Qazaxda Xocalı soyqırımının 30–cu ildönümünə həsr olunmuş rəsm sərgisi və anım tədbiri keçirilib
Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə ən dəhşətli və ağlasığmaz üsullarla, misli görünməmiş qəddarlıqla törədilmiş Xocalı soyqırımı bəşər tarixinə erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izi kimi həkk olunub.
Xalqımız hər il olduğu kimi, bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Artıq ikinci ildir ki, xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
XX əsrin ən dəhşətli faciələrindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olan Xocalı soyqırımı qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ehtiramla yad edilib.
Rayon ərazisində Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti başçısının imzaladığı müvafiq tarixli 33 nömrəli Sərəncama əsasən hazırlanmış Tədbirlər Planına uyğun olaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil məktəblərində, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, silsilə anım tədbirləri təşkil olunub.
Həmin silsilə tədbirlərin davamı olaraq fevralın 26-da Xocalı soyqırımının 30–cu ildönümünə həsr olunmuş rəsm sərgisi və anım tədbiri keçirilib.
Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri,Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının üzvləri, Vətən müharibəsi şəhid ailələri, qaziləri, Bağanıs Ayrım kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərimizin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin önünə tər qərənfillər düzülüb. Soyqırımı qurbanlarının, eləcə də Vətən uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.
Sonra tədbir Qazax Gənclər Mərkəzində davam etdirilib. Tədbir iştirakçıları əvvəlcə Mərkəzin foyesində Qazax Dövlət Rəsm Qalereyasının və Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin Xocalı soyqırımının 30-cu ildönümünə həsr etdikləri 45 rəsm əsərindən ibarət sərgi ilə tanış olublar. Xocalı soyqırımı haqqında məlumatların toplandığı kitablardan ibarət sərgiyə baxış keçiriblər.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aparıcısı Zəmanə Dərviş tədbiri açıq elan etdikdən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin, Xocalı və Bağanıs Ayrım soyqırımı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Xocalı və Bağanıs Ayrım soyqırımı haqqında fikirlərini bölüşüb. İcra başçısı qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımı cinayətkar Ermənistan və onun himayədarlarının yeritdikləri təcavüzkar işğalçılıq siyasətinin nəticəsidir. XX əsrin sonunda törədilmiş bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Eyni zamanda Xocalı soyqırımı Azərbaycan xalqına qarşı XIX əsrin əvvəllərindən başlayaraq həyata keçirilən kütləvi qırğınlar və soyqırım cinayətlərinin davamıdır. Bu gün Xocalı soyqırımından 30 il ötür.
Ölkə Prezidentinin Xocalı soyqırımının 30-cu ildönümünün qeyd edilməsi haqqında imzaladığı Sərəncamdan söz açan icra başçısı həmin Sərəncama əsasən Prezident Administrasiyası tərəfindən Tədbirlər Planının tərtib edildiyini qeyd edib. Tədbirlər Planına uyğun olaraq Xocalı soyqırımı ilə bağlı genişmiqyaslı respublikadaxili və respublikadan kənar kütləvi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
İcra başçısı bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 nəfər şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü. Rayonda 1 şəhər, 2 qəsəbə, 50 kənd olmaqla yanaşı 970 kv.km ərazisi işğal olundu. 24417 nəfər əhali didərgin düşdü. Şəhid olan şəhid oldu, qalan psixoloji sarsıntı keçirdi. Bax, budur ermənilərin törətdiyi cinayətlər, Xocalı rayonu qəddarcasına işğal olundu.
