• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Bilik Günü və 2024-2025-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib


Sentyabrın 15-i Azərbaycanda Bilik Günü kimi qeyd olunur. Bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.  Sentyabrın 16-dan Azərbaycanda 2024-2025-ci tədris ilinə start verilib. 

Sentyabrın 16-da Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 15 Sentyabr - Bilik Günü və 2024-2025-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmovfilialın professor-müəllim heyəti, tələbələr, valideynlər iştirak edib.

Bilik Gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start götürüb. 

Tədbirin aparıcısı, filialın filologiya ixtisasının IV kurs tələbəsi Allahverdi Süleymanov tədbiri açıq elan edərək iştirakçıları salamlayıb, tələbələri ələmatdar gün münasibətilə təbrik edib, səmimi arzularını çatdırıb.  


BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Yeni tədris ilini uğurla başa vurmağı, yeni-yeni nailiyyətlər qazanmağı diləyib. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. “Təhsil hər bir millətin, dövlətin ictimai həyatında mühüm əhəmiyyət daşıyır. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, təhsil hər bir millətin gələcəyidir”, - qeyd edən A.Rüstəmov Azərbaycan təhsil sisteminin gündən-günə uğurla inkişaf etdiyini bildirib. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdirdikləri milli dövlətçilik strategiyası və onun ayrılmaz tərkib hissəsi olan təhsil konsepsiyasının məqsədinin Azərbaycan Respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksəkixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olduğunu qeyd edib. Mövcud konsepsiyanın reallaşması üçün ali təhsil müəssisələri tərəfindən kifayət qədər uğurlu addımlar atıldığını bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Təhsilin inkişafında ölkənin ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin, eləcə də həmin universitetin Qazax filialının regional ali təhsil müəssisəsi kimi oynadığı rolu və filialda olan şəffaf fəaliyyəti tədbir iştirakçılarının diqqətinə çatdıran filial direktoru bu amilin bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. 


Ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə olan diqqət və qayğısını bir ziyalı olaraq yüksək qiymətləndirib və ziyalılar adından öz dərin minnətdarlığını bildirib. Rayon rəhbərinin universitetə hər zaman dəstək olduğunu qeyd edən filial direktoru bu diqqət və qayğıya, səmimi münasibətə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kollektiv adından təşəkkürünü çatdırıb. Bu gün Bilik Günü münasibətilə keçirilən tədbirdə iştirak etməsini, tələbələrin arasında olmasını, onlara səmimi təbriklərini çatdırmasını gənclərə verdiyi dəyər kimi qiymətləndirib. A.Rüstəmov qeyd edib ki, Bakı Dövlət Universitetinin Qazax filialına 2024-2025-ci tədris ili üçün 14 ixtisas üzrə (bu ixtisaslardan həm də 4-ü qiyabi olmaqla) bakalavriat səviyyəsi üzrə 420 plan yeri ayrılmışdır. Qəbulun yekunlarına görə 377 nəfər (89%) qəbul olunmuşdur (100-200 bal 59 nəfər qabiliyyət imtahanı üzrə, 200-300 bal 158 nəfər, 300-400 bal 116 nəfər, 400-500 bal 33 nəfər, 500-600 bal 9 nəfər, 600-700 bal 2 nəfər). Hazırda filialda (2024-2025-ci tədris ili üzrə qəbul istisna olmaqla) əyani şöbə üzrə 1133, qiyabi şöbə üzrə 162 (cəmi 1295 tələbə) və 20 magistr təhsil alır. Eyni zamanda, 2023-2024-cü tədris ilində universiteti 370 nəfər məzun bitirmişdir. “Bu gün əminliklə deyə bilərəm ki, BDU-nun Qazax filialında biz şəffaf mühit formalaşdırmışıq. Filialda heç bir tələbənin haqqı tapdana bilməz. Bizdə tələbələri bir-birindən fərqləndirən yalnız onların elmi biliyi, bacarığıdır. Bunu yuxarı kurslarda təhsil alan tələbələrimiz yaxşı bilir”, - deyən A.Rüstəmov I kurs tələbələrinə qarşıda keçən zamanlarda onların da bunun əyani şahidi olacaqlarını söyləyib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. BDU-nun Qazax filialını seçən tələbələrə razılığını ifadə edən rayon rəhbəri onların ötən müddət ərzində bu filialda hər zaman diqqət və qayğı ilə əhatə olunacaqlarını, şəffaf mühitdə təhsil alacaqlarını söyləyib. İcra başçısı builki Bilik Gününün daha əlamətdar olduğunu, bu il ilk dəfə Xankəndidə Qarabağ Universitetinin açıldığını qeyd edib. İşğaldan azad olunmuş doğma Xankəndidə ilk zəngin çalındığını söyləyib. Bu qürurverici anlara görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə minnətdar olduğumuzu dilə gətirib. 


Rayon rəhbəri bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Rayon rəhbəri çıxışında son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atılmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da danılmaz xidmətləri olduğunu bildirib. 

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb, tələbə adını qazanaraq BDU-nun Qazax filialında təhsil alacaq gənclərə yeni qədəm qoyduqları həyatda uğurlar arzulayıb. M.Yusifov filial rəhbərliyi ilə yanaşı, rayon rəhbərliyi tərəfindən də tələbələrə daim qayğı göstərildiyini, təhsil aldıqları müddətdə bunun əyani şahidi olacaqlarını vurğulayıb. Natiq çıxışında filialda yeni həyata qədəm qoyan tələbələrin şəffaf mühitdə yüksək səviyyədə təhsilə yiyələnəcəklərini vurğulayıb.  


