• Təqvim

  • Maraq



Qazaxlı idmançılar mötəbər yarışlarda ölkəmizin idman şərəfini layiqincə qoruyurlar


Respublika mətbuatı Qazax haqqında

Sazın, sözün beşiyi sayılan Qazax torpağı həm də idmançıları ilə fəxr edir. Xüsusilə cari ilin ötən dövrü ərzində rayon gənclərinin bu sahədə uğurları daha çox olmuş, mötəbər yarışlarda ən yüksək pilləyə qalxmışlar. Bu günlərdə rayon idmançıları ilə keçirilən görüşdə qazanılan idman uğurlarından söhbət açılmış, gənclərə daha böyük nailiyyətlər arzulanmışdır. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon idmançılarının beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətləri özündə əks etdirən videoçarx nümayiş etdirilmişdir.


Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək rayon idmançılarının qazandıqları nailiyyətlərin “Heydər Əliyev İli”nə töhfə olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, qürurverici haldır ki, Qazax idmançıları idmanın müxtəlif növləri üzrə keçirilən beynəlxalq yarışlarda adlarını idman tarixə yazdıra bilmişlər. İdmançıların əldə etdikləri yüksək nəticə sayəsində Dövlət Himnimiz səsləndirilmiş, üçrəngli bayrağımız yüksəklərdə dalğalandırılmışdır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda idmana göstərdikləri qayğıdan danışan icra başçısı Qazax Olimpiya İdman Kompleksində, Qazax şəhər 5 nömrəli tam orta məktəbdə, Çaylı kəndində ağır atletika ilə məşğul olan idmançılar üçün idman zallarının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi dəyərləndirmişdir. “Göyəzən” Ağır Atletika Klubunun prezidenti, Ağır Atletikanın Qazax rayonu üzrə koordinatoru Azər Əlizadə çıxış edərək mötəbər idman yarışlarında uğur qazanan idmançıları təbrik etmiş, onlara bundan sonrakı fəaliyyətlərində də nailiyyətlər qazanmağı arzulamışdır. Diqqətə çatdırmışdır ki, bu il “Göyəzən” Ağır Atletika Klubunun idmançıları mötəbər yarışlarda uğurla çıxış etmişdilər.  Onlardan 13-ü qızıl, 13-ü gümüş, 8-i bürünc medala layiq görülmüşlər. Medallardan 9-nun beynəlxalq yarışlarda qazanıldığı, xüsusilə də 5-nin qızıl medal olduğu qeyd edilmişdir. Bundan başqa, Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş Ağır atletika idman növü üzrə Avropa birinciliyindən idmançılarımız Vətənə 8-i qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla 14 medalla qayıtmışlar. 

Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Ramiz Tağıyev və Qazax Olimpiya İdman Kompleksində baş məşqçi, Əməkdar məşqçi Azər Əliyev çıxış edərək onların əməyinə verilən yüksək qiymətə görə dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Cari ilin iyul ayında Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilmiş Qol güləşi idman növü üzrə 32-ci Avropa çempionatında İsmayıl Mustafayevin 2 qızıl medal əldə etməsini Qazax idmançısının böyük qələbəsi adlandırmışlar. 

Ağır atletika idman növü üzrə Avropa birinciliyinin çempionu, 3 qızıl medal qazanmış Ravil Alməmmədov çıxış edərək qalib adını qazanan bütün idmançı yoldaşlarını təbrik etmişdir. Gənc idmançı üzərində əməyi olan məşqçi müəllimlərinə təşəkkür edərək bundan sonra da onların etimadlarını doğruldacağını bildirmişdir. 

Tədbirin sonunda beynəlxalq yarışlarda uğur qazanan idmançılara Qazax Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və məşqçi müəllimlərə “Göyəzən” Ağır Atletika Klubunun Diplomları təqdim olunmuşdur.

Sabir ƏLİYEV 

“Azərbaycan” qəzetinin bölgə müxbiri

5 avqust 2023-cü il, səhifə 10 



Facebook-da paylaş