• Təqvim

  • Maraq



İcra başçısı BDU-nun Qazax filialının pedaqoji təcrübə və internatura keçən tələbələrinin açıq dərslərində iştirak edib


Bakı Dövlət Universitetinin Qazax filialında buraxılış kurs tələbələrinin 2023/2024-cü tədris ili üçün təcrübə (pedaqoji,  tədris,  istehsalat) və internatura prosesi başlayıb. Cari ilin 16 fevral tarixindən start götürən təcrübə və internatura may ayının 24-dək davam edəcək.

Təcrübə və internaturada İbtidai sinif müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Tarix, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Filologiya, Fiziki tərbiyə və çağırışaqədərki hərbi hazırlıq, Kimya və biologiya müəllimliyi, Məktəbəqədər təhsil, Təhsildə Sosial Psixoloji Xidmət, Turizm və otelçilik, Sosial iş ixtisaslarının IV və V kurslarında təhsil alan tələbələr iştirak edirlər. 

Ümumilikdə, 340 nəfər tələbə təcrübə və internaturada iştirak edir. Tələbələr Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə (162 nəfər), İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə (53 nəfər), Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçasında (10 nəfər), 6 saylı Körpələr Evi-Uşaq bağçasında (10 nəfər), “1-inci” Psixologiya Mərkəzində (20 nəfər), Qazax Olimpiya İdman Kompleksində (20 nəfər), BDU-nun Qazax filialında (65 nəfər) təcrübə keçirlər.

Təcrübə vaxtı Turizm və otelçilik ixtisasında 10:00-dan 12:00-dək, BDU-nun Qazax filialında 14:00-dan 16:00-dək, qalan bütün ixtisaslarda isə 08:00-dan 13:00-dək davam edir. 

Hər kəsə yaxşı məlumdur ki, son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə elm və təhsilin inkişafına göstərdikləri qayğı, bu istiqamətdə imzalanan çoxsaylı fərman və sərəncamlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına böyük zəmin yaradıb. Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin, ali təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın şəkildə görmək olar. 

Son dövrlər Qazax rayonunda müəllim və şagirdlərə, ali təhsil ocağında təhsil alan tələbələrə olan səmimi münasibət, göstərilən qayğı bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarından biri də Bakı Dövlət Universitetinin Qazax filialıdır. Rayon rəhbərinin mütəmadi olaraq filialın professor-müəllim heyəti və tələbə kollektivi ilə görüşməsi, təşkil olunan tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin bariz nümunəsidir.

Bu gün rayon rəhbərinin BDU-nun Qazax filialının pedaqoji təcrübə və internatura keçən tələbələrinin açıq dərslərində iştirak etməsi, gələcəyimizin gənc müəllimlərini dinləməsi təhsil sahəsinə və gələcəyimiz olan gənclərə qayğısının daha bir əyani sübutudur. 

Aprelin 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, Tədris şöbəsinin müdiri dosent Hürü Şamilova, Təcrübə rəhbəri Mətanət Məmmədova, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun baş məsləhətçisi Əziz Məmmədov Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə olub, burada pedaqoji təcrübə və internatura keçən tələbələrin dərslərində iştirak ediblər. 

Rayon rəhbərliyi Riyaziyyat və informatika müəllimliyi ixtisasının V kurs tələbəsi Turanə Həsənovanın V C sinifində keçdiyi Riyaziyyat dərsini, Tarix və coğrafiya müəllimliyi ixtisasının V kurs tələbələri Fariz Quliyevin VIII C sinifində keçdiyi Tarix dərsini, Xəyal Tağıyevin VI C sinifində keçdiyi Coğrafiya dərsini dinləyib, onların dərsə hazırlıq səviyyəsi və şagirdlərlə işləmək bacarığı ilə maraqlanıb. İcra başçısı gənc müəllimlərə çətin və şərəfli işlərində uğurlar arzulayıb. 

