• Təqvim

  • Maraq



Milli kimliyimizin hamisi


Xalqın, millətin milli varlığı, mədəni və mənəvi zənginləşməsində əsas meyar kimi zəruri ünsiyyət vasitəsi olan dil mənəviyyatımızın güzgüsü, varlığımızın sübutudur. Milli kimlik hadisəsi olan dili qorumaq, keşiyində durmaq hər bir insanın vətəndaşlıq borcudur. Çünki hər bir dilin tarixi inkişafı həmin dildə danışan xalqın tarixi ilə sıx bağlıdır, xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə keşməkeşlərdən keçir, tarixin qaynaqlarından süzülür, toplumu xalq, millət edir. Ona görə də varlığımızı şərtləndirən ən mühüm dəyər olan ana dilimiz bizim yaddaşımız, sirdaşımız, ictimai-siyasi, mədəni hadisələrə yol yoldaşımız, ideoloji silahımızdır. Hazırda dünyada 200-dən çox ölkə olsa da, yalnız 70 rəsmi dil mövcuddur. Bunlardan biri Azərbaycan dövlətinin rəsmi Azərbaycan dilidir. Dilimizin bugünkü inkişaf səviyyəsi tarixi keçmişimizə nəzər salanda elə də asan başa gəlməyib. Dövlətimizə, xalqımıza vurulan zərbələr dilimizdən də yan keçməyib. Dahi Nizami Gəncəvinin, Füzulinin əsərləri dilimizə ölməzlik qatıb, Şah İsmayılın tarixi ana dilimizə xidmətləri, Vaqifin, Vidadinin, Vurğunun şirin ləhcəsi, Zərdabinin, Sabirin, Müşfiqin ana dilimizdə yaratdığı inciləri də daxil olmaqla, 50 milyondan çox insanın danışdığı bu dil ilə tanıtdıq dünyaya kimliyimizi, elan etdik müstəqilliyimizin əbədiliyini. Lakin danılmaz faktdır ki, dilimizin inkişafı, dövlət dili olaraq yüksəlişi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu yolda  Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çoxdur. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969-2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötəbər məclislərinin kürsülərindən eşidilməsi Ulu Öndərimizin ana dilimizin inkişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin, son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsidir. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər Heydər Əliyev cəsarətli mövqe nümayiş etdirərək bütün süni məhdudiyyətlərə rəğmən ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olub. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər edib. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev dilimizi dövlətçiliyin əsas atributu, milli mənliyin əsas məsələsi kimi diqqət mərkəzində saxlayaraq totalitar ideologiyanın təzyiqi altında böyük qətiyyətlə Azərbaycan dilinin dövlət dili kimi inkişaf konturlarını müəyyənləşdirmişdir. Məhz buna görə ölkəmizə rəhbərlik etdiyi dövrlərdə dövlətçiliyin əsas atributu olan Azərbaycan dilinin inkişafında Heydər Əliyev öz imzası olan tarixi şəxsiyyətdir. Böyük şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin xilaskarı Ulu Öndərin xalqın varlığı olan Azərbaycan dilinin gələcək nəsillərə ötürülməsi istiqamətində apardığı diplomatiya bənzərsizliyi ilə seçilir. Hələ 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətiriləndə SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta, milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinə dövlət dili statusunun verilməsində əvəzsiz rolu olmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Azərbaycan dilinin inkişafında mühüm rol oynamış vacib qanunverici təşəbbüs olan 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. 


Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsi müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biridir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. 

Ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanmışdır. Prezident İlham Əliyevin 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı  ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb. 

Ölkə başçısı İlham Əliyev demişdir ki, Azərbaycan dili bizi bir xalq kimi, millət kimi əsrlər boyu qorudu. Bizi əsrlərlə qoruyan bu əvəzsiz irs Heydər Əliyev tərəfindən qorundu. Bu sətirlərdə Heydər Əliyev siyasətinə, Heydər Əliyev ideologiyasına qüvvətli inam ifadə olunur. Çağdaş Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə ana dilinin dövlət dili statusu qorunmuş və onun inkişafı yüksək səviyyədə təmin edilmişdir. Ona görə də İlham Əliyevin öz sözləri ilə desək “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili, milli-mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi  həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”.

Ceyhunə HÜSEYNOVA,

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru



Facebook-da paylaş