• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı BDU-nun Qazax filialında olub


Son illər ölkəmizdə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən elm və təhsilin inkişafına göstərilən qayğı, bu istiqamətdə çoxsaylı sərəncam və fərmanların imzalanması onu söyləməyə əsas verir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətidir. Bu, respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisində, əsaslı və ya cari təmir olunmasında, məktəblərin, ali təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsində, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasında aydın şəkildə öz əksini tapır. 

Son dövrlər Qazaxda müəllim və şagirdlərə, ali təhsil ocaqlarında təhsil alan tələbələrə olan səmimi münasibət, göstərilən qayğı bu sahənin daim diqqət mərkəzində olmasından xəbər verir. 

Bakı Dövlət Universitetinin Qazax filialı da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən daim qayğı ilə yanaşdığı təhsil ocaqlarındandır. Rayon rəhbərinin mütəmadi olaraq filialın müəllim-tələbə kollektivi ilə görüşməsi, təşkil olunan tədbirlərdə yaxından iştirak etməsi, istər müəllimlərə, istərsə də tələbələrə səmimi münasibət bəsləməsi bu söylədiklərimizin əyani sübutudur.

İcra başçısı bu gün də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Bakı Dövlət Universitetinin Qazax filialında olub. Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil alan tələbələr üçün yaradılan şəraitlə maraqlanıb. 


Qonaqlara bildirilib ki, 8 Noyabr – Zəfər Günü ərəfəsində Bakı Dövlət Universitetinin Qazax filialının məzunu olmuş Vətən müharibəsi şəhidi leytenant Məmmədov Məhəmməd Zakir oğlunun əziz xatirəsi ehtiramla yad olunub. Rayon rəhbərliyinin dəstəyi ilə ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun əziz xatirəsi əbədiləşdirmək, qəhrəman şəhidimizi filialda təhsil alan tələbələrə, gələn qonaqlara tanıtmaq üçün guşə yaradıldığı bildirilib. BDU-nun Qazax filialının təşəbbüsü və dəstəyi ilə filialın Mətbuat Xidmətinin rəhbəri, “Göyəzən” qəzetinin baş redaktoru, “Tərəqqi“ medalı ilə təltif olunmuş, jurnalist, şair-publisist Elçin İsmayıl tərəfindən qəhrəman şəhidə həsr olunmuş şeirlərin toplandığı “Adını tarixə yazdı” adlı kitabın hazırlandığı qeyd olunub. Həmçinin, rayon rəhbərliyinin dəstəyi ilə filialın birinci mərtəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin, eləcə də 2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısını alan zamanı Şəhidlik zirvəsinə ucalmış baş leytenant Kazımov Yunis Qasım oğlunun, baş gizir Məmmədov Azər Mustafa oğlunun, gizir Kərimov Azad Zakir oğlunun şəkillərinin yer aldığı guşə yaradıldığı vurğulanıb. Filialda tələbələrin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradıldığı diqqətə çatdırılıb.


Filialın direktoru, dosent Arif Rüstəmov rayon rəhbərliyinə filiala olan qayğısına, eləcə də filialda şəhidlərimizlə bağlı guşənin yaradılmasında göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib. İstər müəllimlərə, istərsə də tələbələrə olan dəstəyi, göstərilən qayğını, səmimi münasibəti hər zaman razılıqla qarşıladıqlarını diqqətə çatdırıb. A.Rüstəmov respublikamızda, eləcə də bölgələrimizdə həyata keçirilən məqsədyönlü tədbirlərə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ziyalılar adından minnətdarlığını bildirib. Qazaxda təhsil sahəsinə, müəllimlərə, ziyalılara olan diqqət və qayğıya, səmimi münasibətə görə rayon rəhbərliyinə bir daha təşəkkürünü ifadə edib. 

GOYEZEN.AZ



Facebook-da paylaş