Filialın Dillər, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova çıxış edərək öz növbəsində tələbələri, onların valideynlərini təbrik edib, xoş azrularını səsləndirib. İ.Arıxova tələbələrə təhsil alacaqları ötən 4 il ərzində böyük uğurlar, nailiyyətlər, müvəffəqiyyətlər qazanmağı arzulayıb. Aldıqları yüksək təhsillə ölkəmizi layiqincə təmsil etməyi, yüksəkixtisaslı kadrlar kimi dövlətə, xalqa layiqincə xidmət etmələrini diləyib. 


Filialın Mətbuat xidmətinin rəhbəri Elçin Məmmədov çıxış edərək əlamətdar gün münasibətilə tələbələri təbrik edib, xoş arzularını səsləndirib. Tələbələrin yaxın dostu olan rayon rəhbərliyinə daim onlara göstərdiyi diqqətə, qayğıya görə razılığını ifadə edib. Bilik Günü münasibətilə qələmə aldığı və tələbələrə həsr etdiyi “Filialda” adlı şeiri ilə bir daha səmimi ürək sözlərini çatdırıb. 


Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına 602 balla qəbul olmuş I kurs tələbəsi Surəyya Kazımlı çıxış edərək tələbə yoldaşlarını təbrik edib, səmimi ürək sözlərini bölüşüb. “Qəbul imtahanında yüksək nəticə göstərərək BDU-nun Qazax filialını seçmişəm. Çünki Qazax ziyalılar, ailmlər yurdudur. Qazaxda təhsilə daim yüksək dəyər verilir. Mənim bacım da bu filialda təhsil alır. Ondan aldığım məlumata əsasən bilirdim ki, burada tədris yüksək səviyyədə aparılır. Məhz buna görə mənim ilk seçimim BDU-nun Qazax filialı oldu. Oxduğum 4 il ərazində çalışacağam ki, filialın adını daim uca tutum, mənə yaratdıqları şansdan layqincə istifadə edim və əldə etdiyim nailiyyətlərlə öz töhfəmi verim. Ən əsası isə mən əldə etdiyim bugünkü uğuruma, tələbə adını qazanmağıma görə üzərimdə əziyyəti olan valideynlərimə, müəllimlərimə, mənə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm”, - deyə gənc tələbə fikirlərini ifadə edib. 

Filialın Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına 600 balla qəbul olmuş I kurs tələbəsi Aysu Yusubova da çıxış edərək tələbə yoldaşlarına təbriklərini və ürək sözlərini çatdırıb. Gənc tələbə öncə şəhidlərimizi yad edərək əziz xatirələrini ehtiramla anıb, qazilərimizə cansağlığı arzulayıb. Rahat şəkildə gəzməyinə, təhsil almağına, nailiyyət əldə etməyinə görə onlara borclu olduğunu dilə gətirib. Ona göstərilən mənəvi dəstəyə, əldə etdiyi yüksək nəticəyə görə valideynlərinə, müəllimlərinə təşəkkür edib. BDU-nun Qazax filialını seçməkdə əsas məqsədinin regionun inkişafına dəstək olmaq və yerli potensialı artırmaq olduğunu bildirib. Filialda oxuduğu 4 il ərzində əldə etdiyi elmi bilik sayəsində qarşısına qoyduğu məqsədə çatacağına əminliyini ifadə edib. 

I kurs tələbəsi Surəyya Kazımlının valideyni Aynur Süleymanova çıxış edərək tələbələri, onların valideynlərini təbrik edib, səmimi ürək sözlərini çatdırıb. “Əziz tələbələr mən özüm də BDU-nun məzunu olmuşam. Bu universitetin, eləcə də onun filialının tədris səviyyəsinə bələd olduğum üçün bu gün mənim övladım da məhz bu filialda təhsil alacaq. Bu ali təhsil ocağında iki övladım təhsil alacaq. Övladım Surəyyanın yüksək nəticə əldə etməsinə baxmayaraq filialı seçməsi filialda olan şəffaf mühitdən, tədrisin yüksək səviyyədə aparılmasından irəli gəlir. Ümid edirəm ki, valideynlərinin etibarını qazanan siz tələbələr gələcəkdə filialın professor-müəllim heyətinin etimadını da qazanaraq filialın adını daim uca tutacaqsınız”, - deyə valideyn fikirlərini ifadə edib.

Sonra icra başçısı I kursda təhsil alacaq tələbələrin valideynləri ilə görüşüb, onlarla filialda olan nizam-intizam, şəffaf mühit, filialın kollektivi tərəfindən tələbələrə göstərilən qayğı barədə fikirlərini bölüşüb, övladlarının əmin əllərdə olduqlarını qeyd edib. Rayon rəhbərliyi olaraq da hər zaman tələbələrimizə qayğı göstərdiyini və bundan sonra da həmin qayğının davam etdiriləcəyini vurğulayıb. Valideynlər də öz növbələrində rayon rəhbərliyinə, filialın kollektivinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşün övladlarının Qazaxda tam təhlükəsiz, qayğısız, yüksək səviyyədə təhsil almalarına onlarda əminlik hissi yaratdığını vurğulayıblar. 

Sonda rayon rəhbərliyi tələbə və valideynlərlə xatirə şəkilləri çəkdirib.  



Facebook-da paylaş