləşən qərargahı və əsas hərbi hissələri dağıdıldı. Bununla da Ağdərə-Suqovuşan, Cəbrayıl istiqamətindəki yolları nəzarətdə saxlamaq mümkün oldu.
Prezident, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin ildönümü ərəfəsində bir qrup hərbçi ilə görüşdə dediyi sözlər həmin qələbənin strateji əhəmiyyətini tam dəqiqliyi ilə ifadə edir: "Aprel döyüşləri eyni zamanda ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək".
Azərbaycan Ordusu uğurlu Aprel döyüşlərindən ruhlanaraq iki il sonra daha bir zəfərə imza atdı. 2018-ci ilin mayında Əlahiddə Ümumqoşun Ordu tərəfindən Naxçıvanın Günnüt kəndi və ətraf ərazilərin nəzarət altına alınması bir daha göstərdi ki, haqq işi uğrunda savaşa hər an hazır olan əsgər və zabitlərimiz qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər.
Və belə də oldu. 9 il əvvəl Lələtəpədə ucaldılan Azərbaycan bayrağı indi Qarabağın və Şərqi Zəngəzurun hər yerində, hər yaşayış məntəqəsində, hər yüksəkliyində dalğalanır. Bu gün şanlı döyüş yolu keçən Azərbaycan Silahlı Qüvvələri özünün ən qürurlu illərini yaşayır. Bu qüruru bizlərə Müzəffər Ali Baş Komandan və rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, sağlamlığını itirən qazilərimiz, torpaqlarımız uğrunda canından keçən igid Vətən oğulları yaşadır.
Onların sırasında Qazaxın üç şəhidi - Fərəhli kəndinin qəhrəman oğlu kapitan Mühüd Qurban oğlu Orucov, Yuxarı Salahlı kəndinin igid zabiti baş leytenant Elvin Məmməd oğlu Namazov və Aslanbəyli kəndinin cəsur övladı əsgər Orxan Məhəmməd oğlu Əliyev də var.
Rayon İcra Hakimiyyətinin əməkdaşları və şəhidlərin yaxınları Aprel döyüşlərinin 9-cu ildönümü ilə bağlı igid Vətən oğularının əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev şəhidlərin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişdir ki, bu gün Aprel döyüşlərindən 9 il ötsə də, xalqımız o şanlı tarixi və torpaq uğrunda canından keçən şəhidlərimizi unutmur, ildən-ilə şəhidlərimizə olan hörmət və ehtiramı daha da artır: "Aprel döyüşlərində ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü, xalqımızın ərazi, torpaq məsələsində heç zaman güzəştə getməyəcəyini növbəti dəfə anladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən mühribəsində qazandığı tarixi Zəfər ilə bunu sübut etdi".
Sabir YUNİSOĞLU,
"Azərbaycan" qəzetinin bölgə müxbiri
4 aprel 2025-ci il, səhifə 10
https://www.azerbaijan-news.az/az/posts/detail/qazaxin-aprel-qehremanlari-1743715178/356347
Facebook-da paylaş