Ağköynək kəndində səyyar görüş keçirilib
Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu sübut edir ki, yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Ən əsası da həyata keçirilən bütün işlərin arxasında hər zaman vətəndaş məmnunluğu dayanır. Dövlət başçısının tapşırıq və tövsiyəsinə əsasən şəhər və rayonlarda sakinlərlə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.
Məlum koronavirus (COVID-19) infeksiyasının yayılması səbəbindən şəhər və kəndlərdə keçirilən səyyar görüşlər 2 illik fasilədən sonra Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və tövsiyələri nəzərə alınmaqla 2022-ci ilin mart ayından etibarən yenidən bərpa edilib.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi, icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə səyyar qəbulları keçirilir.
Növbəti səyyar görüş martın 17-də rayonun Ağköynək kəndində olub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirakı ilə keçirilən səyyar görüşdə ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan söz açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, milli bayramımız olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. Hər zaman olduğu kimi, bugünkü səyyar görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləməyə, həlli istiqamətində əməli işlər görməyə, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmağa yönəldiyini vurğulayıb.
Rayon rəhbəri ilk gündən şəhərə bitişik yerləşən Ağköynək və Qarapapaq kəndlərinə, burada yaşayan sakinlərə, onların qaldırdıqları məsələlərə qayğı ilə yanaşdığını bildirib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı heç bir problemin olmadığını qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını qeyd edib. Rayon rəhbəri digər kəndlərdə olduğu kimi, Ağköynək kəndində də SİP kabelləşmə işinin tam başa çatdırılacağını, eləcə də rabitə xəttinin yenilənəcəyini, internet xəttinin çəkiləcəyini və işlərə start verildiyini bildirib.
Rayon rəhbəri dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncamların Qazaxda da uğurla icra olunduğunu, son illər rayonun kəndlərinə yeni asfalt yolların çəkilməsinin bu sahədə görülən işlərin əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri qəbul edilmiş 5 illik Dövlət Proqramında Ağköynək və Qarapapaq kəndlərində də avtomobil yolunun əsaslı təmir olunmasının öz əksini tapdığını vurğulayıb.
Rayon rəhbəri uzun illərdən bəri həlli vacib olan məsələlərdən birinin - su-kanalizasiya sisteminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində öz müsbət həllini tapdığını bildirib. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icra olunduğunu, şəhərə yaxın yerləşən Ağköynək və Qarapapaq kəndlərinin də su-kanalizasiya xəttinin çəkilməsinin layihəyə salındığını qeyd edib.
Əvvəlki illərdə olduğu kimi, rayonda suvarma ilə bağlı görülən işləri, xüsusilə də subartezian quyularının qazılması sahəsində atılan uğurlu addımları qeyd edən rayon rəhbəri həmin işlərin 2022-ci ildə də davam etdiriləcəyini söyləyib.
İcra başçısı ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında respublikamızda koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində görülən işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Xüsusilə də əhalinin vaksinasiyası sahəsində olan işlərin rayonda uğurla aparıldığını, əhalinin peyvəndlənməsi sahəsində görülmüş işlərin nəticəsinə görə Qazaxın öncül yerlərdə olduğunu söyləyib. Məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini vurğulayıb.
2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədən söz açan icra başçısı bu qələbəni, qəhrəman xalq adını bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışan rayon rəhbəri şəhərin N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunduğunu söyləyib.
İcra başçısı son illər Qazaxda uşaqlara göstərilən qayğıdan da söz açıb. Həmin qayğının bariz nümunəsi olaraq bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasını göstərib. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Ağköynək kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.
İcra başçısı son illər rayonda təhsil sahəsinə göstərilən dövlət qayğısından da söz açıb. Qeyd edib ki, rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi, bu il açılışı olan Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısından xəbər verir. Ölkə Prezidenti tərəfindən Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsi haqqında imzalanan 4 avqust 2020-ci il tarixli Sərəncama əsasən bu gün yeni məktəbin inşa olunması həmin qayğının davamıdır. İcra başçısı bildirib ki, ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsi Qazaxda təhsil sahəsinə olan qayğının bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayon rəhbəri bütün bu işlərə və Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə göstərilən dövlət qayğısına görə rayon ictimaiyyəti, ziyalılar, təhsil işçiləri adından ölkə başçısına və Birinci vitse-prezidentə minnətdarlığını bildirib.
İcra başçısı respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin Qazaxda da uğurla icra olunduğunu bildirib. Çoxmənzilli yaşayış binalarının dam örtüyünün yeniləndiyini, blok və fasadının əsaslı şəkildə təmir edildiyini qeyd edib. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırıldığını vurğulayıb. Hər il olduğu kimi, bu il də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlərin görüldüyünü, MİS-in balansında olan birmərtəbəli binaların dam örtüklərinin yeniləndiyini və işlərin davam etdirildiyini bildirib.
Daha sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinlərindən Gövhər Rəhimova, Azər Məmmədov, Sədaqət Əmirxanova çıxış edərək respublikamızda, Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Ağköynək kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu, sosial problemlərin müsbət həllini tapmasını yüksək qiymətləndiriblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Mahir Qiyasovun selötürücü su borusunun təmizlənməsi, Telman Cəfərovun 2 km uzunluğunda kəndarası yolların qum-çınqılla təmir olunması, Məzahir Əhmədovun yaşadığı küçədə 12 yaşayış evinin mərkəzi kanalizasiya sisteminə qoşulması, Leyla Cəfərovanın yeni inşa olunmuş yaşayış evinə elektrik sayğacının quraşdırılması, Akif Mustafayevin yaşadığı evin yaxınlığında qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olunması, Kamilə Musayevanın kənddə layihədən kənarda qalmış 242 evə kanalizasiya xəttinin çəkilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələlərin araşdırılması, yerində baxış keçirilməsi və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
GOYEZEN.AZ
Facebook-da paylaş