• Təqvim

  • Maraq



İcra başçısı Vətən müharibəsi əlili Fəqan Rəhimovun evində olub və qayğıları ilə maraqlanıb


2020-ci il müstəqil Azərbaycanın hərb tarixinə şanlı səhifə kimi yazıldı. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. 27 sentyabrdan başlayan Vətən müharibəsində qazandığımız Qələbə müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində mümkün oldu. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Şanlı Zəfərimizi bizlərə bəxş edən şəhidlərimizə, şəhid ailələrinə, yaralı döyüşçülərə, müharibə iştirakçılarına diqqət və qayğı göstərmək vətəndaş olaraq hər birimizin borcudur. Hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasında canını fəda edən əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq.

44 günlük Vətən müharibəsində iştirak edən və qazanılan Qələbədə payı olan, döyüş meydanında göstərdiyi qəhrəmanlığa görə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş oğullarımızdan biri də Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğludur.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman nümunə götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.


Avqustun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə 3-cü dərəcəli Vətən müharibəsi əlili Fəqan Rəhimovun evində olub, qazimizin evinə baxış keçirən rayon rəhbəri onun qayğılarını, narahat edən məsələləri dinləyib.

İcra başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycanın adını bütün dünyaya tanıdan Fəqan Rəhimov kimi oğullarımızla hər birimizin fəxr etdiyini qeyd edib. Ölkə Prezidentinin də vurğuladığı kimi, şəhid ailələrinə, hərbçilərimizə, əsgərlərimizə, sağlamlığını itirən qazilərimizə, onların ailə üzvlərinə diqqət və qayğı göstərməyin hər bir dövlət məmurunun, eləcə də hər bir vətəndaşın borcu olduğunu qeyd edərək göstərilən qayğının bundan sonra da davam etdiriləcəyini bildirib. 

Fəqan Rəhimov ölkə Prezidentinə, Birinci vitse-prezidentə və icra başçısına şəhid ailələrinə, hərbçilərə, qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Bugünükü ziyarətə görə rayon rəhbərliyinə razılığını ifadə edib.

Məlumat üçün qeyd edək ki, Rəhimov Fəqan Fazil oğlu 4 iyun 1996-cı ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Qazax rayon Alı Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbi bitirib. Orta təhsillidir. 9 sentyabr 2020-ci il tarixdən Qusar rayonunda N saylı hərbi hissədə MAHHXHQ kimi xidmətə başlayıb. 27 sentyabr 2020-ci il tarixdə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. 6 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu ətrafında gedən döyüşlərdə sağ ayaq nahiyəsindən qəlpə yarası və kəllə-beyin travması alıb. Fəqan Rəhimova Füzuli hərbi hospitalında ilkin tibbi yardım göstərilib. 09.10.2020-ci ildə Beyləqan RMX-da, 14.10.2020-ci il tarixdə Beyləqan rayon  N saylı hərbi hissənin tibb məntəqəsində müalicə aldıqdan sonra 18.10.2020-ci il tarixdə xidmətini davam etdirmək üçün döyüşə qayıdıb. Hərbi xidmətdən tərxis olunub. 08.09.2021-ci il tarixdə III dərəcəli əlillik təyin edilib. Respublika Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24.06.2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Azərbaycan Respublikası Baş nazirinin müvafiq Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.

GOYEZEN.AZ



Facebook-da paylaş