Qazaxda şəhid ailələri üçün bayram süfrəsi açılıb və "Şanlı Vətən oğulları" kitabının təqdimatı olub
Respublika mətbuatı Qazax haqqında
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə milli bayramımız olan Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi açılıb. Eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə BDU-nun Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən" qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi sayca üçüncü kitabı - "Şanlı Vətən oğulları" kitabının təqdimatı olub.
"Sultan Süleyman" şadlıq sarayında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səməd Seyidov, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsinin, eləcə də digər döyüşlər zamanı şəhidlik zirvəsinə ucalmış şəhidlərin ailələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, deputat köməkçisi Akif Əmirov çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıb. A.Əmirov bugünkü görüşün əsas məqsədinin şəhidlik zirvəsinə ucalmış oğullarımızın ailələrini bir süfrə ətrafında toplamaq, eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən" qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayılın şəhidlərə həsr etdiyi "Şanlı Vətən oğulları" kitabının təqdimatını etmək olduğunu bildirib. Aparıcı bundan başqa, rayon rəhbərliyinin dəstəyi ilə Qazaxda şəhidlərə həsr olunmuş "Qanları ilə dastan yazanlar" və "Vətəni canından əziz bilənlər" kitablarının nəşr edildiyini diqqətə çatdıraraq yeni kitabın bu qəbildən olan sayca üçüncü kitab olduğunu söyləyib. A.Əmirov qeyd edib ki, Ermənistanla 168 kilometr sərhədi olan Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə, 348 nəfər şəhidlik zirvəsinə yüksəlib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri müqəddəs Ramazan ayının başlanması və qarşıdan gələn milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi ürək sözlərini çatdırıb, onlara sağlam can arzulayıb. "Bu gün bizlər siz şəhid ailələri ilə bir yerdə olmaqdan qürur duyuruq. Sizin bu məclisdə iştirak etməyiniz bizə başucalığı gətirir", - söyləyən icra başçısı tədbirin əhəmiyyətindən danışıb. İcra başçısı kitabın ilk nüsxəsinin nümunə olaraq çap olunduğunu və son tamamlanma işlərinin aparıldığını, yekunlaşdıqdan sonra tam olaraq çap olunacağını, hazır kitabların bayram günlərində şəhidlərin ailələrinə təqdim ediləcəyini vurğulayıb.
Tədbirdə Milli Məclisin deputatı Səməd Seyidov, BDU-nun Qazax filialının Mətbuat xidmətinin rəhbəri, "Göyəzən" qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının sədri Xasay Balayev, şəhid anası Ülviyyə Nəbiyeva, şəhid atası Səməd Nəsibov çıxış ediblər. Şəhid övladı Hüseyn Hacıyev şeir töhfəsi ilə bayram tədbirinə rəng qatıb.
Vəli VƏLİYEV,
"Respublika" qəzetinin bölgə müxbiri
13 mart 2025-ci il, səhifə 15
Facebook-da paylaş