Qazaxda 2024-cü ilin məhsulu üçün aparılan səpin işləri və qışa hazırlıqla bağlı müşavirə keçirilib
Oktyabrın 20-də Qazax rayonunda 2024-cü ilin məhsulu üçün aparılan səpin işləri və qışa hazırlıqla bağlı müşavirə keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahov, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifov, Qazax Elektrik Şəbəkəsinin rəisi Namaz Mənsimov, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin rəis müavini Şahlar Əsədov, RİH başçısının kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, Bələdiyyə sədrləri, Sudan İstifadə Birliklərinin (SİB) direktorları iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Prezident İlham Əliyevin 2003-cü il 15 oktyabr tarixində ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 20 il ötdüyünü bildirib. Ölkə Prezidentinin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində müstəqil Azərbaycanın bu gün bütün sahələrdə inkişaf etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qalib sərkərdə, dövlətimizin qalib dövlət kimi tanındığını vurğulayıb. Ölkə başçısının 20 illik fəaliyyəti dövründə dövlət siyasətinin əsasını vətəndaş amilinin təşkil etdiyini söyləyib. Dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin bu gün hər bir dövlət məmuruna nümunə olmaqla yanaşı, həm də iş fəaliyyətinin tərkib hissəsi olmalı olduğunu qeyd edib.
İcra başçısı Rəcəb Babaşov hazırda ölkəmizdə qeyri-neft sektorunun inkişafının dövlət siyasətinin prioritet sahələrindən biri olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərdiyini qeyd edib. Dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verdiyini vurğulayıb. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olduğunu qeyd edən icra başçısı aqrar sektorun həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
İcra başçısı son illər Qazaxda bütün sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Rayon rəhbəri qeyd edib ki, bugünkü müşavirənin əsas məqsədi rayon ərazisində 2024-cü ilin məhsulu üçün aparılan səpin işlərini və qışa hazırlığı, bu sahədə görülmüş və görülməsi nəzərdə tutulan işləri müzakirə etməkdir. Rayon rəhbəri 2024-cü ilin məhsulu üçün 6000 hektarı arpa, 5000 hektarı buğda olmaqla, 11000 hektar sahədə taxıl səpininin nəzərdə tutulduğunu bildirib. Bu günə kimi 8764 hektar sahədə şumlanma işlərinin aparıldığını vurğulayıb. Hazırki vəziyyətə şumlanmış torpaq sahəsindən 486 hektarı arpa, 59 hektarı buğda olmaqla, 545 hektarda səpin işlərinin aparıldığını söyləyib.
“Hər bir dövlət məmuru bilməlidir ki, görülmüş bütün işlərin arxasında vətəndaş məmnunluğu dayanır. Çalışmalıyıq ki, qarşıdan gələn növbəti mövsümdə də vətəndaşların suvarma ilə bağlı heç bir problemi olmasın. Əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də sudan qənaətlə istifadə olunmasının vacibliyini dərk edərək bu sahədə olan tədbirlərə əməli işlərimizlə dəstək olmalıyıq. Bunun üçün suvarılan sahələrdə şumlanma və səpin işləri vaxtında başa çatdırılmalıdır. Vətəndaş bilməlidir ki, səpin işlərini nə qədər tez qurtararsa, o qədər də vaxtında suvarma suyu ilə təmin olunacaqdır”, - deyən icra başçısı bugünkü müşavirənin məhz bu məqsədi daşıdığını, vətəndaşlara bununla bağlı aidiyyəti şəxslər tərəfindən məlumat verilməli olduğunu qeyd edib.
İcra başçısı əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə təmin olunması üçün hər il olduğu kimi, bu il də qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb. Ən əsası da mövcud suyun qənaətlə istifadə edilməsi üçün kəndlərdə gecə və gündüz olmaqla, növbəlilik cədvəlinin tərtib olunmasının vacibliyini, kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və SİB-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. Bu sahədə verilən tapşırığın ciddiliyini dərk edərək qeyd edilən məsələlərə məsuliyyətlə yanaşmalarını bildirib və aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Müşavirədə payız-qış mövsümünün başlanması ilə əlaqədar elektrik enerjisinin gərginliyi və qazın təzyiqi ilə bağlı məsələlər müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov müşavirəyə yekun vuraraq bildirib ki, bizim kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində gördüyümüz bütün işlər demək olar ki, proqramlı şəkildə davam etdirilir. Bu isə o deməkdir ki, qarşıya qoyduğumuz məqsədə çatmaq üçün əməli işləri daha da artırmalıyıq. Ölkə başçısının yeni iş yerlərinin yaradılması baxımından kənd təsərrüfatının inkişafına yüksək təkan verməsindən, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən müsbət nəticə çıxararaq öz töhfəmizi verməliyik. Üzərimizə düşən işlərin öhdəsindən layiqincə gələrək bütün sahələrdə ön sırada dayanan Qazaxda kənd təsərrüfatı sahəsində də yüksək göstəricilərə nail olmalıyıq.
GOYEZEN.AZ
Facebook-da paylaş