Qazax Tarix-Diyarşünaslıq Muzeyində “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda dəyirmi masa keçirilib
Ümumdünya Mülki Müdafiə Günü 1 mart 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi bir gündür. Hər il Mülki Müdafiə Günü bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd olunur. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd edilir.
Qazax Tarix-Diyarşünaslıq Muzeyində də 1 Mart - Ümümdünya Mülki Müdafiə Gününə həsr olunmuş "Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru Arzuman Həsənov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov və mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə Mülkü Müdafiə Gününün yaranmasına həsr olunmuş filmə baxılıb.
Muzeyin direktoru Gülnaz Alişanova çıxış edərək bildirib ki, 1993-cü ildən ÜMMT-nin üzvü olan Azərbaycan onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. Təşkilatın vəzifələri həm müasir dövrdə müharibələrin, həm də əmin–amanlıq dövründə güclü istehsalat qəzalarının və təbii fəlakətlərin nəticələrinin ehtimal olunan xarakterindən irəli gəlir. Belə ki, əhalinin mühafizəsi mülki müdafiənin başlıca vəzifəsidir. Mühafizənin əsas üsul və vasitələri isə adamların mühafizə qurğularında yerləşdirilməsi, təhlükəsiz yaşayış məntəqələrinə təxliyəsi, fərdi mühafizə vasitələrindən hamının istifadə etməsidir. Havadan basqın, zəhərlənmə və digər təhlükələr barədə vaxtında xəbərdarlıq, mühafizə üsul və qaydalarının əhaliyə öyrədilməsi də bu vəzifənin yerinə yetirilməsində vacib şərtdir. Qeyd edib ki, hər bir işçi təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı təlimatda nəzərdə tutulmuş davranış qaydalarını bilməli və ona riayət etməlidir.
Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin Dövlət Yanğın nəzarəti şöbəsinin inspektoru Arzuman Həsənov çıxış edərək bildirib ki, bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək, mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Azərbaycanda da mülki müdafiə ilə bağlı genişmiqyaslı işlər görülüb. Bu baxımdan Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar hadisədir. Nazirlik ölkəmizdə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir. Bu məqsədlə Mülki Müdafiə Qoşunlarının balansında olan binalarda, bu sahədə ixtisaslaşan hərbi hissələrdə dünya standartları səviyyəsində əsaslı təmir və yenidənqurma işləri aparılır. Məhz bunun nəticəsində nazirliyin fövqəladə hallarda cavab tədbirlərinin görülməsində, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, hadisələrə çevik və operativ reaksiya verilməsində göstərdiyi səylər xarici tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir. A.Həsənov hər hansı zədə almış və qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Hadisə yerində (işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almağın mümkün olduğunu söyləyib.
MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək qeyd edib ki, bütün işçilər sülh və müharibə dövrlərində fövqəladə hadisə təhlükəsi yaranarsa və ya baş verərsə müəyyən olunmuş fəaliyyət qaydalarını dəqiq bilməli və yerinə yetirməli, həyat və sağlamlığına zərər gətirə biləcək hərəkətlərə yol verməməlidir.
GOYEZEN.AZ
Facebook-da paylaş