• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Mənim Azərbaycanım, adına Zəfər yaraşır!” adlı bayram tədbiri keçirilib


2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatı zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qətiyyətli əks hücumu ilə başlanan Vətən müharibəsi noyabrın 10-da tarixi Zəfərimizlə yekunlaşdı. 44 günlük haqq savaşında erməni işğalçılarının başını “Dəmir yumruq”la əzdik, onları müqəddəs torpaqlarımızdan “İti qovan” kimi qovduq. Bu gün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qalib ölkənin vətəndaşı olaraq qürurla qeyd edir. 

8 Noyabr – Zəfər Günü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd edilir. 

Noyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Mənim Azərbaycanım, adına Zəfər yaraşır!” adlı tədbir keçirilib.

Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları və əlilləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. 

 

Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, memorial önünə tər qərənfillər düzərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir Mədəniyyət Mərkəzinin böyük zalında davam edib. Rayon rəhbərliyi və qonaqlar Mərkəzin foyesində Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin 8 Noyabr - Zəfər Gününə həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Rəsmlərdə rəşadətli Azərbaycan ordusunun qazandığı qələbə, işğaldan azad olunmuş torpaqlarımız, xüsusi olaraq Şuşa şəhəri özünün geniş əksini tapıb.


Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş bayram tədbirini açıq elan edərək qonaqları, şəhid ailələrini, müharibə əlillərini, tədbirdə iştirak edənləri salamlayıb, xoş sözlərini çatdırıblar. 

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb. 



Aparıcılar bildiriblər ki, 8 noyabr Azərbaycan tarixinə Zəfər Günü kimi düşdü. Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. 2022-ci il ölkə başçısının sərəncamı ilə “Şuşa İli” elan olunmuş, Şuşa öz tarixi günlərinə qovuşmuşdur. Hazırda Şuşa konfranslar, festivallar, müsabiqələr və dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilmişdir. “Şuşa İli” çərçivəsində ölkəmizdə olduğu kimi, rayonumuzun idarə, müəssisə və təşkilatlarında da müxtəlif idman yarışları, rəsm sərgiləri, şeir müsabiqələri və elmi-praktiki konfranslar keçirilir. Zəfər Günü ilə bağlı rayonumuzda şeir, rəsm, esse, məqalə müsabiqələri və silsilə idman yarışlarının keçirildiyi, eyni zamanda Şəhidlər xiyabanına, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinə və Qazax Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyaların təşkil edildiyi diqqətə çatdırılıb. 


Qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda neçə-neçə igid Vətən oğlu şirin canlarından keçdi. Qazax rayonundan ümumilikdə Qarabağ müharibəsində 344 nəfər şəhid olub. Onlardan 289 nəfəri Birinci Qarabağ müharibəsində, 52 nəfəri Vətən müharibəsində, 3 nəfəri sentyabrın 12-13 tarixlərində erməni təxribatının qarşısını alarkən şəhid olmuşdur. Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfəri Milli Qəhrəman, 1 nəfəri “Azərbaycan Bayrağı” ordeninə, Vətən müharibəsi şəhidlərindən 2 nəfəri “Qarabağ” ordeni, 5 nəfəri “Azərbaycan Bayrağı” ordeni, 4 nəfəri 3-cü dərəcəli “Rəşadət” ordeni, 2 nəfəri 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. 


Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş 52 nəfər hərbi qulluqçudan 50 nəfəri 193 orden və medallarla (onlardan 13-ü orden, 180-i medal) təltif olunmuşdur. 246 nəfər yaralanmış hərbi qulluqçudan 51 nəfərinə əlillik təyin edilmiş, 242 nəfəri 593 orden və medallarla (onlardan 4-ü orden, 589-u medal), həmçinin, Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlu 1 ordenlə təltif edilib. 1 nəfər Vətən müharibəsi iştirakçısı, Qazax rayonunun Bala Çaylı kənd sakini, mayor Nicad Bədəlova "Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 12-13 sentyabr tarixlərində erməni təxribatının qarşısını alarkən şəhid olmuş Qazax rayonunun Kəmərli kəndindən baş leytenant Kazımov Yunis Qasım oğlu, baş gizir Məmmədov Azər Mustafa oğlu, Daş Salahlı kəndindən gizir Kərimov Azad Zakir oğlu sağlığında 1 orden və 9 medalla təltif edilmişdir. 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar “Qazax Rayon İcra Hakimiyyəti başçısının 2 və 30 noyabr 2021-ci il tarixli müvafiq nömrəli Sərəncamlarına əsasən Qazax şəhərində mövcud olan adsız 12 küçəyə 11 nəfər Vətən müharibəsi və 1 nəfər Tovuz döyüşləri şəhidinin adı verilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, müharibə iştirakçılarını və əlillərini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. Öncə dəvəti qəbul edib bayram tədbirinə gəldiklərinə görə şəhid ailələrinə və qazilərə minnətdarlığını bildirib. Bu gün xalqımızın Azərbaycanın şanlı səhifələrindən olan Zəfər Gününü qürurla, 30 illik həsrətdən sonra doğma torpaqları azad edilən ölkənin vətəndaşı olaraq qeyd etdiyimizi vurğulayıb. Bu şanlı Zəfərə, tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onun rəhbərliyi altında torpaqlarımızı azad edən oğullarımıza, canlarını Vətən üçün fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdar olduğumuzu söyləyib. Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, İyul döyüşləri, 44 günlük Vətən müharibəsində, eləcə də sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə düşmən təxribatının qarşısını alan zaman şəhid olan qəhrəman oğullarımızın heç zaman unudulmayacağını bildirib. Rayon rəhbəri qeyd edib ki, bugünkü bayram tədbirinin təşkil olunmasında əsas məqsədin şəhidlərimizə olan hörmət və ehtiramı bir daha göstərmək, daim şəhid ailələrinin, qazilərimizin yanlarında olduğumuzu çatdırmaqdır. 


Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələri və qaziləri 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, xoş arzularını bölüşüb. Şanlı Zəfər Günündə, əlamətdar bayramda şəhid ailələri ilə bir yerdə olmaqdan qürur duyduğunu söyləyib. “Təqvimdə elə günlər var ki, illər ötsə belə onları hər zaman kədərlə xatırlayırıq. 20 Yanvar faciəsini düşünəndə əliyalın günahsız insanların qətlə yetirilməsini, 26 Fevral – Xocalı faciəsini düşünəndə 623 nəfər insanın yaşlı, cavan, körpə bilinmədən qətlə yetirilməsini, 8 mayda Şuşanın işğal olunmasını bu gün də ürək ağrısı ilə xatırlayırıq. 27 sentyabrda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun əsgər və zabitləri o təqvimi dəyişdilər. Canlarını Vətən yolunda fəda edənlərin qisasını alaraq özləri də Şəhidlik zirvəsinə yüksəldilər. 2907 şəhid öz şəhadətləri ilə bu gün qürurla qeyd etdiyimiz şanlı Zəfəri bizə bəxş etdilər. Bu gün 8 Noyabrı Zəfər Günü kimi qeyd edirik. Biz tariximizi heç vaxt unutmamalıyıq. Biz qalib xalqıq və bu qalibiyyəti heç kim bizim əlimizdən ala bilməz. 8 noyabr və 10 noyabr tarixləri Azərbaycanın hərb tarixinə şanlı salnamə kimi yazıldı. O salnaməni şəhidlərimiz qanları ilə yazdılar”, - deyən millət vəkili bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini qeyd edib. Şəhid ailələrinə, qazilərə göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, ölkə rəhbərinin, dövlətin qayğısını olduğu kimi davam etdirən rayon rəhbərliyinə minnətdarlığını bildirib. 


Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, ürək sözlərini bölüşüb. Şəhidlərimizin canları bahasına torpaqları azad etdiklərini, bu gün hər kəsin fəxrlə söylədiyi Zəfər Gününü onların sayəsində qeyd etdiyimizi vurğulayıb. Şəhidlərimizə Allahdan rəhmət diləyib, onların daim qəlblərdə yaşayacağını qeyd edib. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, Birinci vitse-prezidentinə, rayon rəhbərliyinə razılığını bildirib. 


Bayram tədbirinə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qarabağ, Şuşa haqqında dedikləri fikirləri özündə əks etdirən videoçarxın nümayişi ilə start verilib. 

Qazax Rayon Mədəniyyət Mərkəzinin “Göyəzən” instrumental ansamblının ifasında Üzeyir Hacıbəylinin “Cəngi” havası ilə bayram tədbirinə başlanılıb. 

Vahid Hoca və şagirdi Müjgan Məhərrəmovanın ifasında səslənən “Vətən haqqında ballada”, gənc ifaçı Vüsal Osmanlının ifasında səslənən “Ey Vətən” mahnıları alqışlarla qarşılanıb. 

Aşıq Şahin Süleymanovun sazın müşayəti ilə ifa etdiyi “Mərd gəlsin, namərd gəlməsin”, aşıq Samir Cəlaloğlunun sazın müşayəti ilə ifa etdiyi “Yol verin Turan gəlir” mahnıları tədbirə xoş ovqat qatıb. 

Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin şagirdi Türkan Rəhimovanın “Bu diyarım”, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Nəzrin Muradovanın “Qurban olum Azərbaycan”, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərindən ibarət xorun ifasında səslənən “Azərbaycan” mahnıları tədbirə toplaşanlara xoş anlar yaşadıb. 

Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri Akif Cabbarov Rüfət Axundlunun “Zəfər bizimdir”, Aybəniz Məmmədova Ramiz Qusarçaylının “Şuşa İli”, Bakı Dövlət Universiteti Qazax filialının tələbələri Bəyaz Abdullayeva Asim Yadigarın “Zəfər yolu”, Allahverdi Süleymanov Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın “Keşikçi” şeirlərini səsləndiriblər. 

Gənc ifaçılar Zəmanə Dərviş və Nəsimi Kamaloğlunun ifalarında səslənən “Azərbaycan” mahnısı ilə bayram əhval-ruhiyyəli tədbirə yekun vurulub. 

GOYEZEN.AZ



Facebook-da paylaş