• Təqvim

  • Maraq



BDU-nun Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarix yaradan Şəxsiyyət” mövzusunda konfrans keçirilib


Mayın 5-də “Heydər Əliyev İli” çərçivəsində Bakı Dövlət Universitetinin Qazax filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Tarix yaradan Şəxsiyyət” mövzusunda konfrans keçirilib.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

Rayon rəhbərliyi əvvəlcə filialın foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. 


BDU-nun Qazax filialının direktoru, dosent Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Tədbirdə iştirakına və BDU-nun Qazax filialının kollektivinə hər zaman verdiyi yüksək dəyərə görə rayon rəhbərinə razılığını ifadə edən A.Rüstəmov öz dərin minnətdarlığını bildirib. A.Rüstəmov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə 2023-cü il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda, o cümlədən BDU-nun Qazax filialında Ulu Öndərin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini qeyd edib. A.Rüstəmov 100 illik yubiley ərəfəsində filialın tələbələri arasında şeir və esse, rəsm müsabiqələrinin, qol güləşi üzrə turnirin keçirildiyini, bugünkü konfransın da həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. Azərbaycan milli məfkurəsinin, varlığının, müasir dövlət quruculuğunun banisi olan Ulu Öndər Heydər Əliyevin daim qəlblərdə yaşayacağını söyləyib. Direktor bu cür tədbirlərin keçirilməsində əsas məqsədin Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında olan misilsiz xidmətlərini gələcək nəsillərə çatdırmaq olduğunu vurğulayıb.  


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən 2003-cü ilə qədər olan dövrdəki fəaliyyətindən, xalqımızın rifahı naminə həyata keçirdiyi layihələrdən, gördüyü işlərdən, misilsiz xidmətlərindən danışıb. Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin təntənə ilə qeyd edilməsini dahi şəxsiyyətə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri Heydər Əliyevin dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olduğunu qeyd edib. İcra başçısı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Hələ Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə özünün uzaqgörən siyasti sayəsində sosial-iqtisadi, elmi-texniki, mədəni, elm, təhsil, səhiyyə, idman, kənd təsərrüfatı sahələrində böyük sıçrayışa, inkişafa nail olduğunu qeyd edib. 1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin Azərbaycan xalqının tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndərin gəlişi Azərbaycana müstəqillik, suverenlik, dövlətçilik, milli-mənəvi dəyərlərə qayıdışı bəxş etdi, ordu quruculuğuna, iqtisadi inkişafa şərait yaratdı, təhsilin, mədəniyyətin yüksəlişi təmin edildi. Milli ideologiyamızın əsasını təşkil edən azərbaycançılıq bu gün də Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli Lider tərəfindən qoyulan ideyalar təşkil edir. Bizim vəzifəmiz bu gündən sonra da azərbaycançılıq məfkurəsini davam və inkişaf etdirmək, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşmək və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməkdir. “Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi hər bir azərbaycanlı gənc üçün həyat məktəbidir”, - söyləyən icra başçısı bildirib ki, bu gün Respublika Prezidenti İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsəd yönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır.


BDU-nun Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdir əvəzi, f.ü.f.d. İradə Arıxova “Heydər Əliyev və Ana dili” mövzusunda çıxış edərək Ulu Öndərin dilimizin inkişafı sahəsində gördüyü işlərdən danışıb. “Ana dili, Azərbaycan dili hər bir xalqın milli sərvəti, onun varlığının təsdiqidir. Bir millətin varını, dövlətini əlindən alsan o millət yenə də yaşayacaqdır. Ancaq dilini əlindən alsan məhv olacaqdır”, - söyləyən İ.Arıxova Ulu Öndərin Azərbaycan dilini məhv olmaq təhlükəsindən qoruduğunu, yaşatdığını, doğma ana dilimizə sahib çıxaraq bugünkü nəsillərə çatdırdığını, dilimizi qorumağın nə qədər vacib bir amil olduğunu bizlərə örnək qoyduğunu bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafına həsr etdiyi dövrün 1993-2003-cü illərə qədərki dövrü əhatə etdiyini söyləyib. Bu dövrlərdə ana dilimiz haqqında Heydər Əliyevin ancaq bir məqsədi – bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq olmuşdur. İ.Arıxova Ulu Öndər Heydər Əliyevin dil sahəsində irəli sürdüyü ideyaların gerçəkləşdiyini, Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabancı təsirlərdən qorunması istiqamətində Ulu Öndərin yeritdiyi siyasətin onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev təəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.


