• Təqvim

  • Maraq



Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olub

Fevralın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Qazax rayonuna səfəri çərçivəsində Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olub, burada təhsil alan tələbələr üçün “Britaniya-Azərbaycan əlaqələri” mövzusunda məruzə oxuyub. 

Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində keçirilən görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, ADA Universitetinin Xarici Əlaqələr və Tələbə İşləri üzrə prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Mərkəzdə təhsil alan tələbələr, rayonun fəal gəncləri iştirak ediblər.  

 

ADA Universitetinin Xarici Əlaqələr və Tələbə İşləri üzrə prorektoru Fariz İsmayılzadə çıxış edərək səfir Fergus Auldu və görüş iştirakçılarını ADA Universitetinin rektoru Hafiz Paşayevin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Səfir F.Auldu  Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində qarşılamaqdan məmnunluq duyduğunu bildirib. Gənclərlə keçirilən görüşün əhəmiyyətindən söz açaraq bugünkü günə görə səfirə razılığını ifadə edib. 


“Britaniya-Azərbaycan əlaqələri” mövzusunda geniş məruzə ilə çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld görüş iştirakçılarını salamlayıb, Qazax rayonuna səfəri çərçivəsində Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində olmaqdan, burada təhsil alan tələbələrlə, qazaxlı gənclərlə görüşməkdən məmnun olduğunu dilə gətirib. Səfir bugünkü görüşə görə ADA Universitetinin rektoru Hafiz Paşayevə razılığını ifadə edərək bu görüşdən xoş təəssüratla ayrılacağını bildirib. Səfir F.Auld ona göstərilən xoş münasibətə, qonaqpərvərliyə, Böyük Britaniya dövlətinin, xalqının, eləcə də özünün ünvanına söylənilən xoş sözlərə görə rayon rəhbərliyinə bir daha minnətdarlığını bildirib. Səfir çıxışında uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcud olduğunu qeyd edib. Azərbaycanla Böyük Britaniya arasında olan dostluq əlaqələrinin bütün dünya dövlətlərinə nümunə olduğunu söyləyib. 

Səmimi söhbət əsasında keçən görüşdə səfir F.Auld gəncləri maraqlandıran sualları cavablandırıb, iki ölkə arasındakı münasibətlə bağlı fikirlərini bölüşüb. 

Sonra səfir Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi ilə tanış olub. Səfirə Mərkəzdə yaradılan şərait, təhsilin inkişafı naminə həyata keçirilən layihələr, tədris olunan fənlər barədə ətraflı məlumat verilib.

Sonda səfir F.Auld görüş iştirakçıları ilə xatirə şəkilləri çəkdirib. 



Facebook-da paylaş