Dekabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüş Xanlıqlar kəndində olub
Bu gün ölkəmizdə vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir ki, bu, bütün işlərdə, həyata keçirilən layihələrdə, atılan addımlarda öz real əksini tapır. Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bu məqsədə xidmət edir. Ən əsası da ölkəmizdə vətəndaş məmnunluğunun əsas götürülməsi hər bir dövlət məmuru üçün örnəkdir.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Qazaxda icra başçısının dekabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüşü Xanlıqlar kəndində olub. Dekabrın 8-də Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbdə keçirilən səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələrinin rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib. Qaldırılan məsələlərin müsbət həll edilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını qeyd edən rayon rəhbəri bugünkü görüşün də məhz bu məqsədə xidmət etdiyini söyləyib.
2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsindən, həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıqdan, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 52 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onlardan 7 nəfərinin Xanlıqlar kəndindən olduğunu bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan Vətən müharibəsində Xanlıqlar kəndindən 64 nəfərin iştirak etdiyini, onlardan 33 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Birinci Qarabağ müharibəsində Xanlıqlar kəndindən 12 nəfər Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, 12 nəfərin müharibə əlili olduğunu bildirib. 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şəhid olmuş baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, gizir Kərimov Azad Zakir oğlunun, eləcə də bütün şəhidlərimizin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində ən ülvi hisslərlə yaşayacağını qeyd edib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 59 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 7 nəfərin Birinci Qarabağ müharibəsi şəhidinin ailə üzvü, 4 nəfərin Birinci Qarabağ müharibəsi əlili və veteranının ailə üzvü, 8 nəfərin Vətən müharibəsi əlili və şəhidinin ailə üzvü, 40 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Son illər rayonun bütün kəndlərində olduğu kimi, Xanlıqlar kəndində də subartezian quyusunun qazıldığını, bu gün 12 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. 1 ədəd qazılmış subartezian quyusunun istifadəyə verilməsinin, 1 ədəd subartezian quyusunun qazılmasının növbəti ildə nəzərdə tutulduğunu bildirib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Xanlıqlar kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkiləcəyini bildirib.
İcra başçısı rayonun bütün kəndlərində olduğu kimi, Xanlıqlar kəndində də abadlıq işlərinin aparıldığını, vətəndaşlar tərəfindən səslənən məsələlərin zamanla aradan qaldırıldığını bildirib. Ötən illər ərzində kənddə su problemi, kəndarası yolun bir hissəsinin asfaltlanması, kənd bağçasının təmir olunması, Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin istilik sisteminin qurulması ilə bağlı müraciətlərin müsbət həllini tapdığını vurğulayıb. İcra başçısı rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, həmin təmirli bağçalardan birinin də məhz Xanlıqlar kənd Körpələr Evi-Uşaq bağçası olduğunu söyləyib.
"Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salındığını qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsini, məktəbin həyətində İsmayıl Şıxlının büstünün qoyulmasını Xalq yazıçısına, onun yaradıcılığına verilən böyük qiymətlə yanaşı, həm də gələcəyimiz olan uşaqlara olan qayğı kimi qeyd edib. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün yeni binanın inşası, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunması, ölkə başçısı tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması dövlətin Qazaxda təhsil sahəsinə olan yüksək diqqət və qayğısıdır. İcra başçısı qeyd edib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Rayon rəhbəri dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri Qazax-Uzuntala-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xanlıqlar kəndi ərazisindən keçən hissəsinin əsaslı təmir olunmasının da gündəmdə olan məsələ olduğunu qeyd edib. Növbəti ildə bu məsələnin də müsbət həll olunmasının nəzərdə tutulduğunu söyləyib.
Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi tərəfindən narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin biologiya müəllimi Xatın Hüseynxanova və başqaları onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının rəhbərliyi altında son illər aparılan uğurlu islahatları yüksək qiymətləndirdiklərini bildirən sakinlər buna görə razılıqlarını ifadə ediblər. Son illər rayonda, eləcə də Xanlıqlar kəndində dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıqla qarşıladıqlarını söyləyiblər. Kənddəki bağçanın təmir olunmasına, məktəbin istilik sisteminin yenidən qurulmasına, məktəbin qarşısından keçən yolun asfaltlanmasına görə təşəkkürlərini çatdırıblar. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkürlərini çatdırıblar.
Vətən müharibəsi şəhidi gizir Amid Məmmədovun atası Müqabil Məmmədov şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə razılıq edib, ölkə Prezidentinə, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Səmimi söhbət əsasında keçən görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Hüseynxanova Xatın Zakir qızının kənd ərazisində sipləşmə işlərinin davam etdirilməsi, Qazax-Uzuntala-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xanlıqlar kəndi ərazisindən keçən 9 km hissəsinin əsaslı təmiri, Məmmədova Münəvvər Məmməd qızının Türkiyə Cümhuriyyətində qiyabi təhsil alan qızı, II qrup gözdən əlil Məmmədova Maral Nəsrəddin qızının Əlillər Cəmiyyətinə üzv kimi qəbul edilməsi və üzvlük vəsiqəsi ilə təmin olunmasına köməklik göstərilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını bildirib.
GOYEZEN.AZ
Facebook-da paylaş