Daha sonra rayon rəhbərliyi təcrübə və internatura keçən digər tələbələrlə də görüşüb. İcra başçısı Rəcəb Babaşov çıxış edərək müqəddəs Ramazan bayramı münasibətilə tələbələri təbrik edib, səmimi ürək sözlərini çatdırıb. Dövlətimiz tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan rayon rəhbəri Аzərbаycаn elminin, təhsilinin inkişafında Ulu Öndər Hеydər Əliyеvin misilsiz xidmətləri olduğunu bildirib. Ölkəyə rəhbərliyinin bütün dövrlərində Ümummilli Liderin bu sаhəyə daim diqqət və qаyğı ilə yanaşmasından söz açıb. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Respublika Prezidenti İlham Əliyevin ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verdiyini bildirib. Təhsil sahəsinin ildən-ilə inkişaf etməsində Heydər Əliyev Fondunun prezidenti, Birinci   vitse-prezident Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri olduğunu qeyd edən rayon rəhbəri fondun həyata keçirdiyi çoxsaylı işlərdən danışıb. İcra başçısı Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə olduğu kimi, Qazaxda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni-yeni məktəblərin inşa olunmasını və ya əsaslı şəkildə yenidən qurulmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. Ölkə başçısı İlham Əliyevin söylədiyi “Təhsil inkişaf etməlidir ki, dövlət də inkişaf etsin” kimi dəyərli fikrini tələbələrin diqqətinə çatdıran rayon rəhbəri təhsil sahəsinin inkişaf etməsində məhz gənc müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Ona görə də Ulu Öndərin “Təhsil millətin gələcəyidir” kəlamının fəaliyyətləri dövründə şüar olmasını qeyd edərək bütün müəllimlərin, xüsusilə də ibtidai sinif müəllimlərinin daim öz üzərilərində çalışmalarını, təcrübəli müəllimlərdən bəhrələnməyi tövsiyə edib. Azərbaycan təhsilinin, körpə balaların parlaq gələcəyi naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi müəllim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb. 

Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov rayon rəhbərliyinin filiala olan qayğısından söz açaraq bugünkü iştirakına və görüşünə görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. M.Yusifov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü ifadə edib. M.Yusifov tələbələrə yaradılan şəraitə görə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Yaşar Əliyevə və məktəbin kollektivinə də minnətdarlığını bildirib.

Tələbələrdən Xədicə Qafarova və başqaları çıxış edərək onlara verdiyi dəyərə görə rayon rəhbərinə təşəkkürlərini çatdırıblar. Qeyd ediblər ki, “Bugünkü görüş bir daha onu göstərdi ki, dövlətimiz təhsil sahəsinə xüsusi qayğı ilə yanaşır. Biz tələbələr bu gün sizin sayənizdə həmin qayğının şahidi olduq. Bu görüş gələcəkdə gənc müəllim kimi fəaliyyətimiz dövründə bizlərə böyük stimul olacaqdır. Eyni zamanda da üzərimizə böyük məsuliyyət hissi qoyur. Biz də çalışacağıq ki, dövlətimizin bizə olan etimadını öz nailiyyətlərimizlə doğruldaq”. Tələbələr onlara yaradılmış şəraitə görə məktəb rəhbərliyinə təşəkkür edib, tələbələrin təcrübə zamanı pedaqoji fəaliyyətlə yanaşı, eyni zamanda, məktəbdə idarəçilik bacarıqlarını da inkişaf etdirdiklərini vurğulayıblar.

Riyaziyyat və informatika müəllimliyi ixtisasının V kurs tələbəsi Turanə Həsənovanın dərsindən

Tarix və coğrafiya müəllimliyi ixtisasının V kurs tələbəsi Fariz Quliyevin dərsindən

Tarix və coğrafiya müəllimliyi ixtisasının V kurs tələbəsi Xəyal Tağıyevin dərsindən

Tələbələrlə olan görüşdən

GOYEZEN.AZ



Facebook-da paylaş