Ümummilli Lider müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir
Respublika mətbuatı Qazax haqqında
Qazax Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə ziyalılar, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova bildirib ki, müstəqil Azərbaycanın ilk Konstitusiya layihəsinin hazırlanması Respublikamızın tarixində böyük hadisə idi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin təməlini qoydu. Azərbaycanın Əsas Qanunu olan Konstitusiyanın hazırlanması bir daha sübut etdi ki, ölkəyə yalnız yüksək idarəçilik təcrübəsi olan siyasi xadimlər rəhbərlik etməyə qadirdir. Dahi şəxsiyyət hər zaman dövlətçiliyin möhkəmləndirilməsinin, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacib amillər olduğunu bildirirdi. Hazırda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyən müasir Azərbaycan tarixin qüdrətli dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşıb. Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan olunmasını tarixi keçmişimizə, Konstitusiyamıza verilən yüksək dəyərdir. 30 illiyini qeyd etdiyimiz müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiya və 5-ci ildönümünü qeyd etdiyimiz Vətən müharibəsindəki tarixi Zəfərimizin daha dərindən öyrənilməsində xüsusi əhəmiyyəti olan bu Sərəncam dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi, dövlət suverenliyimizin daha da gücləndirilməsi məqsədi daşıyır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında bildirib ki, Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi lider, tarixi hadisələrin gedişatını əvvəlcədən müəyyən edən Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi "Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir" dəyərli sözləri hər bir vətəndaşımızda böyük məsuliyyət yaradır. Azərbaycan dövlətçiliyinin, milli müstəqilliyinin daimi və dönməz xarekter alması, müstəqil və uğurlu daxili-xarici siyasət, beynəlxalq aləmdə nüfuzunun artması və dünya birliyində sivil ölkə kimi tanınması məhz Heydər Əliyevin böyük zəhmətlərinin nəticəsidir. İcra başçısı 2025-ci ilin Respublika Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncam ilə "Konstitusiya və Suverenlik İli" elan edildiyini bildirərək, məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi Zəfərin 5-ci ildönümünü böyük təntənə ilə qeyd ediləcəyini vurğulayıb. Bu Sərəncamın dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialında İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü məktəb-liseyin tarix müəllimi Arzu Abbasova və başqaları çıxış etmişlər.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
24 may 2025-ci il
https://respublika-news.az/az/news/umummilli-lider-musteqil-azerbaycan-konstitusiyasinin-muellifidir
Facebook-da paylaş