Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi Qazaxın Çaylı kəndində tikilərək istifdəyə verilən yeni həkim məntəqəsi ilə tanış olub
Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi,
Qazax rayonunun Çaylı kəndində Yaponiya səfirliyinin maliyyə dəstəyi, Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakmiyyətinin birgə
razılığı əsasında Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai
Birliyi tərəfindən köhnə həkim məntəqəsi
üçün yeni inzibati bina tikilərək istifadəyə verilib. Oktyabrın 8-də Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli
səfiri Vada Cüniçi Qazax rayonunun Çaylı kəndində tikilmiş yeni inzibati binaya baxışla
əlaqədar Qazax
rayonunda səfərdə olub. Əvvəlcə səfir Vada Cüniçi, Yaponiya səfirliyinin əməkdaşı Natəvan Vəkilova,
"Ot Kökləri və İnsan Təhlükəsizliyi” üzrə qrant layihəsi proqramı üzrə
Konsultantlar Haşimoto Takuma, Zakir Əliyev, "Qazax rayonunun Çaylı kəndində
yeni həkim məntəqəsinin tikilməsi” layihəsinin layihə rəhbəri Təranə Kərimova, Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək
İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov Qazax Rayon İcra
Hakimiyyətində rayon
rəhbərliyi ilə görüşblər. Sonra
rayonla yaxından tanış olan yaponiyalı diplomat yeni həkim məntəqəsində yaradılan şəraitlə tanış olub. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyinin Gəncə filialının rəhbəri, tibb üzrə fəlsəfə doktoru Azər Dəmirov, Qazax Rayon Mərkəzi
Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova və digər qonaqlar
yaponiyalı diplomatla birlikdə yeni həkim məntəqəsinə baxış keçiriblər. Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək
İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının
bariz nümunəsi olaraq tikilən həkim məntəqəsi barədə məlumat verərək
bildirib ki, inzibati binanın ümumi sahəsi 120 kv.m-dir. Baş həkim, ailə həkimi
ilk yardım, ginekoloq, peyvənd, pediatr olmaqla, 5 otaqdan ibarət olan
məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət
göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən
istilik sistemi ilə təchiz edilib, sanitar qovşağı yaradılıb,
avadanlıqlarla təmin olunub. Eyni zamanda, ölkə Prezidenti İlham Əliyevin Qazax
rayonuna səfərlərini, Yaponiya-Azərbaycan dostluğu əsasında Qazaxda inşa olunan
həkim məntəqələrinin açılışlarını özündə əks etdirən fotoşəkillərdən ibarət
guşə yaradıldığını qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Çaylı kəndində tikilən yeni həkim məntəqəsinin
istifadəyə verilməsi münasibətilə məntəqədə çalışan tibb işçilərini, kənd
sakinlərini təbrik edib. Qazaxda
tikilən yeni həkim məntəqəsinə görə rayon ictimaiyyətinin, ziyalıların adından
Yaponiya dövlətinə və səfirinə, layihə rəhbərlərinə minnətdarlığını çatdırıb və
əməkdaşlığın bundan sonra da davam etdirilməsini arzulayıb. Bu gün yüz minə
yaxın əhalisi olan Qazaxda Rayon Mərkəzi Xəstəxanasının, Müalicə Diaqnostika
Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən icra başçısı kəndlərdə belə
məntəqələrin tikilməsinin xüsusi yeri olduğunu vurğulayıb. Yaponiya-Azərbaycan
dostluğunun bariz nümunəsi olaraq tikilən bu həkim məntəqəsinin Çaylı və Bala
Çaylı kəndləri ilə yanaşı, sərhəd kəndlərin sakinlərinə də xidmət göstərəcəyini
bildirən rayon rəhbəri bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib. Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli
səfiri Vada Cüniçi çıxış
edərək tibb işçilərini salamlayıb və yeni həkim məntəqəsinin istifadəyə
verilməsi münasibətilə təbrik edib. Qazax rayonuna ilk dəfə səfər etdiyini
bildirən səfir Yaponiya Hökumətinin Azərbaycan Respublikasının davamlı
inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Bu günə
kimi Qazaxda bu layihə də daxil olmaqla, 4 layihənin icra edildiyini bildirib.
2010-cu ildə rayonun Məzəm kəndində su təchizatı sisteminin tikintisi, 2015-ci
ildə Daş Salahlı kəndində, 2018-ci ildə Yuxarı Salahlı kəndində həkim
məntəqəsinin tikintisi ilə bağlı layihələrin uğurla icra olunduğunu diqqətə çatdırıb.
Yaponiya Hökumətinin maliyyə dəstəyi ilə imzalanmış "Qazax rayonunun Çaylı
kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin uğurla icra edilməsindən söz
açıb və görülmüş işləri yüksək qiymətləndirib. Bu layihənin Yaponiya ilə
Azərbaycan arasında dostluq və əməkdaşlıq hədiyyəsi kimi yapon xalqından qrand
yardımı əsasında reallaşdığını bildirib. Yapon xalqından Qazax sakinlərinə
hədiyyə kimi dəyərləndirib. Azərbaycan ilə Yaponiya dövləti arasında dostluq
əlaqələrinin hələ min il əvvələ söykəndiyini bildirən səfir iki ölkə arasında
mövcud olan sosial-iqtisadi, elm, təhsil, səhiyyə sahəsindəki əlaqələrdən danışıb,
gələcəkdə də bu əlaqələrin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə
böyük ehtiyac olduğunu bildirib. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda
Məmmədova çıxış
edərək qonaqları salamlayıb, Yaponiya ilə Azərbaycan arasındakı səmimi
münasibətdən, dostluq əlaqələrindən söz açıb. Çaylı kəndində inşa olunmuş bu
məntəqənin ümumilikdə 16 mindən çox sakinə xidmət göstərəcəyini bildirib və
kollektivə bu istiqamətdə uğurlar arzulayıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Gəncə
filialının rəhbəri, tibb üzrə fəlsəfə doktoru Azər Dəmirov çıxış edərək Qazax rayonunun Çaylı kəndində
yeni həkim məntəqəsinin tikintisinə görə Agentliyin adından təşəkkürünü
çatdırıb. Çaylı kənd sakini
Yasin Əkbərov çıxış edərək bildirib ki, Çaylı kəndində
yeni həkim məntəqəsinin istifadəyə verilməsi bütün rayon ictimaiyyəti, kənd
sakinləri üçün olduqca əlamətdar hadisədir. Yaponiya ilə ölkəmiz arasındakı əlaqələrin
dərin köklərə malik olduğunu qeyd edən natiq Respublika Prezidenti İlham
Əliyevin iki ölkə arasında olan bu səmimi münasibətə böyük önəm verdiyini qeyd
edib. Qərbin qapısı sayılan Qazaxda yeni həkim məntəqəsinin tikintisinə görə kənd
sakinləri adından minnətdarlığını ifadə edib, həmin məntəqənin Yaponiya ilə Azərbaycan
arasında olan dostluğun və əməkdaşlığın əyani sübutu kimi dəyərləndirib.
Facebook-da paylaş