• Təqvim

  • Maraq



Qazaxda intellektual yarış keçirilmişdir


Respublika mətbuatı Qazax haqqında

Bakı Dövlət Universitetinin Qazax filialında "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Müasir Azərbaycanın Demokratik Hüquqi Əsasları - Konstitusiyamız" mövzusunda "Nə? Harada? Nə zaman?" intellektual yarış keçirilmişdir.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında düşmən üzərində qazandığımız tarixi qələbədən, eləcə də müəllifi Ulu Öndər Heydər Əliyev olan və 1995-ci ildə qəbul edilən Konstitusiyamızın Azərbaycanın hüquqi dövlət kimi formalaşmasında əsas rol oynadığını diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan vətəndaşı olaraq hər birimiz müstəqil ölkəmizin uğurları, regionda və dünyada söz sahibi olması ilə fəxr edirik.   

Sonra Qazax RİH-in baş məsləhətçisi Gülnar Quluyeva və münsiflər heyətinin üzvü, filialın tələbə həmkarlar ittifaqı komitəsinin sədri, qazi Qılınc Cəfərov yarışın qaydaları haqqında məlumat vermişlər.

Ümumilikdə 12 komandanın qatıldığı yarışda  hər komandada 5 nəfər olmaqla 60 gənc iştirak etmişdir. 2 turda təşkil olunan və hər turda 6 komandanın iştirak etdiyi yarışda iştirakçılara Azərbaycanın Konstitusiyasının qəbul edilməsindən sonra ölkəmizin hüquqi, dünyəvi dövlət quruculuğunda keçdiyi tarixi yol, suverenliyimizin, ərazi bütövlüyümüzün qorunması, möhtəşəm Zəfərimiz, qəhrəman şəhidlərimiz haqqında suallar verilmişdir. Yekun nəticəyə əsasən, "Bayraqdarlar" komandası 1-ci, "Göyəzən" komandası 2-ci, "Xocalı sədası" komandası 3-cü yerə layiq görülmüşlər. Qalib komandalar fəxri fərmanlarla təltif olunmuşlar.

Sabir ƏLİYEV,

"Azərbaycan" qəzetinin bölgə müxbiri 

23 aprel 2025-ci il

https://www.azerbaijan-news.az/az/posts/detail/qazaxda-intellektual-yaris-kecirilmisdir-1745359660/358069 




Facebook-da paylaş