İcra başçısı bildirib ki, ölkə rəhbərinin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı imzaladığı Sərəncamda da qeyd edildiyi kimi, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə yanaşı Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Rayon rəhbəri qeyd edib ki, müstəqilliymizin bizə bəxş etdiyi çox mühüm töhfələrdən biri də tarixi həqiqətlərimizi, bütövlükdə tariximizi obyektiv şəkildə araşdırmaq, gerçək tarixi faktları gələcək nəsillərə olduğu kimi çatdırmaq və dünya ictimaiyyətni real tarixi faktlar əsasında doğru-düzgün məlumatlandırmaqdan ibarətdir. Ulu Öndər Heydar Əliyevin xalqın təkidi ilə hakimiyyətə qaydışından sonra xalqmıza qarşı erməni vandalları tərəfindən törədilmiş etnik təmizləmə, soyqırımı cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni bir səhifə açıldı. Məhz Ümummilli Liderin və ondan sonra Prezident İlham Əliyevin titanik səyləri nəticəsində XX əsrdə Azərbaycan xalqına qarşı törədilmiş bu dəhşətli cinayətlərin dünyanın ən mötəbər tribunalarından ifşa olunmasına başlanıldı.
2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən və hazırda da uğurla davam etdirilən "Xocalıya ədalət!” kampaniyasının bu sahədə gördüyü işlər danılmazdır. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. "Xocalıya ədalət!” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlərlə yanaşı beynəlxalq təşkilatlar tərəfindən də tanındı.
İcra başçısı vurğulayıb ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı ilə bərabər, Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel soyqırımları həyata keçirilmişdir. Qazaxın işğalda olan 7 kəndindən 981 ailə olmaqla 4089 nəfər soydaşımız məcburən öz dədə-baba torpaqlarından köçkün düşdülər. Həmin kəndlərdən biri də Bağanıs Ayrım kəndidir. Bu kənddə də soyqırım olmuşdur. Bağanıs Ayrım kəndi 1990-cı il martın 23-dən 24-nə keçən gecə öncədən təşkil edilən plan əsasında hücuma məruz qalmış, həmin ilin avqust ayında tamamilə işğal edilmişdir. Azərbaycanın ilk işğal edilən kəndi kimi tarixə düşmüşdür. İşğal zamanı 10 nəfər, onlardan 6 nəfəri bir ailənin üzvi olmaqla diri-diri yandırılaraq qətlə yetirilmiş, 15 nəfər isə yaralanmışdır. Şəhidlərdən böyüyünün 75 yaşı, ən kiçiyi isə 39 günlük körpə olmuşdur. Həmin şəhidlər 25 martda Bağanıs Ayrım kəndində dəfn olunmuşlar. Bağanıs Ayrım faciəsini Xocalı soyqırımının başlanğıcı kimi qiymətləndirmək olar.
İcra başçısı qeyd edib ki, Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün davam edən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin kəlamları ilə desək "Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır”. Ölkə Prezidentinin də qeyd etdiyi kimi: "Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.
İcra başçısı artıq 2 ildir ki, Xocalı soyqırımını qalib ölkənin vətəndaşları olaraq qeyd etdiyimizi, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə təkcə şəhidlərimizin deyil, bütün faciə qurbanlarının da qisaslarının alındığını bildirib.
"Xocalı soyqırımı, Bağanıs Ayrım faciəsi, eləcə də digər faciələr bizim keçmişimiz, dünənimiz, bu günümüz və sabahımızdır”, - deyən icra başçısı nə qədər Azərbaycan xalqı var həmin faciələrin heç zaman unudulmayacağını vurğulayıb. Xalqımızın əldə etdiyimiz qələbəni xatırladığı kimi, tarixi keçmişimiz olan faciələri də hər zaman xatırlayacağını söyləyib. Xocalıda, Bağanıs Ayrımda törədilən vəhşiliklərin bizim qan yaddaşımız olaraq bir an belə olsun unudulmayacağını diqqətə çatdırıb.
