• Təqvim

  • Maraq



Vətən müharibəsi şəhidi çavuş Timur Əliyev ildönümündə ehtiramla anılıb


2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi, İkinci Qarabağ savaşı xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı. O Vətən müharibəsi ki, torpaqlarımız uğrunda gedən haqq savaşımız oldu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız bu haqq savaşında Qələbə qazanaraq döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazdılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar. Mənfur düşmənlə yanaşı, bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü dövlətdir və apardığı savaş haqq savaşıdır. Bu savaş birlik savaşıdır! Yüzlərcə elindən, obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, vətənsiz böyüyən vətən övladlarını Qarabağımıza yenidən qaytarmaq uğrunda gedən savaş­dır! Bəli, bu savaş Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 noyabr yaddaşlara tarixi Qələbənin yazıldığı gün kimi həkk olundu. 

Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də şəhid çavuş Əliyev Timur Nurəddin oğludur. 


Oktyabrın 30-u 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 3 il ötür. Bu gün Timur Əliyev kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur. 


Oktyabrın 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, şəhid ailələri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu söylənilib. Vətən üçün canını fəda edən Timur Əliyev kimi oğulların döyüşdə göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an bizim qəlbimizdə yaşayacağı qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Timur kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğu bildirilib. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib.

Şəhid Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb. 

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Xanlıqlar kəndində qəhrəman şəhidin adını əbədiləşdirən bulaq inşa olunmuşdur. 



Facebook-da paylaş