Filialın İctimai və təbiət fənləri kafedrasının müəllimi Həqiqət Mehdiyeva “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf yolu” mövzusunda çıxışı zamanı Ümummilli Liderin ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində olan misilsiz xidmətlərindən söz açıb. Ulu Öndərin fəaliyyəti dövründə bir çox sahələrdə olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafı sahəsində də mühüm işlər gördüyünü, ölkə iqtisadiyyatının dirçəldilməsi sahəsində lazımi addımlar atdığını qeyd edib. 


Filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin xarici siyasəti” mövzusunda çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən, o dövrdə yaşanan hadisələrdən söz açıb. Ulu Öndərin 1993-cü ilin iyun ayında hakimiyyətə gəldiyi dövrdə ölkədə anarxiya, hərc-mərclik, pərakəndəlik hökm sürdüyünü və belə çətin anda dahi rəhbərin ölkəmizə sahib çıxmasını xalqımızın bu gün də unutmadığını qeyd edib. Dahi şəxsiyyətin qayıdışı ilə müasir müstəqil Azərbaycanın təməlinin qoyulduğunu, bu gün ölkəmizin həmin təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə doğru uğurla irəlilədiyini vurğulayıb. M.Süleymanov bildirib ki, bu gün ölkə vətəndaşı olaraq hər birimiz Azərbaycanı Heydər Əliyev kimi sevməli, İlham Əliyev kimi yaşatmalıyıq.


Filialın Pedaqoji fənlər kafedrasının baş müəllimi Nuridə Quliyeva “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda çıxış edərək Ulu Öndərin təhsil sahəsindəki xidmətlərindən söz açıb. Ulu Öndərin milli təhsilin inkişafına göstərdiyi diqqət və qayğının özünəməxsusluğu ilə seçildiyini söyləyib. Ulu Öndərin qayıdışından sonra müstəqillik qazanan Azərbaycanın bütün sahələrində olduğu kimi, təhsil sahəsində də uğurlu nəticələrə nail olunduğunu vurğulayıb. Bugünkü təhsilimizin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. N.Quliyeva “Təhsil millətin gələcəyidir” deyən Ulu Öndərin Azərbaycana rəhbərliyinin ikinci dövründə 1993-2003-cü illərdə təhsil sahəsinin inkişafına xüsusi diqqət ayırdığını bildirib. Bundan əlavə, Ulu Öndərin təhsil işçilərinə, müəllimlərə, onların əməyinə hər zaman yüksək qiymət verdiyini qeyd edib. Ulu Öndərin səsləndirdiyi “Hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” fikirlərini bu gün də qürurla xatırladığımızı qeyd edib. 


Filialın Tarix ixtisasının IV kurs tələbəsi Gülayə Rüstəmzadə çıxış edərək bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətlər var. Bu gün böyük fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycanda məhz bu ad Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Ötən əsrdə elə bir tarix yoxdur ki, məhz orada bu fenomen şəxsiyyətin izləri olmasın. Azərbaycanın xilaskarı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycanla bağlı gördüyü işlər ölçüyəgəlməzdir. Ümummilli Liderin Azərbaycan dövlətinin itirilmək üzrə olan müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdiyini qeyd edib. Ulu Öndərin çətin sınaqlardan çıxardığı Azərbaycanın bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini vurğulayıb. Azərbaycan gənci olaraq bundan sonra da ölkəmizin gələcəyi naminə əlindən gələni əsirgəməyəcəyini qeyd edib. 


Filialın Turizm işinin təşkili ixtisasının III kurs tələbəsi Elşad Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin 100 illiyi müasibətilə keçirilən tədbirdə iştirak və çıxış etdiyinə görə qürur duyduğunu söyləyib. Bugünkü Azərbaycanı işıqlı gələcəyə aparan bütün uğurların arxasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin, gördüyü işlərin dayandığını bildirib. Qeyd edib ki, Ulu Öndərin ən böyük xüsusiyyətlərindən biri hər zaman onu yetişdirmiş olduğu xalqla fəxr etməsi idi. Bu gün biz də fəxr edirik ki, Azərbaycan xalqının, dövlətinin tarixində Ulu Öndər Heydər Əliyev kimi şəxsiyyət olub və biz həmin dahi rəhbəri tanımışıq. Çünki Heydər Əliyevi Azərbaycansız, Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək mümkün deyil. 

GOYEZEN.AZ



Facebook-da paylaş