Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib
Qalib Azərbaycan xalqı artıq 4 ildir ki, şanlı Zəfərimizi qürurla qeyd edir. Dörd il öncə 27 sentyabrda başlayan Vətən müharibəsində işğalçı ölkə olan Ermənistanın ordusuna vurulan sarsıdıcı zərbələr, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi tarixi Qələbə əzəli torpaqlarımızın 30 illik işğaldan azad edilməsinə, suverenliyimizin təmin olunmasına yol açdı. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. Darmadağın olan düşmən sonda ağ bayraq qaldırdı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan azad olundu. Əldə etdiyimiz tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borclu və minnətdarıq.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i həm də Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd edilir.
Noyabrın 7-də Qazax Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü münasibətilə fləşmob keçirilib.
Qazax şəhərinin mərkəzində yerləşən dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda 8 Noyabr - Zəfər Günü münasibətilə 700 nəfərin iştirakı ilə “Zəfər Günü” sözü yazılıb. Üçrəngli Azərbaycan Bayrağı fləşmoba xüsusi rəng qatıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov, Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quliyev, Tədris işləri üzrə direktor müavini Vüqar Əyyubov və digər əməkdaşlar tələbələrin, gənclərin təşkil etdiyi şanlı Zəfərimizə həsr olunmuş fləşmobu izləyiblər.
Gənclərlə görüşən rayon rəhbərliyi nümunəvi təşəbbüslərinə görə onlara razılığını bildirib.
Facebook-da paylaş