• Təqvim

  • Maraq



Qazax şəhəri görkəmini dəyişir

Qazax şəhəri görkəmini dəyişir
Qazax rayonunda son dövrlərdə aparılan infrastruktur layihələri geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyyə və tapşırıqları İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə rayonda uğurla həyata keçirilir. Qazaxda yolların təmiri və yenidən qurulması, park və xiyabanların abadlaşması, ən başlıcası isə uzun illər baxımsız qalmış çoxmənzilli binaların əsaslı təmiri sürətlə davam etdirilir.
Bu günlərdə Qazax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə icra aparatının əməkdaşları, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə təmirdən yeni çıxmış çoxmənzilli binalara baxış keçirildi. İş prosesi ilə yaxından maraqlanan icra başçısı bütün binalara baş çəkdi. Rəcəb Babaşov təmir işləri ilə yaxından tanış olduqdan sonra inşaatçıların gördüyü işləri yüksək qiymətləndirdi. Qazax şəhərində artıq bir neçə aydır ki, çoxmənzilli binaların təmirinə başlanılıb. Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına uyğun olaraq Qazax şəhərindəki 24 çoxmənzilli binalarda təmir işləri həyata keçirilib. Əlavə olaraq daha 15 binada təmir-bərpa işləri həyata keçirilərək yüksək səviyyədə başa çatdırılmışdır. Şəhərdə cəmi 39 çoxmənzilli bina yüksək səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bundan başqa, dövlət proqramına uyğun olaraq təmiri nəzərdə tutulmuş 34 çoxmənzilli binada da təmir işləri tam başa çatdırılıb. Əlavə olaraq 7 binanın təmir olunması nəzərdə tutulmuşdur ki, onlardan da 5-də işlər davam etdirilir. 2 binada isə təmir işlərinə yaxın günlərdə başlanılacaqdır.
Qazax şəhəri görkəmini dəyişir
Qeyd etmək lazımdır ki, binaların dam örtüyündə, fasad hissəsində, dəhliz və bloklarda təmir işləri aparılıb. Eyni zamanda, binaların giriş hissəsinə yeni dəmir qapılar qoyulmuşdur. Təmir edilən binaların həyətlərinə işıq çəkilib. Əlavə olaraq çınqıl döşənərək hamarlanıb. Aparılan bu genişmiqyaslı quruculuq işləri sakinlərin böyük sevincinə səbəb olmuş, onları olduqca məmnun etmişdir. Sakinlərlə söhbət zamanı qeyd etdilər ki, uzun illərdir ki, bu binalarda onlar xoş olmayan şəraitdə yaşayıblar. Belə ki, binaların əksəriyyətinin dam örtükləri bərbad vəziyyətdə olduğundan, yağan yağış mənzillərdə çətin vəziyyətə səbəb olmuş, işıq, su, kanalizasiya sistemləri olduqca bərbad vəziyyətdə olmuş, payız və qış aylarında həyətlərdə palçıq əlindən hərəkətin mümkünsüzlüyü sakinləri təngə gətirmişdir. Heç təsadüfi deyil ki, yarım əsrdən artıq yaşı olan bu binalarda yaşayan insanlar etiraf edirlər ki, birinci dəfədir ki, bu cür xeyirxah missiya həyata keçirilir. Binalara baxış zamanı sakinlərin təklif və iradları dinlənildi, bəziləri yerindəcə həllini tapdı. Sakinlər yaradılan bu şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını ifadə etdilər.
Vəli VƏLİYEV
"Respublika” qəzeti
22 avqust 2017-ci il


Facebook-da paylaş