İcra başçısı çıxışının sonunda vətəndaş olaraq hər birimizin şəhidlərimizin, faciə qurbanlarının qisasını alan, qanını yerdə qoymayan şanlı ordumuzun əsgər və zabitlərinə, onlara rəhbərlik edən Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. Bir daha şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov çıxış edərək millət vəkili Səməd Seyidovun adından tədbir iştirakçılarını salamlayıb, qan yaddaşımız olan faciələrin, soyqırımların unudulmaması üçün bu cür tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edib. A.Əmirov bildirib ki, nə qədər ki, biz qalib, məğrur xalqıq, 44 günlük haqq savaşında tarixi ədaləti bərpa etmiş xalqıq, Xocalı, Bağanıs Ayrım, eləcə də digər faciələr yaddaşlardan heç zaman silinməyəcək. Qalib ölkə kimi qardaş Türkiyə dövləti ilə imzalanan Şuşa Bəyannaməsindən, bu günlərdə Rusiya dövləti ilə imzalanan Moskva Bəyannaməsindən söz açan deputat köməkçisi hər iki Bəyannaməni ölkəmizin xarici diplomatiyasının növbəti uğuru kimi qiymətləndirib. Ölkə Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümünün qeyd olunması haqqında imzaladığı Sərəncamda Bağanıs Ayrım faciəsinin də yer almasının qazaxlılar, əsasən də o kəndin sakinləri üçün bir təskinlik olduğunu bildirib. Bağanıs Ayrım faciəsinin geniş miqyasda tanıdılması istiqamətində görülən işlərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirən A.Əmirov bu sahədə gənclər olaraq dəstək olmalarını, daha aktiv olmalarını, fəallıq nümayiş etdirmələrini bildirib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən, bu gün də uğurla davam etdirilən "Xocalıya ədalət!” kampaniyasını əldə rəhbər tutan gənclər olaraq daha böyük səylə çalışacaqlarını söyləyib.
Bakı Dövlət Universitetinin IV kurs tələbəsi, Tələbə Gənclər Təşkilatının sədri Pəri İbrahimova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qalib ölkənin gənci olaraq Xocalı soyqırımı, eləcə də qazaxlıların hər zaman ürək ağrısı ilə qeyd etdikləri Bağanıs Ayrım faciəsi haqqında fikir bildirməyin onun üçün çətin olduğu qədər də qürurverici olduğunu bildirib. Qeyd edib ki, bu gün ona görə qürurla çıxış edə bilirik ki, həm canını bizlərin firəvan həyatına fəda edən şəhidlərimizin, həm də soyqırımı, faciə zamanı həlak olan günahsız insanların qisası alnıb, qanları yerdə qalmayıb. Dağlar qoynunda yerləşən və bu gün düşmən tapdağında olan Bağanıs Ayrımda olmağın ən böyük arzusu olduğunu qeyd edən gənc tələbə bu arzununun reallaşacağı günün uzaqda olmadığını qeyd edib. Bu gün işğaldan azad edilən torpaqlarda aparılan abadlıq işlərinin valideynlərinin ağızdolusu danışdığı doğma Bağanıs Ayrımda da həyata keçiriləcəyinə əminliyini vurğulayıb.
2 Fevral – Gənclər Günü münasibətilə 150-dən çox gəncin iştirakı ilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə olan görüşündən söz açan gənc tələbə həmin görüşdə iştirak edən gənclərdən biri olduğu üçün özünü şanslı hesab etdiyini vurğulayıb. "Necə ki, Prezident biz gənclərə güvənir, bizim arxamızdadırsa, biz gənclər də hər zaman ölkə rəhbərinin yanında olmalıyıq”, - deyən P.İbrahimova bunun üçün hər bir gəncin dövləti və xalqı naminə öz töhfəsini verməsini tövsiyə edib. Gənclər ordusu olaraq sosial media hesablarında bildikləri xarici dil bacarıqlarına güvənərək Azərbaycanın haqq səsini, Xocalı soyqırımı və digər faciələr barədə məlumatları çatdırmağı bacarmalı olduqlarını söyləyib.
Sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında "Xocalım” adlı mahnı ifa olunub.
Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.
Qazax şəhər 2 saylı Uşaq Musiqi Məktəbi və Qazax Rayon Mədəniyyət Mərkəzinin gənclərin iştirakı ilə birgə hazırladığı "Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya da maraqla qarşılanıb.
Tədbir Qazax Rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının hazırladığı "Qarabağ Azərbaycandır!” mahnısı ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş