• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

 

2020-ci ilin 27 sentyabr tarixindən artıq 3 il arxada qalır. O tarix ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Azərbaycan xalqının 30 illik yurd həsrətinə cəmi 44 gündə son qoyuldu. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, qazilərimizin şücaəti sayəsində azadlığına qovuşdu. 

Ölkə Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən 27 Sentyabr - Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. İllər keçsə də Azərbaycan xalqı bizə tarixi Qələbəni bəxş edən, ölkəmizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda canlarından keçərək qəhrəmanlıq salnaməsi yazan şəhidlərimizin xatirəsini hər zaman əziz tutur.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da 27 Sentyabr - Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.  


Növbəti tədbir sentyabrın 26-da Bakı Dövlət Universitetinin Qazax filialında təşkil olunub.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. 


44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.                                                


Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent  Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsində tarix yazan oğullarımıza ehtiramın ifadəsi olan 27 Sentyabr - Anım Gününə həsr edilmiş tədbirdə iştirak etdiyinə, daim tələbələrin yanında olduğuna görə rayon rəhbərliyinə razılığını ifadə edib. A.Rüstəmov 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər haqqında nəinki bu gün, illər ötsə belə hər zaman qürurla danışılacağını, gələcək nəsillərə ötürüləcəyini qeyd edib. 


Əldə etdiyimiz Zəfərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını, eyni zamanda, bu Zəfərlə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adının da həm hərb tariximizə, həm də xalqımızın qəlbinə əbədi həkk olunduğunu bildirib. Tarixi Zəfərimizi qeyd etməklə hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Vətən yolunda canlarını fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olacağımızı söyləyib. A.Rüstəmov 44 günlük haqq savaşında qazandığımız Zəfərə görə həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevə minnətdar olduğumuzu qeyd edib. Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Ali Baş Komandan tərəfindən uğurla davam etdirilməsi sayəsində şanlı Azərbaycan Ordusunun tarix yazdığını vurğulayıb.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov  çıxış edərək tədbir iştirakçılarını, filialın müəllim-tələbə kollektivini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri ölkə başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildirib.  İcra başçısı Anım Günü ərəfəsində şəhidlərimizin məzarlarını ziyarət etdiyini, əziz xatirələrini ehtiramla andığını bildirib. Rayon rəhbəri gənclərin vətənpərvər ruhda yetişməsində müəllimlərin, məktəblərin, ali təhsil ocaqlarının böyük rol oynadığını qeyd edərək bu gün filialda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbirin keçirilməsinin bunun bariz nümunəsi olduğunu söyləyib. Tarix boyu mənfur düşmənimiz olan ermənilərin xalqımızın başına gətirdikləri müsibətdən, vəhşiliklərdən, zülümlərdən danışan icra başçısı son 200 ildə qazanmadığımız tarixi Qələbəni məhz 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində, İkinci Qarabağ müharibəsində əldə etdiyimizi qeyd edib. 44 gün davam edən Vətən müharibəsində şəhərlərimizin, rayonlarımızın, kəndlərimizin, düşmən tapdağında olan torpaqlarımızın qəhrəman övladlarımızın qanı, canı bahasına işğaldan azad edildiyini, Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbə ilə bütün dünyaya Azərbaycan xalqının qəhrəman xalq, ordumuzun güclü ordu olduğunu sübut etdiyimizi bildirib. Ulu Öndərin Şuşa haqqında söylədiyi “Biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq” tarixi sözlərini xatırladan rayon rəhbəri bunun artıq reallığa çevrildiyini söyləyib. Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi sayəsində ötən hər ilin bizi qələbəyə doğru apardığını vurğulayıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirərək şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Şuşanı, işğal altında olan torpaqlarımızı bizə qaytardığını qeyd edib. Əldə etdiyimiz tarixi Qələbəyə, şanlı Zəfərə görə bu gün Azərbaycan xalqı olaraq Müzəffər Ali Baş Komandana, canlarını bu yolda qurban verən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə sonsuz minnətdar və borclu olduğumuzu, hər zaman onlarla qürur duyduğumuzu bildirib. Rayon rəhbəri bildirib ki, istər Aprel döyüşündə, istər İyul döyüşlərində, istər Vətən müharibəsində, istərsə də sentyabr hadisələrində qəhrəman oğullarımızın göstərdiyi igidliklər hər bir azərbaycanlı üçün nümunədir. Sentyabrın 19-dan etibarən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən söz açan rayon rəhbəri antiterror tədbirləri nəticəsində bizim hərbçilərimizin növbəti dəfə böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiklərini bildirib. Antiterror tədbirləri zamanı əldə edilən uğurlu nəticələrin Azərbaycanın növbəti qələbəsi olduğunu söyləyib. Rayon rəhbəri ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, Qarabağ və Vətən müharibəsi əlillərinə, veteranlarına göstərilən diqqət və qayğıdan danışıb. “Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, bu, hər kəsə nümunədir", - deyən icra başçısı bu amilin Qazaxda hər zaman əsas götürüldüyünü söyləyib. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu bildirib. İcra başçısı sonda bir daha qeyd edib ki, nə qədər Azərbaycan var, Azərbaycan xalqı var, şəhidlər də əbədi yaşayacaqdır. Cənab Prezidentin söylədiyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.


Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıb. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə şanlı Zəfərlə başa çatan “Dəmir yumruq” əməliyyatının hərb tariximizə qızıl hərflərlə yazıldığını, həmin 44 günün xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildiyini, hər gün yeni bir tarixi Qələbəyə şahidlik etdiyimizi vurğulayıb. M.Süleymanov nə qədər Azərbaycan xalqı var, üçrəngli dövlət bayrağımızın yüksəklərdə dalğalanacağını, şəhidlərimizin qəlblərdə yaşayacağını söyləyib. 


Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Ü.bayramova 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımızın döyüş meydanındakı şücaətindən danışaraq onların bizə Vətəni sevməyin ən ümdə iş, Şəhidlik zirvəsinə ucalmağın ən ali məqam olduğunu nümunə göstərdiklərini qeyd edib. İkinci Qarabağ müharibəsinin XXI əsr Azərbaycanın hərb tarixinin şərəf səhifəsi olduğunu söyləyib. 


Filialın Tarix müəllimliyi ixtisasının IV kurs tələbəsi Könül Butayeva çıxış edərək ötən illər ərzində mənfur düşmənimiz olan ermənilər tərəfindən xalqımızın başına gətirilən müsibətləri bir gənc olaraq heç zaman unutmadığını bildirib. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin, şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin döyüş meydanındakı qəhrəmanlıqlarının heç zaman unudulmayacağını qeyd edib. 


Filialın Tarix ixtisasının IV kurs tələbəsi Mirabbasağa Abbaslı çıxış edərək tədbirin onun üçün mühüm əhəmiyyət daşıdığını, doğulub boya-başa çatdığı Tərtər rayonunun, burada yaşayan dinc sakinlərin də hər zaman düşmən tərəfindən zərər gördüyünü, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində də bunun bir daha şahidi olduğumuzu söyləyib. 

GOYEZEN.AZ



Facebook-da paylaş