Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti təşkil olunub
2020-ci ilin 27 sentyabrında başlayıb və cəmi 44 gün sonra tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, iradəsi və qətiyyətli qərarları ilə xalqımız Vətən müharibəsində cəmi 44 günə düşmən üzərində şanlı qələbə qazandı. Şəhidlərimizin canı, qazilərimizin sağlamlığı bahasına haqq savaşında tarixi ədalət bərpa olundu. Bu gün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qalib ölkənin vətəndaşı olaraq qürurla qeyd edir.
Tariximizə qızıl hərflərlə yazılan şanlı qələbəmizə aid tədbirlər respublikamızın hər yerində təntənəli şəkildə keçirilməkdədir. 8 Noyabr - Zəfər Günü Qazax rayonunda da silsilə tədbirlərlə qeyd edilib.
8 Noyabr - Zəfər Günü ilə bağlı rayonda şeir, rəsm, esse, məqalə müsabiqələri, silsilə bilik və idman yarışları keçirilib. Eyni zamanda Şəhidlər xiyabanına, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinə və Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyalar təşkil edilib. Zəfər Günü ərəfəsində şəhidlərin adlarını əbədiləşdirən bulaq-abidə komplekslərinin açılışları olub.
Bu gün 8 Noyabr – Zəfər Gününə həsr olunmuş bayram konserti də təşkil olunub. Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunmuş bayram tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bir-birindən rəngarəng hərbi-vətənpərvərlik mahnıları tədbirə toplaşanlara xoş ovqat bəxş edib.
GOYEZEN.AZ
Facebook-da paylaş