• Təqvim

  • Maraq



İcra başçısı BDU-nun Qazax filialında bakalavriat və magistr pilləsində təhsil alan bir qrup tələbələ ilə görüşüb


Fəaliyyətə başladığı ilk gündən gənclərə, məktəblilərə, ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələrə qayğı göstərən, diqqət ayıran rayon rəhbərliyi illər öncə əsası qoyulan ənənəni bu gün də davam etdirir. 

Oktyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun 2023/2024-cü tədris ilində Bakı Dövlət Universitetinin Qazax filialında bakalavriat və magistratura pilləsində I,II,III,IV,V kurslarda təhsil alan bir qrup tələbə ilə görüşməsi, onların qayğıları, məişət şəraitləri ilə maraqlanması həmin diqqət və qayğının bariz nümunəsidir.  

 

Qazax Rayon İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Rəcəb Babaşov tələbələri salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Gələcəyin müəllimi olan tələbələri və filialın müəllim kollektivini qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, ən xoş ürək sözlərini çatdıraraq gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin "Təhsil millətin gələcəyidir” ifadəsini səsləndirən icra başçısı gələcəyimiz olan gənclərin yüksək səviyyədə təhsil almaları üçün dövlət tərəfindən hər cür diqqət və qayğı göstərildiyini qeyd edib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin də ölkədə təhsil siyasətini uğurla davam etdirdiyini, "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verdiyini bildirib. Son illər ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atılmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın da danılmaz xidmətləri olduğunu söyləyib. İcra başçısı Fond tərəfindən "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində bütün bölgələrimizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, yeni-yeni məktəblərin, ali təhsil ocaqlarının inşa olunmasını və ya əsaslı şəkildə yenidən qurulmasını bu sahədə görülən işlərin bariz nümunəsi kimi qiymətləndirib. 


Təhsilin inkişafında ölkənin ən nüfuzlu universiteti olan Bakı Dövlət Universitetinin, eləcə də həmin universitetin Qazax filialının regional ali təhsil müəssisəsi kimi oynadığı rolu və filialda olan şəffaf fəaliyyəti, yaradılan şəraiti qeyd edən icra başçısı bunun arxasında gənclərə olan dövlət qayğısının dayandığını bildirib. İcra başçısı filialda olan nizam-intizamın, şəffaf mühitin, filialın kollektivi tərəfindən tələbələrə göstərilən qayğının bu gün hər kəsə nümunə olduğunu vurğulayıb. Rayon rəhbəri qeyd edib ki, BDU-nun Qazax filialında təhsil alan tələbələrin məktəblərdə keçirilən aktiv pedaqoji təcrübə zamanı göstərdikləri nəticələr bir daha onu sübut edir ki, filialda yüksək ixtisaslı kadrlar formalaşır. “Siz gənclər də dövlət tərəfindən göstərilən qayğını yüksək qiymətləndirərək öz bilik və bacarıqlarınızı, əldə etdiyiniz nailiyyətləri hər zaman artıracaqsınız”, - deyən icra başçısı bu işdə onlara bir daha uğurlar arzulayıb. “Siz tələbələrin yüksək səviyyədə təhsil almağınız üçün filialda hər cür şərait yaradılıb. Rayon rəhbəri olaraq hər zaman yanınızdayam. Siz gənclərə olan diqqət və qayğı bundan sonra da olacaq”, - deyən rayon rəhbəri yaxşı oxumaq üçün tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. BDU Qazax filialının tələbələri olaraq həm təhsil aldıqları ali təhsil müəssisəsinin, həm də yaşadıqları, doğulub boya-başa çatdıqları rayonun, bölgənin adını həmişə uca tutmalarını tövsiyə edib. 

BDU Qazax filialının direktoru, dosent Arif Rüstəmov, filialın Tədris və elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov çıxış edərək universitetdə təhsil alan tələbələrə hər zaman dəstək olduğuna, diqqət və qayğı, səmimi münasibət göstərdiyinə görə rayon rəhbərliyinə filialın kollektivi və tələbləri adından təşəkkürlərini çatdırıblar. Tələbələrlə olan bugünkü görüşü gənclərə verilən dəyər kimi qiymətləndiriblər. Tələblərlə olan bu görüşün onların həyatında, gələcək fəaliyyətlərində silinməz izlər qoyacağını, ən xoş anlarla yaddaşlarına yazılacağını qeyd ediblər. 

Tələbələr də öz növbələrində bugünkü görüşə və onlara olan qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 

GOYEZEN.AZ



Facebook-da paylaş