• Təqvim

  • Maraq



Qazaxda səfərdə olan "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi"nin iştirakçıları rayonun görməli yerlərinə ekskursiya ediblər


 

Ötən yazımızda xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qazax rayonunda təşkil etdiyi "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi" davam edir. 

Avqustun 1-dən Qazax Olimpiya İdman Kompleksində başlayan "Gənclər düşərgəsi"ndə respublikamızın müxtəlif bölgələrindən olan 15-25 yaş arası 80 nəfərə yaxın gənc iştirak edir. 

“Gənclər düşərgəsi”nin əsas məqsədi "Dayanıqlı İnkişaf Məqsədləri" konsepsiyası ətrafında region gənclərinin iştirakçılığını artırmaq, düşərgə iştirakçılarını qlobal müzakirələrə cəlb edərək BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə verməkdir.

Avqustun 4-də Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, həmin şöbənin baş məsləhətçisi Gülnar Quluyevanın, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirovun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyovanın, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynovun iştirakı ilə "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənclər düşərgəsi"nin iştirakçılarının Qazax rayonunun gəzməli-görməli yerlərinə ekskursiyası təşkil olunub.

44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksində, Qazax Rayon Heydər Əliyev Mərkəzində, Ədəbiyyat Muzeyində, Fəxri Qazaxlılar parkında, Qazax “Cümə” məscidində, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Qazax Dövlət Rəsm Qalereyasında, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında, Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun Poeziya Evində olan düşərgə iştirakçılarına dolğun, əhatəli məlumatlar verilib. 

Gənclər öncə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət ediblər. Gənclərə bildirilib ki, Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksi ötən il 27 sentyabr – Anım Günündə istifadəyə verilib. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə yaradılıb. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində 288 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər torpaqlarımızın azadlığı uğrunda canından keçib. Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində bu günə kimi 339 nəfər şəhid verib. Şəhidlərdən 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adını alıb.

Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq gənclərin marağına səbəb olub. Mərkəzin direktoru Ceyhunə Hüseynova bildirib ki, 2008-ci il sentyabrın 24-də Prezident İlham Əliyev Qazax şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Original formalı geniş binada Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən böyük ekspozisiya salonu vardır. Ümummilli Liderin Qazax rayonuna səfərlərini, ictimaiyyətlə görüşlərini, həyat və fəaliyyətini özündə əks etdirən fotoşəkillər böyük maraq doğurur. Mərkəzdə dünyada çox az sayda ölkədə olan, yalnız əlin toxunması ilə idarə edilən UbiqWindow sistemi qurulmuşdur. Bu qurğunun köməyi ilə fotoşəkillər, video görüntülər və mətnlər vasitəsilə Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat almaq mümkündür. Mərkəzdə Qafqazda yeganə olan planetari qurulmuşdur. Onun yerləşdiyi salon kürə formalıdır. Salonun tam 180 dərəcə səthi ekran rolunu oynayır. Xüsusi qurğu vasitəsilə həmin ekranda qalaktikalar, günəş sistemi, planetlər və s. göstərilir.

Gənclərin ziyarət etdiyi növbəti ünvan tarixi şəxsiyyətlər, şairlər, yazıçılar, saz-söz adamları haqqında dolğun məlumatları özündə əks etdirən Ədəbiyyat Muzeyi olub. Şəhərin mərkəzində, Heydər Əliyev prospektində yerləşən muzeylə tanış olan gənclər burada şairlərimizin həyat və yaradıcılığı haqqında dolğun məlumatlar əldə ediblər. Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal muzey haqqında məlumat verərək bildirib ki, Qazaxda fəaliyyət göstərən Ədəbiyyat Muzeyi 5 iyul 2013-cü ildə istifadəyə verilib və açılışında Respublika Prezidenti İlham Əliyev iştirak edib. Mərkəzdə yerləşən muzeyin binası üçmərtəbəlidir. Birinci mərtəbədə 106 nəfərlik konfrans zalı, yeməkxana və xidməti otaqlar yerləşirBinanın foyesində Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinin şəkilləri asılmışdır. İkinci mərtəbədə Yazıçılar muzeyi fəaliyyət göstərir. Üçüncü mərtəbədə inzibati otaqlar, kabinetlər və konfrans zalı vardır.

Gənclər Fəxri Qazaxlılar parkında da olublar. Burada gənclərə büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun, ətraflı məlumatlar verilib. 

Gənclər ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində tarixi binası əsaslı şəkildə yenidən qurulan Qazax Müəllimlər Seminariyası, yerli əhəmiyyətli memarlıq abidəsi olan “İsrafil Ağanın hamamı”, bu günlərdə kümbəzi əsaslı təmir olunan Qazax "Cümə” məscidi ilə də tanış olublar. 

Qazaxda qonaq olan gənclər Qazax Tarix-Diyarşünaslıq Muzeyinə də baş çəkiblər. Muzeylə tanışlıq gənclərin böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan qonaqlara "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi də diqqətə çatdırılıb.

Sonra gənclər 30 ildən artıqdır ki, fəaliyyət göstərən və bu gün də hər kəsin sevimli məkanına çevrilən Qazax Dövlət Rəsm Qalereyasına ekskursiya ediblər. Burada nümayiş olunan Azərbaycanın görkəmli rəssamlarının sənət əsərləri, miniatürləri, ölkəmizin füsunkar təbiətini əks etdirən tablolar və əl işləri, görkəmli alimlərin və şairlərin foto-şəkilləri gənclər tərəfindən böyük maraqla qarşılanıb. Gənclərə vətənpərvərlik, Azərbaycan tarixi, bayrağımız, tarixi qəhrəmanlarımız, Qarabağ, mültikultural dəyərlər və ölkəmizin füsunkar təbiətini özündə əks etdirən şəkillərlə bağlı ayrıca məlumatlar verilib.

Daha sonra gənclər "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq gənclərdə zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır.

Ekskursiyanın sonuncu ünvanı olan Yuxarı Salahlı kəndində yerləşən Xalq şairiSəməd Vurğunun Poeziya Evinə baxış zamanı gənclərə məlumat verilib ki, Ulu Öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmamışdır. O, Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazax rayonunda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib. Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya Evində olmuş, burada əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq vermişdi. 2005-ci ildə isə Respublika Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı. Poeziya evinin yerləşdiyi ərazi də genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olub, söz-sənət vurğunlarının daimi görüş yerinə çevrilib. Burada Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də Ulu Öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillər də yer alıb. Ölkə başçısı 2011-ci ildə fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı kəndində əsaslı təmir və yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında da iştirak edib. Qeyd olunub ki, bir neçə il öncə rayon rəhbərliyi tərəfindən Poeziya evində əsaslı təmir işləri aparılıb və dahi şairin adına layiq görkəmə salınıb.

Rayonumuzda ilk dəfə qonaq olan gənclər onlara göstərilən qonaqpərvərlikdən razılıq edərək rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrılacaqlarını qeyd ediblər.

44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini ziyarət

 

Qazax Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq

 

Ədəbiyyat Muzeyi ilə tanışlıq

Fəxri Qazaxlılar parkı ilə tanışlıq

Qazax “Cümə” məscidi ilə tanışlıq

 

Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq


Qazax Dövlət Rəsm Qalereyası ilə tanışlıq


"Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialı ilə tanışlıq 


Yuxarı Salahlı kəndində Xalq şairi Səməd Vurğunun Poeziya Evi ilə tanışlıq


GOYEZEN.AZ



Facebook-da paylaş